Qeyri-neft sektorunun inkişafı dəstəklənir
Azərbaycanda neft hasilatının pik dövrünün 2012-ci ildə müşahidə olunacağı, daha sonra isə azalacağı gözlənilir. Bu, nəticədə, ÜDM-ə mənfi təsir göstərə bilər. Məhz buna görə, Azərbaycan qeyri-neft sektorunun inkişafına ciddi diqqət yetirməlidir",- deyə Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) region üzrə böyük iqtisadçısı Tanita Taci bildirib.
AYİB yetkilisi, onu da bildirib ki, Azərbaycanda neft hasilatının artırılması üçün potensial mövcuddur. Qeyd edək ki, 2009-cu il ərzində Azərbaycanın neft hasilatı rekord həddə çataraq, 50,4 milyon ton təşkil edib.
AYİB 2010-cu il üçün Azərbaycanda inflyasiyanın gözlənilən səviyyəsi ilə bağlı da proqnoz hazırlayıb. Xanım Tacinin "APA-Economics"ə verdiyi məlumata görə, 2010-cu ildə Azərbaycanda inflyasiyanın səviyyəsi 6,5% təşkil edəcək və bundan sonrakı illərdə artacaq: "İnflyasiya səviyyəsinin artması, əsasən, enerji daşıyıcılarının qiymətinin artması, həmçinin enerjidaşıyıcıları istehlakçılarının tələbatının yüksəlməsi ilə bağlıdır".
Keçid Dövrü Hesabatını təqdim edən AYİB-in region üzrə böyük iqtisadçısı Anita Taci qeyd edib ki, 2009-cu ildə Azərbaycanda iqtisadi artım 9,3% səviyyəsində olub və bu göstərici yüksək nailiyyətdir: "Bu ilin sonunda isə Azərbaycanda ÜDM-in artım tempinin 9% olacağı proqnozlaşdırılır. Əgər bu göstərici reallaşarsa, Azərbaycan regionda ən yüksək iqtisadi artıma malik olan ölkəyə çevriləcək. Gələn il isə Azərbaycanda ÜDM-in artım tempinin 8%-ə bərabər olacağı proqnozlaşdırılır".
Ümumiyyətlə, 2010-cu ildə regionda iqtisadiyyatın artacağını bildirən A.Taci onu da qeyd edib ki, qlobal maliyyə böhranından sonra artım templərinin sürətlə bərpası yalnız diversifikasiyanın həyata keçirilməsindən asılıdır: "Azərbaycanda diversifikasiya bir qədər zəifdir və hökumət bu barədə düşünməlidir".
İqtisadi İnkişaf Nazirliyi İqtisadi Siyasət Analizi və Proqnozlar Departamentinin direktoru Ədalət Muradov ölkənin iqtisadi inkişafından məlumat verib və qeyd edib ki, 2009-cu ildə davam etmiş böhran Azərbaycandan da yan keçməyib və ölkəni sınaqdan keçirib: "Lakin buna baxmayaraq, Azərbaycan böhrandan minimum itkilərlə çıxa bilib. Belə ki, bir sıra qonşu ölkələrdə milli pul vahidinin devalvasiyası baş verib, Azərbaycanda isə manat sabit qalıb. Mərkəzi Bank tərəfindən uçot dərəcəsi 15%-dən 2%-ə endirilib, likvidlik 1,5 mlrd. manata çatdırılıb".
Nazirlik rəsmisi, həmçinin, qeyd edib ki, Beynəlxalq Valyuta Fondu tərəfindən 2010-cu ildə Azərbaycanda iqtisadi artım tempinin 7,4%, Asiya İnkişaf Bankı tərəfindən isə 4,5% olacağı proqnozlaşdırılır.
Yeri gəlmişkən, 2010-cu ildə dövlət büdcəsinin artımının dünya birjalarında cari ildə neftin qiymətindən asılı olacağını da qeyd etmək lazımdır. 29 analitikin mövqeyini təmsil edən "Reuters" ekspertləri bəyan edir ki, 2010-cu ildə xam neftin bir barrelinin orta illik qiymətinin $77,5 olacağını gözləyir. ABŞ Energetika Departamentinin ekspertlərinin fikrincə isə, 2010-cu ildə neftin qiyməti $80, 2011-ci ildə isə $84-ə qədər bahalaşacaq.Göründüyü kimi, cari ildə Azərbaycanın gəlirləri daha da artacaq və ilin yekununa görə, büdcə kəsiri olmayacaq. Burada əsas səbəblərdən biri neftin istehsalının qiymətinin artmasıdırsa, digər səbəb qeyri-neft sektorunda inkişafın sürətlənməsidir.