PDF Oxu

Sosial

  • 9

Millətin əxlaqı nəyin əsasında formalaşmalıdır?

Millətin əxlaqı nəyin əsasında formalaşmalıdır?

Əxlaq (latınca moralis - xasiyyətə aid olan) - insan hərəkətlərinin normativ tənzimlənməsinin əsas üsullarından biridir. Əxlaq xasiyyətə aid olan baxışları və hissləri, həyatın yönümü və prinsiplərini, hərəkətlərin və insan münasibətlərinin niyyət və məqsədlərini - xeyir və şər, vicdan və vicdansızlıq, qeyrət və qeyrətsizlik, ədalət və ədalətsizlik, nizam və nizamsızlıq, mərhəmət və sərtlik anlayışlarını fərqləndirərək - əhatə edir.
Monoteizmdə əxlaq

Beləliklə, hansısa bir obyektiv dəyərlər sistemi olmasa, əxlaq nisbi anlayış olur. Bu sistem çərçivəsində əxlaq və xasiyyət anlayışları mücərrəddən konkret və obyektiv anlayışa çevrilməlidir. Bu kimi dəyərlər sistemi yalnız dindir. Dində, bir neçə ən sadə əxlaq müddəaları mövcuddur ki, onların vasitəsi ilə əxlaqın konkret tərifi verilir və onun məqsədləri göstərilir. Bu səbəbdən, monoteizmdən kənarda əxlaqın obyektiv anlayış olmaması iddiası irəli sürülüb, sübuta yetirilə bilər. Din olmayanda, əxlaqın obyektiv meyarı da ortalıqdan qaldırılır və o mücərrədliyə çevrilir.
Dini əxlaq dini dünyagörüşünün təsiri altında formalaşan əxlaqi anlayışların və prinsiplərin toplusudur. Bütün bunlar fövqəltəbiidir, mənbələri isə Tanrıdandı. Məhz məsələnin bu cür qoyuluşu əxlaqı konkretləşdirir və obyektləşdirir.
Dini əxlaqın və xasiyyətin əsas fərqləndirici xüsusiyyəti, bu anlayışların məqsədlərinin açıqlamasındadır. Yalnız monoteizm sistemində insan "nə üçün bu hərəkəti məhz cu cür edirəm", "nə üçün buna zidd olan tərzdə davranmaqdan imtina edirəm" suallarına cavab verə bilər.
Doğrudan da, insan düşüncəsi əxlaqsız həyat tərzi keçirməyin, dövlət əmlakının mənimsənilməsinin, təkəbbürün, yalançı şahidliyin nə üçün qüsurlu olmalarını sərbəst izah edə bilməz. Hər hansı hərəkətin əxlaqa uyğun və ya əxlaqsız olduğunun bir obyektiv ölçüsü olmasa, hər bir adam istənilən hərəkəti edərsə, haqlı olar. Bu halda, israfçılıq edən, rüşvətxolluğa qurşanan, əxlaqsız həyat tərzi keçirən, başqalarını qarət edərək, firavan yaşayan hər bir kəs öz hərəkətlərini normal, hətta böyük qəhrəmanlıq kimi qiymətləndirəcək. Bu cür adamları təqdir edənlər isə onları alqışlayıb, "yaşamağı bacarırlar" deyəcəklər. Onlar hesab edəcəklər ki, bu kimi həyat tərzi yaşamayanlar bacarıqsız və geridə qalmış insanlardır. Onlar alçaldılmalıdırlar və buna layiqdirlər. Belə "bacarıqlı" adamların baxışlarına görə, vətən uğrunda canından keçən, ölkəsinə və millətinə xidmət edənlər qəribə insanlardırlar. Hətta onlar təhlükə mənbəyi olub, təəssübkeş və fanatiklərdirlər; cəmiyyəti pozmamaq üçün təqib edilib təcrid olunmalıdırlar.
Doğrudan da, əgər insan varlığının məqsədi yalnız onun bu dünyadakı həyatıdırsa, onda eyş-işrətə, dəbdəbəyə və təkəbbürə xidmət edən nə varsa, yüksək əxlaq və qabiliyyət elan olunacaq. Məsələ burasındadır ki, yalnız bu dünya üçün yaşayan və başqa heç bir ciddi əqidə sahibi olmayan insan üçün onun material varlığına xidmət edən hər bir şeyi əxlaqa uyğun hesab edəcək. Tanrıya və ölümdən sonrakı həyatın olmasına inansa belə, o, bunları özü üçün qəlbindəki bütlərə çevirəcək. Bu bütlər onun hər bir dünyəvi istəyinin əldə edilməsinə mane olmamalıdırlar. Mane olarlarsa, onların özləri üçün pis olacaq, onlar rədd edilib başqaları ilə əvəz ediləcəklər. Ölümdən sonra həyata isə onlar yalnız ölüm qarşısında aciz və yığdıqları maddiyyatın sonlu və son olaraq mənasız olması düşüncələrindən məlumdur. Yalnız ölümdən qorxu və hər şeyin mənasız olması bu adamları formal olaraq axirət inancını təsdiqləməyə vadar edə bilər. Axı onlar nə üçün bu qədər maddiyyat üçün çarpışırlar? Lakin bu inancın olması onları əyri yollarla maddi sərvətlər əldə etməkdən çəkindirmir və bu adamlar öz əməllərinə həmişə bəraət qazandırmağa hazırdırlar.
Beləliklə, yalnız dində əxlaqın mənası açıq şəkildə açıqlanır: əxlaq və xasiyyət Tanrının razılığına nail olmaq üçün lazımdır. Əxlaqlı (din baxımından) olmalarına görə Tanrı, hər bir insanı bu dünyada və axirətdə mükafatlandırır. Dini əxlaq konkret müddəalar əsasında qurulmuş, onların pozulması insanın Tanrı ilə bağlılığına pozur, daha doğrusu, onların arasında olan anlaşmanı pozur. Andlaşmaya görə, insan Tanrını tanıyıb, onun açıqladığı əxlaqa riayət etməlidir, çünki bunun müqabilində Tanrı insanı cənnətə daxil edəcək. Tanrı ilə bağlılığın pozulmasının ən ağır dərəcəsi dinsizlikdir, nisbətən yüngülü isə günahdır. Hər iki durum insanın axirət vəziyyətinə bilavasitə təsir edir. Hər bir adam günahlarına görə həm bu dünyada, həm də axirətdə Tanrı qarşısında sorumludur. Burada axirət dünyasındakı durum daha böyük əhəmiyyət daşıyır, çünki bu dünyadan fərqli olaraq axirət əbədidir və Tanrının verdiyi əmrlərdən yayınan adam orada əbədi olaraq əziyyətlər çəkəcək. Eyni zamanda, "Tanrı üçün "hörmətli" adamlar, krallar, prezidentlər, varlılar heç bir imtiyazlara malik deyillər və hamı ilə birlikdə mühakimə olunacaqlar" anlayışı yoxdur. Deməli, axirət anlayışı olmasa, əxlaq və xasiyyət anlayışları da mənalarını itirmiş olur.
Burada qeyd edilməlidir ki, hətta keçmiş Sovetlər Birliyində hökm sürən kommunizm ideologiyasında marksizm-leninizmin banilərinin simasında, kommunist partiyasının yönəldici rol oynamasında və kommunizmin gələcəkdə bütün dünyada qələbə çalması iddialarında irrasional, esxatoloji və məsihiliyə yaxın olan məqamlara rast gəlinirdi. Lakin Sovetlər Birliyində esxatoloji məqamlar materializm düşüncəsi çərçivəsində idi və iddia edilirdi ki, yaxın zamanlarda (ən çoxu bir-iki nəsil insanların həyatı zamanı) kommunist cəmiyyəti qurulacaqdır. Məsələ burasındadır ki, dini, axirəti inkar edən kommunistlər vətəndaşlara firavan dünyanı ən yaxın gələcəkdə vəd etməyə məhkum idilər, çünki axirətə inanmayan kütlə öz həyatında cənnətə bənzəyən dünyanı görmək istəyində olmuşdur. Lakin kommunizmi görməyən 3-4 nəsil sovet adamı artıq bu ideyaya ciddi əhəmiyyət verməmişdir. Ölkə dağılandan sonra isə hər şey, o cümlədən, sovet adamlarının əxlaqi əsasları iflasa uğramışdır.
Kommunist əxlaqından fərqli olaraq, dini əxlaq insanları bu dünyada deyil, axirətdə olan əbədi həyata inanmağa çağıraraq, əbədiyyata yönəlir. Onun əsasında fövqəltəbii, İlahi kateqoriyalar durur. Buna görə, bu əxlaq əbədidir, heç bir siyasi ideologiya, yaxud dünyəvi sistemə bağlı deyildir, sərbəstdir. Bu səbəbdən, dini ehkamlar əsasında qurulan əxlaq, heç şübhəsiz, davamlı və etibarlı olur. Hal-hazırda inkişaf etmiş Avropa və Amerikanı hər şeyə misal gətirmək dəbdədir. Lakin bu məsələdə onlardan heç bir ciddi şey almaq mümkün deyil, çünki onların əxlaqı istehlakçılıq üzərində qurularaq, əslində, materialist və mənəviyyatsızdır. Buna görə də Qərb əxlaqı sovet sistemində olduğu kimi, yalnız onların siyasi və iqtisadi durumuna bağlıdır. Bu durum isə müvəqqətidir. Qərb sistemi çökən kimi (bu dünyada əbədi bir şey yoxdur), onun əxlaqı və qanunçuluğu da iflasa uğrayacaq.
Bəzən deyirlər ki, dindarlar öz əxlaqlarını başqalarına zorla yeritmək niyyətindədirlər. Lakin bu, doğru iddia deyildir, çünki burada problem səbəblərdədir. Məsələ burasındadır ki, əxlaqın başlanğıcı, səbəbi olmalıdır. O, mücərrəd şəkildə əsassız mövcud ola bilməz. Bu halda, "bu səbəb, başlanğıc və mənbə nədir və haradadır" sualları meydana çıxır. Dindən başqa isə bu sualların cavabları yoxdur. Əks-təqdirdə əxlaq ayrı-ayrı insanların həyat haqqında baxışlarına çevrilir və obyektiv anlayış kimi mövcudluğunu itirərək, subyektiv kateqoriyaya çevrilir. Buna görə də, "hər bir insanın əxlaq haqqında öz baxışları vardır" iddiası əsassızdır, çünki hər bir adamda fərqli olan bir şey obyektiv olaraq mövcud olmur.

Ardı var.

Digər xəbərlər