PDF Oxu

Sosial

  • 24

“Aztelekom” İB-də 2 Fevral Gənclər Günü qeyd olundu

“Aztelekom” İB-də 2 Fevral Gənclər Günü qeyd olundu
Dünən "Aztelekom" İstehsalat Birliyinin akt zalında 2 Fevral Gəncləri Günü qeyd olundu. Tədbiri giriş sözü ilə "Aztelekom" İB-in baş direktoru Məhəmməd Məmmədov açaraq, gəncləri bayram münasibəti ilə təbrik etdi.
M.Məmmədov dövlət gənclər siyasətinin uğurlarından, gənclərin ölkəmizin ictimai-siyasi, sosial-iqtisadi həyatında fəal iştirakından, beynəlxalq tədbirlərdə, möhtəşəm idman yarışlarında Azərbaycanı layiqincə təmsil etdiklərindən danışdı. O, qeyd etdi ki, Azərbaycan gənclərinin qazandıqları nailiyyətlər, onlara göstərilən dövlət qayğısı milli-mənəvi dəyərlərin qorunması, Azərbaycan həqiqətlərinin dünya dövlətlərinə çatdırılması istiqamətlərində gənclərimizə fəallıq  nümayiş etdirməyə imkan verir.
Tədbirdə "Aztelekom" İB-in Gənclər Təşkilatının sədri Vüsalə Niftəliyeva çıxış edərək, rəhbərlik etdiyi təşkilatın fəaliyyəti barədə qısa hesabat verdi. V.Niftəliyeva bildirdi ki, 2 fevral tarixinin Azərbaycan gəncləri üçün böyük önəmi var: "1996-cı il fevralın 2-də Azərbaycan gənclərinin I Forumu keçirildi. Bu, ölkədə gənclər hərəkatının vüsət almasına təkan verdi. Tədbir ümummilli liderimiz Heydər Əliyevin təşəbbüsü ilə keçirildi. Həmin günün əhəmiyyətini nəzərə alaraq, ümummilli liderimiz 2 fevral tarixini Gənclər Günü kimi elan edərək, müasir Azərbaycan tarixinə yazdı".
Tədbirdə Yeni Azərbaycan Partiyasının Gənclər Birliyinin sədr müavini Bəxtiyar Ələsgərov, Yasamal rayon Gənclər və İdman İdarəsinin rəisi İlham Səfərov, YAP Yasamal rayon təşkilatının gənclər  birliyinin sədr müavini Sadiq Hacıyev çıxış edərək, ulu öndər Heydər Əliyevin hakimiyyətdə olduğu dövrdə də, indi də gənclər siyasətinə xüsusi diqqət yetirildiyini, Azərbaycan gənclərinin ölkənin ictimai-siyasi proseslərdə həmişə fəal iştirak etdiklərini bildirdilər.
Çıxışlarda da, xüsusilə, vurğulandı ki, ulu öndərimiz Heydər Əliyevin nurlu ideyalarına sadiq olan və onlardan bəhrələnən Azərbaycan gəncləri Prezident İlham Əliyev ətrafında sıx birləşərək, Vətənimizin tərəqqisi naminə var qüvvə ilə çalışırlar.
Tədbir "Aztelekom" İstehsalat Birliyinin 2009-cu ildə əldə etdiyi nailiyyətlərdə xüsusi əməyi olan, ictimai işlərdə fərqlənən gənclərin fəxri fərmanla təltif olunaraq, qiymətli hədiyyələrlə mükafatlandırılması ilə yekunlaşdı.

Digər xəbərlər