"Gənc liderlər üçün Qış Universiteti"nin açılışı oldu
Dünən Gənclər və İdman Nazirliyi və "İrəli" İctimai Birliyinin təşkilatçılığı ilə Oğuz rayonununda olan "Afra" otelində "Gənc liderlər üçün Qış Universiteti"nin açılış mərasimi keçirildi. Fevralın 10-na qədər davam edəcək "Qış Universiteti"nə müxtəlif qurum və təşkilatları, sosial təbəqələri təmsil edən 100 gənc qatılıb.
Mərasimdə çıxış edən Oğuz rayon icra hakimiyyətinin başçısı Aydın Əlihüseynov gənclərin bu cür tədbirlərdə iştirakının əhəmiyyətini vurğuladı. A.Əlihüseynov qeyd etdi ki, gənclər cəmiyyətimizin fəal təbəqəsi olmaqla yanaşı, həm də ölkənin ictimai-siyasi həyatında aktiv iştirak edən qüvvədir. Məhz bu baxımdan da, belə tədbirlərin keçirilməsinin müsbət əhəmiyyəti var.
"İrəli" İctimai Birliyinin sədri Ceyhun Osmanlı isə bildirdi ki, belə tədbirlər gənclərdə bölgələr haqqında düzgün dünyagörüşün formalaşdırılmasına imkan yaradır. "Qış Universiteti"nin əhəmiyyətindən danışan C.Osmanlı onu da söylədi ki, gənclər fəallığına, bilik və bacarıqlarına görə seçilib.
Görüşdə çıxış edən millət vəkili Eyvaz Qurbanov çıxışında gənclərə uğurlar arzuladı və onları gənclər günü münasibətilə təbrik etdi. Tədbirin sonunda görüş iştirakçılarının sualları cavablandırıldı.
Görüşün sonunda gənclər "Uğur", "Tərəqqi", "Etimad" və "İnkişaf" adlı qruplara bölündülər. Qeyd edək ki, həmin qruplar gənc liderlər üçün natiqlik, liderlik, idarəetmə, biznes, informasiya texnologiyalarının önəmi, xarici siyasət, qanunvericilik, Azərbaycanda yeni dövrün prioritetləri, siyasi fəlsəfə, siyasi antropologiya, demokratikləşmə, Azərbaycanda gənclər siyasəti, vətəndaş cəmiyyəti, KİV sektorunda müasir tendensiyalar, azərbaycançılıq fəlsəfəsi ilə bağlı müzakirələr aparacaqlar.