PDF Oxu

Sosial

  • 10

Azərbaycan və Türkiyə arasında hərbi müttəfiqliyin yaranması mümkündürmü?

Azərbaycan və Türkiyə arasında hərbi müttəfiqliyin yaranması mümkündürmü?
Azərbaycan və Türkiyə arasında, bütün sahələrdə olduğu kimi, müdafiə sənayesi və hərbi sahədə də əməkdaşlıq yüksək səviyyədə qurulmaqdadır. Müstəqilliyin ilk illərində qurulmağa başlayan bu əlaqələr son illərdə daha da aktivləşməyə başlamışdır. Siyasi və strateji müttəfiqlik çərçivəsində qurulan bu əlaqələr Azərbaycan hərb sənətinin daha da təkmilləşməsinə yardım göstərir. Müharibə vəziyyətində yaşayan Azərbaycan üçün belə bir hərbi əməkdaşlığın qurulması vacibdir və yüksək dərəcədə əhəmiyyətlidir.
Regionda gedən proseslərdə fəal iştirak edən Azərbaycan və Türkiyə dövlətlərinin mövqelərinin üst-üstə düşməsi və Türkiyənin hər bir zaman Azərbaycanı və onun haqq işini müdafiə etməsi hərbi əməkdaşlığı da yüksək səviyyəyə qaldırmışdır. Bunu iki ölkə arasında müxtəlif illərdə imzalanmış müqavilələr bir daha bunu sübut etmiş olur. Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında təmənnasız hərbi yardım haqqında müqavilələr (2001-2007), Azərbaycan Respublikası Müdafiə Nazirliyi və Türkiyə Respublikası Baş Qərargahı arasında hərbi kəşfiyyat sahəsində əməkdaşlıq haqqında protokol (2003) və müxtəlif illərdə imzalanmış bu kimi müqavilələr mövcuddur.
Azərbaycan və Türkiyə arasında geniş səviyyəli hərbi əməkdaşlığın olmasına baxmayaraq, ölkələr arasında hərbi müttəfiqlik hələ də yoxdur. Belə bir hərbi müttəfiqliyin olması mövzusu isə regionda gedən proseslərin fonunda daha da aktivləşir. Azərbaycanın müharibə vəziyyətində olduğu Ermənistanın Rusiya ilə hərbi müttəfiqliyə dair müqaviləsi var. Bu müqavilə dövlətlərin birinə qarşı hərbi müdaxilənin olacağı təqdirdə, digəri ona hərbi cəhətdən yardım göstərəcəyini də təsdiq edir. Belə bir müqavilənin olmasını nəzərə alsaq, onda Azərbaycan və Türkiyə arasında hərbi müttəfiqliyin yaranmasının zəruriliyi daha çox gündəmə gəlmiş olur. Lakin bu müqavilənin imzalanması tərəflər üçün sərfəlidirmi? Müqavilənin imzalanmasının qarşısında hansı maneələr durur və tərəflər buna hazırdırmı? Bu kimi suallar Azərbaycan və Türkiyə arasında hərbi müttəfiqliyin yaranması üçün əhəmiyyətli dərəcədə cavabları tapılmalı olan suallardır. Bu suallara aydınlıq gətirmək üçün politoloq Elman Nəsirova müraciət etdik.
- Bildiyiniz kimi, Rusiya və Ermənistan KTMT-nin üzvüdür. Bu təşkilatın da nizamnaməsi eynilə NATO-nun nizamnaməsi kimidir. Burada göstərilir ki, təşkilata üzv ölkələrdən birinə hücum bütün digər dövlətlərə hücum kimi qiymətləndirilir və bundan irəli gələn tədbirlər görülür. Əvvəla, bir məsələyə aydınlıq gətirmək istərdim ki, bu da vacib məqamlardan biridir. Azərbaycan dövləti Ermənistana hücum etməyib və belə bir niyyəti də yoxdur ki, KTMT-nin nizamnəməsinin müvafiq maddəsi işə düşsün və Ermənistanın müdafiəsinə qalxsın. Azərbaycan özünün əbədi və əzəli torpaqları olan Dağlıq Qarabağla bağlı suveren hüququnu və ərazi bütövlüyünü təmin etmək istəyir. Biz hərbi əməliyyatlar keçirəndə də, bunu Dağlıq Qarabağ ərazisində gerçəkləşdirəcəyik.
Bəli, Rusiya ilə Ermənistan həm KTMT çərçivəsində müttəfiqdirlər, həm də bu dövlətlər arasında havadan birgə müdafiə haqqında da sənəd imzalanıb. Bəs Türkiyə ilə Azərbaycan arasında hərbi əməkdaşlığı qəlizləşdirən məqam nə ilə bağlıdır? Bu gün Azərbaycan Türkiyə ilə hərbi əməkdaşlığı genişləndirə bilər. Lakin hərbi müttəfiqlik müqaviləsinin bağlanmasına bəzi amillər mane olur. Bu da onunla bağlıdır ki, əgər hərbi müttəfiqlik müqaviləsi imzalanarsa, onda müqavilə tərəflərinin hər hansı birinə hücum olarsa, digər dövlətin artıq öz müttəfiqini müdafiə etməsi onun müttəfiqlik borcudur. Belə olan halda, Azərbaycanla Ermənistanın müharibəsi başlanacağı təqdirdə, təbii ki, Türkiyə eyni zamanda hərbi qüvvələrlə, silahlı qüvvələrlə Azərbaycanı, Rusiya isə Ermənistanı müdafiə etməlidir. Nəticə etibarilə, Rusiya ilə Türkiyə arasında avtomatik bir qarşıdurma yaranır. Türkiyə isə NATO-nun üzvüdür. Ona görə də NATO ölkələri Türkiyənin müdafiəsinə qalxmalıdır. Mənə elə gəlir ki, indiki vəziyyətdə ən ağıllı variant ondan ibarətdir ki, məsələni çox da hüquqi səviyyəyə qaldırmadan yoluna qoyaq. Dünya səviyyəsində də belə bir təcrübə vardır. Təsəvvür edin ki, ABŞ İsrailin dünyada ən yaxın əməkdaşıdır. Amma ortada heç bir sənəd yoxdur ki, ABŞ-la İsrailin müttəfiqliyini sübut etsin. Amma buna baxmayaraq, ABŞ İsrailə istənilən səviyyədə yardım göndərir və özünü heç bir sənədlə məhdudlaşdırmayıb. Bu baxımdan, hesab edirəm ki, Azərbaycanla Türkiyə arasında sənədin olmasının problemlərini nəzərə alıb, bunu sənədsiz şəkildə etmək olar. Yəni, bütün dünyaya reklam etmədən, dünyanın diqqətini buna cəlb etmədən həyata keçirmək olar. Nəinki nümayişkaranə şəkildə Azərbaycan və Türkiyə arasında müqavilələr imzalansın. Mənə elə gəlir ki, indiki reallıqlar fonunda bu, daha az real görünür. ABŞ ilə İsrail münasibətlərinə oxşar addım atmaq daha faydalı olar.

Digər xəbərlər