Silahlı Qüvvələrimiz etimadı doğruldur
Azərbaycan Respublikasının siyasi və iqtisadi arenada əldə etdiyi uğurlar bu gün özünü hər şeydən çox ordu quruculuğu sahəsində qabarıq göstərməkdədir. Silahlı qüvvələrimizin, xüsusilə, beynəlxalq aləmdə qazandığı nüfuz ötən illərlə müqayisədə xeyli yüksəlmişdir. İlk növbədə, onu demək lazımdır ki, ordumuzun nümayəndələri NATO-nun "Sülh Naminə Tərəfdaşlıq" Proqramı çərçivəsində keçirilən bütün tədbirlərdə uğurla iştirak edirlər. Azərbaycanın müvafiq proqram çərçivəsində həyata keçirdiyi siyasət respublikanın müdafiə qabiliyyətinin möhkəmləndirilməsi yolunda NATO dövlətləri və digər tərəfdaş ölkələrin silahlı qüvvələri ilə müxtəlif sahələrdə beynəlxalq əlaqə və əməkdaşlığın genişləndirilməsinə böyük imkan yaratmışdır. Azərbaycan Respublikası ilə NATO arasında əməkdaşlığın hər iki tərəfin ali rəhbərliyi səviyyəsində uğurla davam etdirilməsi, xüsusilə, qeyd olunmalıdır.
Silahlı Qüvvələrimiz beynəlxalq sülhyaratma əməliyyatlarında da ölkəmizi layiqincə təmsil edir. 1997-ci ildə PARP Proqramı çərçivəsində Azərbaycan Respublikası Silahlı Qüvvələrinin sülhməramlı bölüyü yaradılmış, sonradan bu bölük böyüdülərək, tabor statusunu qazanmışdır. Sülhməramlılarımız 1999-cu ilin sentyabrından Kosovoda, 2002-ci ilin noyabrından Əfqanıstanda, 2003-cü ilin avqustundan isə İraqda sülhməramlı missiyanı uğurla yerinə yetirməyə başlamışdır. Bu mənada, NATO-nun Baş Katibi Yaap do Hoop Sxefferin Azərbaycanı bu gün artıq dünyada təhlükəsizliyin ixracatçısı sayılan bir dövlət kimi xarakterizə etməsi, sülhməramlılarımız haqqında yüksək fikirlər söyləməsi, Azərbaycanın Alyansla mövcud əməkdaşlığından məmnun qaldığını bildirməsi təsadüfi xarakter daşımır. Sülhməramlılarımızın ondan çox əsgər və zabitinin xidmətdə qazandığı uğurlara görə, orden və medallarla təltif olunması dediklərimizə əyani sübutdur. Bu təltiflərin arasında "ABŞ Hərbi Dəniz Qüvvələri və Dəniz Piyadalarının Nailiyyət medalı" xüsusi yer tutur. Ümumiyyətlə, indiyədək Müdafiə Nazirliyinin ünvanına sülhməramlılarımızın fəaliyyəti ilə əlaqədar daxil olan təşəkkür məktublarında, bir qayda olaraq, Azərbaycan hərbçilərinin yüksək nizam-intizamından, peşəkarlığından və cəsurluğundan söhbət açılır.
Azərbaycan NATO və tərəfdaş ölkələrlə hərbi sahədə ikitərəfli əlaqələr qurmuş, Türkiyə, ABŞ, Rusiya, Ukrayna, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Rumıniya, Bolqarıstan, Böyük Britaniya və s. ilə müxtəlif sənədlər imzalamışdır. Ölkə Prezidentinin müvafiq fərmanları ilə bir sıra dövlətlərdə hərbi attaşeliklərimiz, Avstriya və NATO-dakı missiyamızda isə hərbi nümayəndəliyimiz təsis edilmişdir. Təsadüfi deyil ki, NATO Baş Katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Robert Simmons vaxtilə Bakıda olarkən bir daha vurğulamışdır ki, Azərbaycan NATO ilə əməkdaşlıq sahəsində üzərinə götürdüyü öhdəlikləri tam yerinə yetirir. 2006-cı ildən Azərbaycan hökumətinin NATO ilə Hərbi Əməkdaşlıq Proqramı çərçivəsində qəbul etdiyi öhdəliklərlə bağlı tədbirlərin davamı olaraq, ordumuzdakı birləşmə və hərbi hissələrin təşkilat-ştat strukturu NATO standartlarına uyğunlaşdırılmışdır. Buna müvafiq olaraq Çavuş Hazırlığı Məktəbi, Sülh Naminə Tərəfdaşlıq Mərkəzi, Simulyasiya Mərkəzi, kompüterləşdirilmiş və lazer sistemli poliqonlar yaradılmışdır. Hərbi Dəniz Qüvvələrinə məxsus gəmilərin və hərbi aerodromların müasir standartlara uyğunlaşdırılması işi uğurla davam etdirilir. NATO qüvvələri ilə uyarlığını təmin edilməsi məqsədilə Silahlı Qüvvələrimizin tərkibində bir mobil tabor və bir bölük yaradılmışdır.
Hazırda ölkəmiz dünyanın 50-yə yaxın dövləti ilə hərbi sahədə əlaqələr yaradıb. Təqribən 20 ölkə ilə, o cümlədən, 9 NATO dövləti ilə ikitərəfli yüzədək müqavilə, saziş, memorondum və protokol imzalamışdır. Silahlı Qüvvələrimizin hər il iki minədək nümayəndəsi xaricdə və Azərbaycanda keçirilən beynəlxalq səviyyəli tədbirlərdə uğurla iştirak edir. Bununla yanaşı, NATO qərargahında da zabitlərimiz Azərbaycanı layiqincə təmsil edirlər.
Ordu quruculuğu sahəsində aparılan islahatların müasir tələblərə cavab verməsini təmin etmək məqsədilə son bir neçə ildə hərbi qulluqçularımıza geniş yaşayış sahəsinə malik yüzlərlə mənzillərin orderləri paylanmış, onların aylıq vəzifə maaşları dəfələrlə artırılmışdır. 2006-cı ildə Mərkəzi Hərbi Klinik Hospitalın Cərrahiyyə korpusunun təntənəli açılış mərasimi ordumuzun həyatında əlamətdar bir hadisə kimi qalmışdır. MDB məkanında analoqu olmayan bu 300 çarpayılıq cərrahiyyə korpusu altı mərtəbədən, 26 bölmədən və çoxsaylı yardımçı otaqlardan ibarətdir. Korpusun 11 cərrahiyyə otağında 14 izləyici kamera quraşdırılıb. Müəssisənin hər cür tibbi avadanlıqla təchiz olunmuş 7 böyük, 4 kiçik tutumlu universal təcili yardım maşını vardır.
Hərbi qulluqçuların və onların ailə üzvlərinin mədəni istirahətinin daha yüksək səviyyədə təşkili də daim diqqət mərkəzində saxlanılır. Goradildə istifadəyə verilmiş zabitlərin istirahət evi günün tələbləri səviyyəsində inşa olunmuşdur.
Son illər ordumuzun həyatında baş verən ən böyük irəliləyişlərdən biri də təlim-tədris sahəsində həyata keçirilmiş islahatlardır. Silahlı Qüvvələrin təhsil ocaqlarının müasir standartlara uyğun yeni proqramla hazırlanmış məzunlarının buraxılışı əsas komanda-qərargah vəzifələrinə fiziki və psixoloji cəhətdən hazırlıqlı peşəkar zabitlərin təyin olunmasına real şərait yaratmışdır. Yeri gəlmişkən, Qaraheybət hərbi şəhərciyində hərbçilərin ixtiyarına verilmiş ümumqoşun təlim mərkəzi beynəlxalq standartlara uyğun şəkildə yenidən qurulmuşdur.
Azərbaycanın gündən-günə inkişaf edən iqtisadiyyatının, ilk növbədə, ordu quruculuğu sahəsində özünü qabarıq göstərməsi, ümumiyyətlə, bu sahənin prioritet elan olunması Qarabağ probleminin həllində dövlət rəhbərliyinin tutduğu prinsipial mövqeyə söykənir. Müqayisə üçün təkcə onu demək kifayətdir ki, əgər 2003-cü ildə Azərbaycanda hərbi xərclərə 135 milyon dollar ayrılırdısa, 2007-ci ildə bu məbləğ bir milyard dollara çatıb. Bu isə orduya aid xərclərin təxminən 8 dəfə artırılması deməkdir. Silahlı Qüvvələrimizin Ali Baş Komandanı cənab İlham Əliyev, mütəmadi olaraq, cəbhə bölgələrinə səfər edir, səngərdə Vətənin keşiyində duran əsgər və zabitlərlə maraqlanır, onların hərbi xidmət şəraiti ilə yerindəcə tanış olur, xidmətdə fərqlənən hərbi qulluqçuları orden və medallarla, o cümlədən, qiymətli hədiyyələrlə şəxsən mükafatlandırır. Bu isə, ilk növbədə, dövlət rəhbərinin ordumuza inam və etimadının təcəssümüdür. Elə ona görə də, Silahlı Qüvvələrimizin hər bir üzvü üzərinə düşən vəzifənin məsuliyyətini dərindən dərk edir, Ali Baş Komandanın bütün tələb və tövsiyələrini yüksək səviyyədə yerinə yetirməyə çalışır. Şübhə yoxdur ki, əsgər və zabitlərimiz göstərilən diqqət və qayğıya bundan sonra da layiqincə cavab verəcək, yüksək döyüş hazırlığına yiyələnəcək və ölkəmizin ərazi bütövlüyünün bərpası yolunda son nəfəsinədək inamla mübarizə aparacaq.