PDF Oxu

Sosial

  • 15

Ölkə siyasiləri hərbi əməliyyatlarda iştirak etməyə hazırdılar

Ölkə siyasiləri hərbi əməliyyatlarda iştirak etməyə hazırdılar

Müstəqil Azərbaycanın qurucusu, Ümummilli Lideri Heydər Əliyevin siyasi kursunu layiqincə davam etdirən İlham Əliyevin uğurlu siyasəti nəticəsində artıq ölkəmiz beynəlxalq aləmdə öz müsbət siyasi imicini formalaşdıra bilib.

Artıq respublikamız, nəinki regionda, o cümlədən, beynəlxalq aləmdə söz sahibinə çevrilib. Bölgədə həyata keçirilən iqtisadi, siyasi və digər layihələr Azərbaycanın iştirakı olmadan həyata keçirilə bilməz. Təəssüf ki, xalqımızın ən böyük problemi olan Dağlıq Qarabağ münaqişəsi işğalçı Ermənistanın qeyri-konstruktiv mövqeyi nəticəsində hələ də öz həllini tapmayıb. Prezident İlham Əliyev dəfələrlə qeyd edib ki, münaqişə əgər sülh yolu ilə öz həllini tapmasa, müharibə yolu ilə torpaqlarımızı işğaldan azad etməyə hazırıq. Əgər müharibə baş verərsə, ölkə siyasiləri siyasi fəaliyyətlərini dayandırıb, müharibədə iştirak edəcəklərmi və eyni zamanda, müharibə başlayarsa, hərbi əməliyyatların qısa bir müddətdə bitməsi üçün partiya sədrlərinin ideya və təklifləri nədən ibarətdir?

Mais Səfərli, "Yurddaş" partiyasının sədri:

- Təbii ki, əgər müharibə baş verərsə, müharibədə fəal şəkildə iştirak edib, öz ərazi bütövlüyümüzü bərpa etmək hər bir vətəndaşın borcudur. Yəni vətənin müdafiəsi Azərbaycanın Konstitusiyasında da öz əksini tapıb. Mən də siyasi partiya sədri kimi siyasi fəaliyyətimi dayandırıb, müharibəyə getməyə hazıram. Ali Baş Komandanın əmrinə uyğun olaraq, hər bir azərbaycanlının müqəddəs borcudur ki, vətənin müdafiəsində iştirak etsin.
Azərbaycan iqtisadi və eyni zamanda, hərbi potensialına görə, regionun ən güclü dövlətidir. Azərbaycan Ordusu ilə Ermənistan ordusunu heç cür müqayisə etmək olmaz. Bizim ordunun maddi-texniki bazası baxımından, hərbçilərimizin sayı baxımından işğalçı ordudan dəfələrlə üstünlüyə malikik. Bundan əlavə, Prezident İlham Əliyevin uğurlu siyasəti nəticəsində ölkəmiz beynəlxalq aləmdə böyük nüfuz qazanıb. Belə ki, regionla bağlı məsələlər ölkə başçısı İlham Əliyevin iştirakı olmadan müzakirə edilə bilməz. Yəni onu qeyd etmək istəyirəm ki, biz siyasi, iqtisadi və hərbi baxımdan işğalçı ölkədən güclüyük. Bütün bunlar, onu deməyə əsas verir ki, müharibə başlayarsa, Azərbaycan qısa bir müddətdə torpaqlarını işğaldan azad etməyə hazırdır.

Kamil Seyidov,
"Azad Respublikaçılar" partiyasının sədri:

- Azərbaycan dövlətinin apardığı siyasət bundan ibarətdir ki, Dağlıq Qarabağ münaqişəsi sülh yolu ilə öz həllini tapsın. Ölkə başçısı İlham Əliyev cənabları dəfələrlə bəyan edib ki, sözügedən münaqişə sülh danışıqları yolu ilə öz ədalətli həllini tapmasa, Azərbaycan müharibə yolu ilə işğal olunmuş torpaqlarını azad edəcək. Hesab edirəm ki, bu, bizim tam haqqımızdır ki, hərbi yolla torpaqlarımızı işğaldan azad edək. Əgər Ali Baş Komandan müharibə əmrini verərsə, biz də siyasi fəaliyyətimizi dayandırıb, müharibəyə getməyə hazırıq.
Fikrim bundan ibarətdir ki, Dağlıq Qarabağ münaqişəsi sülh yolu ilə həllini tapmalıdır. Regionda yenidən müharibənin başlamasını arzu etməzdim. Onu da nəzərə almaq lazımdır ki, Dağlıq Qarabağ münaqişəsi təkcə Azərbaycanla Ermənistanın problemi deyil. Sözügedən münaqişə artıq beynəlxalq bir səviyyəyə qaldırılmışdır. Ancaq tam əminliklə deyə bilərik ki, Azərbaycan istənilən yolla öz torpaqlarını işğaldan azad etməyə qadirdir.

Araz Əlizadə,
ASDP-nin həmsədri:

- Bu yaşda mənim müharibədə iştirak etməyim düzgün olmazdı. Lakin mən hələ 1991-ci ilin fevral parlamentinin yığıncağında mən təklif etmişdim ki, vətən müharibəsi həyata keçirilsə, siyasi partiyaların fəaliyyəti dayandırılsın. Ümumiyyətlə, vətən uğrunda döyüşdə, o cümlədən, Dağlıq Qarabağın işğaldan azad edilməsi ilə bağlı döyüşlərdə iştirak etmək hər bir vətəndaşın borcudur. Mən deyə bilmərəm ki, ölkə vətəndaşlarının hər biri müharibəyə hazırdır və yaxud hazır deyil. Amma hər bir Azərbaycan vətəndaşı bu müharibəyə tam şəkildə hazır olmalıdır.

Tahir Kərimli,
"Vəhdət" partiyasının sədri:

- Birmənalı şəkildə müharibədə iştirak etməyə hazıram. Biz, həmçinin, "Vəhdət" partiyası olaraq, cənab Prezident İlham Əliyevin sülh səylərinə inanıram. Əminəm ki, ölkə başçısının gərgin səyləri respublikamızın qələbəsinə gətirib çıxaracaq və bu, torpaqlarımızın işğaldan azad edilməsi ilə nəticələnəcək. Əgər sülh danışıqları bir nəticə verməsə, Ali Baş Komandan müharibə ilə bağlı əmr verərsə, bu döyüşlərdə iştirak etməyə hazıram. İkinci bir cəhətdən də siyasi partiyamızın da fəaliyyətini dayandırmağa da tam hazırıq.
Hərbi əməliyyatların qısa və uzun müddət olacağı xarici faktorların müdaxiləsindən asılıdır. Əgər xarici qüvvələr Ermənistana yardım etməsə, Azərbaycan çox qısa bir müddətdə uğur qazanacaq. Yəni işğal altında olan torpaqlarımızı işğaldan azad edə biləcəyik. Ona görə də, birinci növbədə, Dağlıq Qarabağdan kənar ərazilərdə sülhyaratma əməliyyatları keçirmək, partizan döyüşləri aparmaq çətin deyil. Bizim imkanlarımız var ki, Ermənistanla Dağlıq Qarabağ arasında rabitəni aradan götürək. Ümumiyyətlə, tam əminliklə deyə bilərik ki, müharibə olsa belə, Azərbaycan işğal altında olan torpaqlarımızı işğaldan azad edəcək.

Digər xəbərlər