PDF Oxu

Sosial

  • 15

Ölkə mətbuatında Dağlıq Qarabağ problemi yetərincə işıqlandırılırmı?

Ölkə mətbuatında Dağlıq Qarabağ problemi yetərincə işıqlandırılırmı?

Ölkə mətbuatında Azərbaycan xalqının qaysaq bağlamayan yarası olan Dağlıq Qarabağ probleminə nə dərəcədə yer ayrılır və sözügedən bu problem mətbuatımızda yetərincə işıqlandırılırmı? KİV-in xaricdə yaşayan azərbaycanlılarla əlaqəsi qanedicidirmi? Bu suallara məsələlərə aydınlıq gətirmək üçün mətbuat nümayəndələrinə müraciət etdik.

Yunus Oğuz,
"Olaylar" qəzetinin baş redaktoru

- Təbii ki, Azərbaycan mətbuatında Dağlıq Qarabağ məsələsi yetərincə işıqlandırılır. Fikrimcə, hər bir qəzetin mənəvi borcudur ki, bizim yaralı yerimiz olan və xalqımızın ən böyük problemi olan Dağlıq Qarabağ məsələsini həmişə gündəmdə saxlasın. Belə düşünürəm ki, sözügedən münaqişə yetərincə kütləvi informasiya vasitələrində işıqlandırılır. Başqa mətbuat orqanları haqqında fikir söyləyə bilmərəm. Ancaq "Olaylar" qəzeti olaraq, xaricdə yaşayan soydaşlarımızla hər zaman əlaqə yaradırıq. Bununla bağlı mütamadi yazılar dərc edirik.

Aydın Quliyev,
"Bakı Xəbər" qəzetinin baş redaktoru:

- Azərbaycan mətbuatının ötən əsrin 89-90-cı illərindən başlayaraq, bu günə qədər daimi diqqət yetirdiyi mövzulardan biri Dağlıq Qarabağ problemidir. Fikrimcə, sözügedən problemlə bağlı, hələlik, mütləq olaraq bütün həqiqətləri dünya ictimaiyyətinə çatdıra bilməmişik. Amma ortada olan və görülən işlərin həyata keçirilməsində mətbuatımızın çox böyük əməyi var. Xüsusilə, bu faciə, işğal səhnələrinin və işğal nəticəsində Azərbaycana vurulan maddi və mənəvi zərbələrinin itkilərinin miqyası və ölçüsü barədə dünyada formalaşdırılan rəydə bizim mətbuatımızın çox böyük rolu var. Mətbuatımız həm ölkə daxilində, həm də dünya miqyasında rəyin formalaşdırılmasında fəal iştirak edib. Unutmayaq ki, Azərbaycanda mətbuatın özü də təzə institutdur. Yəni bu institutun özünün də formalaşması üçün müəyyən mərhələ keçilməlidir. Mən əminəm ki, mətbuatımız formalaşma prosesini sürətləndirdikdən sonra, dövlətimizin qarşısında dayanan problemlərin daha yüksək səviyyədə həlli işində, daha aktiv şəkildə iştirak edəcək. Qısaca desək, mətbuatımız Dağlıq Qarabağ probleminə aid olan həqiqətlərin çatdırılmasında bu gün malik olduğu imkanlar çərçivəsində maksimum iştirak edə bilir.
Azərbaycan KİV-inin xaricdə yaşayan azərbaycanlılarla əlaqəsi bir problem olaraq qalır. Deməzdim ki, belə əlaqələrin yaranmasında maraqlı olmayan və yaxud da qorxan dairələr var. Sadəcə, ola bilər ki, bu vacib istiqamət indiyə qədər unudulub. Xaricdə yaşayan azərbaycanlıların təşkil etdikləri diaspora ilə Azərbaycan mətbuatının işgüzar əlaqələrinin yaradılması çox vacibdir. Amma təəssüf ki, bu məsələ unudulub. Əgər bu əlaqə olsa, həm diaspor təşkilatların vacib özləri üçün, həm mətbuat üçün, həm də, bütövlüklə, dövlətimiz üçün faydalı olar. Bu gün həmin əlaqələrin zəifliyi ucbatından, diasporamızın xaricdə göstərdiyi davamlı fəaliyyəti haqqında məlumatsızıq. Sadəcə olaraq, müəyyən faciə günlərində, bayram günlərində və əlamətdar tarixi hadisələr vaxtı, diaspor təşkilatlarmızın atdığı addımlar barədə müəyyən mətbuat orqanlarından və KİV-dən məlumat alırıq. Amma onların ilboyu göstərdikləri fasiləsiz fəaliyyətilə bağlı çox təəssüf ki, məlumatımız azdı. Bunun da səbəbi mətbuatla əlaqələrin zəif olmağıdır. Bu əlaqələrin zəif olması nəticəsində mətbuatımızın özünün də beynalxalq miqyasda tanınma imkanları məhdudlaşır. Yəqin ki, yaxın vaxtlarda bu problemin həlli istiqamətində addımlar atılacaq.

Digər xəbərlər