Prezidentlərin görüşü məhsuldar olub
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində beynəlxalq birliyin göstərdiyi səylər işğalçı dövlətin öz qəsbkar siyasətindən geri çəkilməməsi səbəbindən nəticəsiz qalmaqdadır. Çünki istər AŞPA, ATƏT, istərsə də, ATƏT-in Minsk Qrupunun həmsədrlərinin münaqişənin beynəlxalq prinsiplər əsasında, xüsusilə də, BMT-nin qəbul etdiyi qətnamələrə müvafiq həll edilməsi üçün apardığı fəaliyyət Ermənistananın qeyri-konstruktiv mövqe tutması ilə cavablandırılır. Bu da haqlı olaraq Azərbaycanı müqaqişəni danışıqlar yolu ilə həll etmək prinsipindən geri çəkilmək haqqında düşündürməsinə gətirib çıxarır. Yada salmaq lazımdır ki, Azərbaycan Prezidenti İlham Əliyev Goranboy rayonunda səfərdə olarkən, qaçqın və məcburi köçkünlərlə görüşündə Münhen danışıqlarının da nəticə verməyəcəyi təqdirdə, danışıqlar prosesini dayandırılacağını bildirmişdir. Məhz bu sərt bəyanatdan sonra təşvişə düşən Ermənistan və onun havadarları Münhen görüşündə ilk dəfə münaqişənin həlli ilə bağlı müsbət mövqe ortaya qoydu. ATƏT-in Astana şəhərində keçirilən toplantısında isə Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bəyan edən bəyannaməyə imza atdı. Bütün bunlar Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll ediləcəyinə ümidlər yaradır. Belə nikbinlik Soçi şəhərində (Rusiya) "Krasnaya polyana" qəbul evində Azərbaycan, Ermənistan və Rusiya prezidentlərinin üçtərəfli görüşündə aparılan danışıqlardan sonrada yaranır.
Qeyd edək ki, bu, prezidentlərin üçtərəfli formatda keçirdiyi sayca 5-ci görüşdür. Görüşdə Rusiyanın xarici işlər naziri Sergey Lavrov, Rusiya prezidentinin xarici siyasət üzrə müşaviri Sergey Prixodko, Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov, Ermənistan xarici işlər naziri Edvard Nalbandyan və Ermənistan prezident aparatının direktor müavini Vigen Sarkisyan iştirak edib.
İlk belə görüş 2008-ci ilin noyabrında keçirilib, görüşdən sonra hər üç prezident Moskva Bəyannaməsi imzalayıblar. Prezidentlərin növbəti üçtərəfli görüşü 2009-cu ilin iyununda Sankt-Peterburqda, üçüncü görüşü bir ay sonra Moskvada, dördüncü görüşü ötən ilin oktyabrında Kişinyovda MDB dövlət başçılarının sammiti çərçivəsində keçirilib.
Soçi şəhərində keçirilən görüşdən sonra Rusiyanın xarici işlər naziri Sergey Lavrov bəyanatla çıxış edərək, danışıqların yekunu ilə bağlı məlumat verib. Onun sözlərinə görə, prezidentlərin görüşü məhsuldar olub. Bununla yanaşı, o, qeyd edib ki, görüşün əsas nailiyyəti o olub ki, tərəflər Qarabağ münaqişəsinin həllində onlar üçün qəbuledilməz olan bəndlərə yenidən baxmağa və redaktə etməyə razılıq veriblər.
S.Lavrov, həmçinin, bildirib ki, görüşdə Dağlıq Qarabağ münaqişəsinin baza prinspləri adlandırılan Madrid prinsiplərinin preambulası (giriş hissəsi) işlənib. Sənəddə Dağlıq Qarabağ münaqişəsinin həlli perspektivləri əksini tapıb. S.Lavrov preambulada məhz nələrin olması barədə açıqlama verməyib.
Məlumata görə, Azərbaycan və Ermənistan prezidentləri daha sonra Adler aeroportunda ATƏT-in Minsk Qrupunun həmsədrlərinin iştirakı ilə növbəti dəfə görüşməyi nəzərdə tutublər.
Millət vəkili Cəmil Həsənli prezidentlərin Soçi görüşünün əvvəlki görüşlərindən fərqlənmədiyini bildirdi. Qeyd etdi ki, Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin ərazi bütövlüyü çərçivəsində həll olunması üçün effektiv yol düşünməlidir. ATƏT-in Minsk Qrupunun fəaliyyəti yalnız Azərbaycanı işğal faktı ilə razı salmağa yönəlib. Azərbaycan isə bu cür fəaliyyətə qarşı qəti və konkret mövqeyini ortaya qoymalıdır.
Politoloq Elçin Mirzəbəyli də keçirilən görüşdən ümidli nəticələr gözləmədiklərini bildirdi. Bununla belə, politoloq istənilən görüşün müzakirələrin aparılması baxımından müsbət ola biləcəyini söylədi: "Konkret nəticə olmadığı üçün, hələ ki, qəti mövqe bildirmək çətindir".