Ermənistanda aclar ordusu yaranır
BR>Həyata keçirdiyi işğalçılıq siyasəti üzündən iqtisadiyyatı daha ağır duruma düşən Ermənistan əhalisinin böyük bir hissəsi aclıqla üzləşib. BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının hesabatında bildirilir ki, Ermənistanda ac qalan və ya doyunca yemək tapa bilməyən şəxslərin sayı ümumi ölkə əhalisinin 19-20 faizini təşkil edir.
Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin rəhbəri, politoloq Mübariz Əhmədoğlu "Səs" qəzetinə verdiyi açıqlamasında istər FAO-nun, istərsə də digər araşdırmalar mərkəzlərinin verdiyi məlumatlar barədə fikirlərini bildirdi. M.Əhmədoğlu onu da vurğuladı ki, aparılan araşdırmaların nəticələrinə görə, əhalinin ərzaqla təminatında Cənubi Qafqaz üzrə ən yaxşı göstərici Azərbaycandır. Politoloq ən acınacaqlı vəziyyətin Ermənistanda qeydə alındığını söylədi: "FAO-nun apardığı araşdırmalara görə, 1990-1992-ci illərdə Ermənistanda ac qalanların sayı 1,6 milyon, 1995-1997-ci illərdə 1,1 milyon, 2003-2005-ci illərdə 0,6 milyon nəfər təşkil edib. Cari il ərzində də Ermənistanda böyük aclar ordusu yaranıb. Yerli erməni tədqiqatçılarının araşdırmaları ölkədəki acların sayının FAO-nun rəqəmlərindən daha artıq olduğunu göstərir. Bu faktı erməni iqtisadçı-ekspert Samvel Kirokasyan isə bildirir ki, əslində, əhalinin yarıdan çoxu aclıqdan əziyyət çəkir. Erməni ekspertin sözlərinə görə, "Ermənistanda əhalinin sayı rəsmi məlumatlarda 3 milyona yaxın olsa da, əhalinin bəlkə də 1 milyondan çoxu Ermənistanı tərk edərək, iş dalınca xarici ölkələrə gedir. Bu proses indi daha böyük sürətlə davam edir. Ölkədə 1,8 milyona yaxın adam qalıb. Onun da yarısı aclıqdan əziyyət çəkir".
M.Əhmədoğlu Ermənistanda ac əhalinin sayının 1 milyondan çox olduğunu qeyd edərək, bildirdi ki, əgər 2009-cu ildə işğalçı ölkədə ac qalanların sayı 1 milyon 200 min nəfərə yaxın idisə, 2010-cu ildə bu rəqəmin 1 milyon 500 minə çatacağı gözlənilir. Bunun əsas səbəblərindən biri də xaricdən Ermənistana 2010-cu ildə köçürüləcək pulların məbləğində böyük miqdarda azalmaların olacağı ilə bağlıdır. Artıq ABŞ-ın "Minilliyin Çağırışı" Korporasiyasının Ermənistana gələn il üçün nəzərdə tutulan maliyyə yardımını dayandırmaq istəyi indidən bu ölkədə böyük həyəcanla qarşılanıb. Korporasiya bu ilin martın 1-də Ermənistan müxalifətçilərinin keçirdiyi mitinqin hakimiyyət tərəfindən vəhşicəsinə dağıdılmasından sonra belə bir addım atacağına dair rəsmi Yerevana xəbərdarlıq göndərib. İndi də bu ölkədə demokratiyanın durumunun narahatlıq yaratdığını bildirən "Minilliyin Çağırışı" Korporasiyasının İdarə Şurası Ermənistana 6,8 milyon dollarlıq maliyyə yardımının verilməsini qeyri-müəyyən müddətə təxirə salıb. Ermənistanla "Minillyin Çağırışı" Korporasiyası arasında 27 mart 2006-cı il tarixdə imzalanmış müqaviləyə əsasən, 5 il ərzində korporasiya bu ölkəyə 235,65 milyon dollar maliyyə yardımı ayırmalıdır. Göstərilən həcmdə maliyyə vəsaiti Ermənistanda süni suvarma sisteminin və ictimai yolların bərpa edilməsi üçün nəzərdə tutulsa da, Yerevan hakimiyyəti indiyə qədər korporasiyadan aldığı pulları iqtisadi ehtiyaclarının ödənilməsinə və dövlət büdcəsinin formalaşmasına yönəldib.
M.Əhmədoğlu onu da bildirdi ki, xaricdən gələn ianələr hesabına yaşayan erməni əyalətlərində qida çatışmazlığından ölüm hallarının sayı artır. Ən böyük fəlakətin isə hazırda Ermənistanın mərkəzdən uzaq regionlarında yaşanılmasıdır: "Ermənistan Milli Konqresi isə bildirir ki, gələn il ölkədə işsizlik səviyyəsinin artmasının qaçılmaz olması paytaxtın və digər iri şəhərlərin vəziyyətini regionlardakı kimi bərbad hala salacaq. Ölkədə sosial durumu araşdıran erməni qeyri-hökumət təşkilatlarının məlumatına görə, Ermənistanda, xüsusən də, paytaxt Yerevanda son iki ildə əhalinin məşğulluq səviyyəsi xeyli dərəcədə aşağı düşüb. Növbəti illər ərzində də məşğulluq səviyyəsinin azalmasının artan temp üzrə inkişaf edəcəyi bildirilir. Belə vəziyyətin artıq Ermənistanın bir dövlət kimi çökməkdə olduğunu göstərir".
M.Əhmədoğlu Ermənistan ordusunu vəziyyətilə bağlı aparılan araşdırmalar barədə məlumat verdi. Bildirdi ki, Londonda yerləşən Beynəlxalq Strateji Araşdırmalar İnstitutu dünya ölkələrinin hərbi potensialını qiymətləndirən illik hesabatını açıqlayıb: "Hesabat 170 ölkəni əhatə edir. Hesabatda Azərbaycan və Ermənistanın da orduları haqda məlumatlar yer alıb. Hesabatda deyilir ki, Azərbaycanın təxminən 67 min nəfərlik ordusu var. Ermənistan ordusu bundan təxminən 35 faiz azdı - 42 min nəfər. Ehtiyat qüvvələrinin sayına görə də Azərbaycanın imkanları Ermənistandan genişdi. Azərbaycanın səfərbər etməyə 300 min, Ermənistanın isə təxminən 200 min qüvvəsi var. Hər iki ordunun silahlarının əksəriyyəti Rusiya istehsalıdı. Azərbaycanın tankları və BTR-ləri Ermənistandan 3 dəfə çoxdu. Azərbaycanın 320 tankı və 470-ə yaxın "BTR"-i var. "BMP"-lərə gəldikdə isə, qüvvələr arasında fərq böyük deyil - Azərbaycanın 127, Ermənistanın isə 104 "BMP"-si var. Hesabata görə, Azərbaycanın 47 döyüş qabiliyyətli təyyarəsi var. Ermənistanın döyüş qabiliyyətli təyyarələrinin sayı bundan 3 dəfə azdır. Hər iki tərəfdə, əsasən, Miq-25, Su-24 və Su-25 təyyarələridir. Bundan başqa, Azərbaycanın 6 müasir pilotsuz uçuş aparatı var - "Aerostar" və "Orbiter". Ermənistanda belə pilotsuz uçuş aparatları yoxdu. Raket qurğularına gəldikdə, hər iki tərəfdə arsenalın çoxunu "Qrad" qurğuları təşkil edir, amma Azərbaycan 12 ədəd daha müasir "Smerç" qurğularına da malikdir. Həmin qurğular 1989-cu ildə sovet ordusunun istifadəsinə verilib. Tank əleyhinə silahlara gəldikdə, hesabata görə, burada Azərbaycanın arsenalı Ermənistandan təxminən 10 dəfə çoxdur".
Bu gün Ermənistan ordusunun acınacaqlı vəziyyətdə olduğunu söyləyən politoloq onu da bildirdi ki, düşmən ölkənin müdafiə sistemində mövcud vəziyyət son dövrlər daha acınacaqlı şəkil alıb. Təkcə onu demək kifayətdir ki, Ermənistan silahlı qüvvələrində baş verən fərarilik, ölüm, döyülmə, rüşvətalma, intihar və digər hərbi cinayətlərin sayı 2007-ci illə müqayisədə 2008-ci ildə 26 faiz artıb. Qondarma Qarabağ ordusunda cari il ərzində 2150 hadisə baş verib. Bunların 816-sı qəza, 1245-i cinayət xarakterli, 89-u isə qarşı tərəfdən açılan atəş tərəfindən baş vermiş hadisədir. Nəticədə 17 ölüm, 73 orta və ağır yaralanma faktı qeydə alınıb. 2150 cinayət hadisəsindən 924-ü yüngül, 321-i isə ağır cinayət tərkibli olub.
M.Əhmədoğlu son dövrlər Ermənistan ordusunda xidmət edən əsgərlərin könüllü şəkildə Azərbaycan tərəfinə keçməsi hallarının artmasının işğalçı dövlətdə ciddi narahatlığa səbəb oluğunu da söylədi. Aparılan araşdırmalar da onu göstərir ki, cari il ərzində bu cür hallar daha çox olacaq. Bu faktların olması isə ordunun mənəvi durumunun kifayət qədər acınacaqlı olduğunu göstərməklə yanaşı, silahlı qüvvələrdə yaranan problemlərin miqyasının daha da genişlənməsindən xəbər verir: "Ayk" qəzetinin yazdığına görə, ölkədə yaranan iqtisadi çətinlik, korrupsiyanın miqyasının genişlənməsi, həmçinin, ordu rəhbərliyinin tabeliyində olanlara laqeyd münasibəti silahlı qüvvələrin döyüş qabiliyyətini xeyli azaldıb. Qəzet Dağlıq Qarabağ münaqişəsinin yenidən hərbi müstəviyə keçəcəyi təqdirdə, vəziyyətin Ermənistan üçün kifayət qədər acınacaqlı olacağını da xüsusi vurğulayır. Erməni hüquq müdafiəçisi Jora Xaçatryan isə bildirir ki, ordu rəhbərliyi əsgərlərin könüllü şəkildə Azərbaycan tərəfinə keçməsi hallarının çoxalmasına aydınlıq gətirməlidir. Onun sözlərinə görə, vəziyyət belə davam edərsə, Azərbaycana könüllü təslim olan erməni əsgərlərinin sayının bir qədər çoxalacağı şübhə doğurmur. "Bizim orduda işgəncə hallarının geniş yayılması sirr deyil. Lakin insan haqlarının pozulmasına görə rəhbərlik heç bir tədbir görmür. Ona görə də ordudan yayınma halları artır". Həqiqətən də, proseslərin gedişi göstərir ki, son dövrlər erməni əsgərlərinin könüllü olaraq Azərbaycan Ordusuna əsir düşməsi halları intensivləşib. Orduda yaranan belə acınacaqlı vəziyyətdən qorxuya düşən valideynlər indi müxtəlif üsullarla övladlarını hərbi xidmətdən yayındırmağa üstünlük verirlər. Ən geniş yayılmış üsul isə erməni gənclərinin hərbi çağırış yaşına çatmağa az qalmış xarici ölkələrdən birinə, əsasən də, Rusiyaya göndərilməsidir. Bu da Ermənistan ordusunun insan resursu baxımından ciddi problemlər yaşamasına təkan verib. Belə bir ordunun isə Dağlıq Qarabağ münaqişəsi hərbi müstəviyə keçəcəyi təqdirdə, Azərbaycan Silahlı Qüvvələrinin ilk həmləsində darmadağın olacağı heç bir şübhə doğurmur. Görünür, elə bu səbəbdəndir ki, indi Ermənistan rəhbərliyi hər vəchlə münaqişənin həlli ilə bağlı aparılan danışıqlar prosesinin uzadılmasına çalışır"-deyə J.Xaçaturyan bildirir.