PDF Oxu

Sosial

  • 23

Aydın Kazımzadə - 70

Aydın Kazımzadə - 70
Ömür karvanının yol aldığı illər varlıqların zamanla bağlı yaşanılan illərinə cığırlar salır. Bu karvanın sürətindən şikayət edənlər də olur, onun öz axarı ilə dolanbac yolları keçərək mənzilinə çatmasından söz açanlar da ... Bu da Tanrının yazdığı bir qismət, ömür yoludur. Yola çıxanlardan tələsənlər də, tələsməyənlər də var. Tanrı hökmünü verir, ömrə yoldaş olan illərisə insan zəhməti və istedadı il yaşayır.
Ömrün hər mərhələsi gözəldir. Gəncliyi də, ahıllığı da. Bu dövrləri isə gözəlləşdirən, nurlandıran, ona zinət verən, bərli-bəzəkli, mənalı edən insan əməyidir. Bəli, insan bütün canlılardan əməyi, şüuru, bacarığı ilə seçilən bəşəriyyətin ali varlığıdır.
Cəmiyyətə, bütövlükdə, bu dünyaya ömrünü həsr edən insan yaşadığı illərin zamanın axarında hesabatını verməli olduğu zaman onillikləri vərəqləyir. Əməkdar incəsənət xadimi, əməkdar mədəniyyət işçisi, kinoşünas, publisist Aydın Kazımzadə kimi. Ömrün budaqlarından 70 ili hiss etmədən qoparıb, sevdiyi, bağlandığı bir peşəyə həsr edib. Yola saldığı illərin boranı da, qarı da olub, yazı, güllü-çiçəkli aləmi də. Bu ömrün hər addımı, hər anı onun adı ilə bağlıdır. 70 il ömürdən tökülən yarpaq kimi qəbul edilsə də, bu, ömrə naxış salıb onu zinətləndirib, zənginləşdirib də. Bəli, illər yaşanılır... Biixtiyar hər fəslimizi, hər cür tale qismətimizi də qəbul edirik. Bu, hər bir insanın fərdi həyat yoludur. Təbii ki, insanın məqsədə doğru getdiyi yol onun Tanrı tərəfindən bəxş edilən ömrünə öz izini, rəngini əlavə edir. Bu gün 70 yaşını qeyd edən Aydın Kazımzadə ömür axarının yeddinci onilliyini alnıaçıq qarşılayır. Kinoşünasın yaratdığı fərdi həyat salnaməsində oxunmalı, vərəqlənməli çox dəyərli səhifələr var. Neçə-neçə mükafatları əməyi, mübarizliyi ilə qazanan, öz işinin bilicisi kimi diqqətdə olan Aydın Kazımzadə bu illər ərizində neçə-neçə fəxri adlara və mükafatlara layiq görülüb. Əməkdar incəsənət xadimi, əməkdar mədəniyyət işçisi kimi fəxri adların yanına bir-birinin ardınca Qızıl qələmi (2000-ci il), Humayı (2001-ci il), Qızıl çırağı (2003-cü il), Mədəniyyət və Turizm Nazirliyinin fəxri döş nişanını (2005-ci il), Azərbaycan Jurnalistlər Birliyinin (2008-ci il), Həsən bəy Zərdabi, Rəsul Rza (2007) və s. mükafatları əlavə edir.
Bu illərə salınan cığırın əsası yeniyetməlik və gənclik illərindən başlamışdır. Belə ki, o, 1963-cü ildə Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsini bitirmiş, elə həmin ildən kino sahəsində çalışır. Həyata real baxan Aydın Kazımzadə nəyə nail olmaq imkanı olubsa, onun ardınca da yol gedib. Taleyin ömrünə yazdığı dəsti-xətt onu çox süzgəclərdən keçirir. Nəsir İmanquliyev, Nurəddin Babayev kimi pedaqoqlardan dərs alan Aydın Kazımzadə maddi ehtiyac ucundan birbaşa öz ixtisası üzrə işə qəbul oluna bilmir, nə televiziyada, nə qəzetdə 3 ay maaş almadan təcrübə keçmək ona heç cür əl vermir və ali təhsilli mütxəssis olaraq "Kino" qəzetinə fotoqraf təyin olunur. Həyat dərsi kino aəmindəki fəaliyyətində kinoşünasa mayak oldu. Fotoqraflıqdan korrektor, ədəbi işçi, redaktor, baş redaktor vəzifələrinə qədər yüksəldi. Kino sahəsinin aparıcı mətbuat orqanları olan "Kino" qəzeti və "Film" jurnalının baş redaktoru vəzifəsində çalışmışdır. 1985-ci ildə Moskvada informasiya reklam işi üzrə yaradıcı və rəhbər kinematoqrafiya işçilərinin ixtisasartırma kurslarını bitirmişdir. Belə bir ixtisasa yiyələnən Aydın Kazımzadə Məlumat-reklam Bürosunun direktoru, Azərbaycan Teleradio Verilişləri Şirkətində dublyaj şöbəsinin müdiri, "Azərkinovideo" İstehsalat Birliyində reklam şöbəsinin müdiri, "Azərbaycantelefilm" Yaradıcılıq Birliyində böyük redaktor kimi çalışmışdır. Yaradıcılıq fəaliyyəti genişlənən kinoşünas əldə etdiyi nailiyyətlərlə kifayətlənməyib, yeni uğurlarına imza atdı. Neçə illərin təcrübəsi, axtarışları, bu məkandakı qaynar həyatı ona "Azərbaycan Kino Ensiklopediyasın"nın icraçı direktoru, baş redaktor müavini olaraq çalışmaq imkanını verir. Onun tərcümeyi-halından bizə bəlli olur ki, kinoşünasın 1963-cü ildən mətbuatda Azərbaycan kino tarixinə, kino sənətinin müxtəlif problemlərinə dair 200-dən artıq elmi və publisistik məqalələri çap olunmuşdur. 10-dan artıq kitab və monoqrafiyası işıq üzü görmüşdür. Redaktoru olduğu "Kino" qəzeti 1974-cü ildə kinematoqrafiya sahəsində çap edilən mətbuat orqanlarının Ümumittifaq Müsabiqəsinin qalibi olmuş və SSRİ Kinematoqrafiya Komitəsinin diplomunu almışdır.
Kino aləmindəki uğurları ona bu sahədə yenilikləri aşkar etməsi ilə nəticələndi. Sovet məkanında yaşadığımız illərdə Azərbaycan kinosunun yaşı 1916-cı ildən hesablanılır və milli kino günümüz məhz həmin tarixlə qeyd edilirdi. Aydın Kazımzadənin məlum axtarışlarının nəticəsi əsasında Azərbaycan milli kinosu ümummilli lider Heydər Əliyevin məlum Sərəncamı ilə 1898-ci ildən hesablanaraq, 2 Avqust Kino Günü kimi qeyd olunmağa başlandı. 1898-ci ildən Azərbaycan kino sənətinin tarixini araşdırmaları iki cildlik "Azərbaycan kinosu salnaməsi"nin ərsəyə gəlməsi ilə nəticələndi.
Bu uğurların davamı olaraq animasiya filmlərinin yaranma tarixinin 1933-cü ilə aid olması faktı yenə də Aydın Kazımzadənin adı ilə bağlandı. İlk cizgi filminin 1968-ci ildən deyil, 1933-cü ildə üç hissəli "Cat" təlimat filmində neftin necə hasil olduğunun animasiyanın köməyi ilə danışıldığını o, aşkara çıxardı.
Aydın Kazımzadənin ssenari müəllifi və redaktoru olduğu filmlərin də adını bu gün qeyd etmək vacibdir. Kinoşünasın ssenariləri əsasında "Atikva ümid deməkdir" (1994), "Zərgər" (2002) və "Taleyin 5 anı. Hüseyn Seyidzadə" (2007) televiziya sənədli filmləri çəkilmiş, bir neçə sənədli filmin, o cümlədən "Parlament"(1995), "Şəhidlik zirvəsi" (2000), "Atəşgah" (2001), "Azərbaycan vulkanları", "Vulkanlarla üz-üzə"(2001), "Roza Cəlilova"(2001)və s. kinolentlərin redaktoru olmuşdur.
Aydın Kazımzadə kino sənəti ilə məşğul olmağa başlayarkən 23 yaşı var idi. Əlisəttar Atakişiyevin, Həsən Seyidbəylinin və Adil İsgəndərovun çəkdikləri filmlərin çəkiliş meydanından hazırladığı reportajlar onu bu aləmdə tanıtdı və sevdirdi. Niyazi Bədəlov, Muxtar Dadaşov, Məmməd Əlili, Mikayıl Mikayılov və Ağarza Quliyevlə görüşləri, eləcə də, milli kinomuzun korifeyləri sırasında adları hallanan Cəfər Cabbarlı, Abbas Mirzə Şərifzadə kimi sənətkarlardan, kino tariximizdən yeni əsərlər yaratmağa sövq etdi. Onu da deyim ki, kinoşünas 1963-cü ildə kinoya gələndə, kino sənətin nüfuzlu simaları, onu yaradanlar hələ sağ idilər. Mikayıl Mikayılov, Muxtar Dadaşov, Niyazi Bədəlov, Rza Təhmasib və başqaları sənət yoluna cığırlar açıb. Ahıl, müdrik insanlarla yoldaşlıq, dostluq münasibətləri onun bu sahədə yeni-yeni nailiyyətlər qazanmasına və gələcək sənət yoluna zəngin izlər daxil edilməsinə səbəb olur. Özü də bilmədən gələcək fəaliyyəti bu cığırların istiqamətində qurulurdu. Yaranmış münasibətlər ailəvi dostluğa çevrilir. Bu tanışlıq sonralar qələmə alacağı sanballı əsərlərin yazılmasında ona əl tutdu. Bütün materiallar tutarlı və dəlilər əsasında həmin nəşrlərə əlavə olundu. Bəzi hallarda kimlərinsə saxta təqdimatı onun faktlarına tuş gəldi. Yalan ifadələr onun kino tarixində yazacaq sətirlərdə yer ala bilmədi. Çünki Aydın Kazımzadə kinofilmlərin çəkilişində, festivallarda, Azərbaycan kino günlərində iştirak etmiş, eləcə də, onlar haqqında yazılmış məqalələrlə tanış olmuşdur.
Ömrün hər gününün saatlarını bölüşdürməyi bacaran sənətkar neçə-neçə kitabları yazaraq çap etdirməyə də vaxt tapdı. Bu haqda kinoşünas belə deyir: "Həyatda nəyə nail olmaq istəyim əldə etdiyim nailiyyətlərdən sonra yenidən meydana çıxan istəklərimi qarşıya məqsəd qoyub. Həyatda heç zaman tələsməmişəm, amma işimi elə səpkidə qurmuşam ki, heç nəyə belə gecikməmişəm. Özümdə tərbiyə etdiyim bu qayda-qanuna elə məktəb illərindən alışmışam. 15 yaşından başlayaraq, bu günə qədər istirahət etmədən çalışıram. Böyük Vətən müharibəsinin sərtliyi nəticəsində anam, qardaşım və nənəm mənim ixtiyarımda qalmışdı. Bütün maddi yük üzərimdə idi. Amma heç vaxt tələsməmişəm. Tələsmədən, aramla işimi görmüşəm. Atamdan 1943-cü ildə qara kağız gəlsə də, anam bu sənədə inanmadı və ömrünün son gününə qədər 73 yaşında inam hissini itirmədən həyata vida söylədi".
Hələ "Kino" qəzeti və "Film" jurnalının baş redaktoru olarkən, düşünürdü ki, nə vaxtsa kitab yazacaq. Zamanın sürətinə qarşı iradəsini qoyan Aydın Kazımzadə "Lyumyerin kiçik qardaşı"("Populyar" jurnalı1997), "80? Yox, 100!"("Azərbaycan interneyşl" jurnalı,ABŞ,1997) məqalələrinin, "Sənədli filmlərin ssenariləri"(1998, müəllif kollektivi), "Kino sənəti məsələləri"(1998, müəllif kollektivi), "Azərbaycan kino sənətində ədəbi əsərlərin təcəssümü"(2000,A.Babayevlə birgə), "Kinorejissor Nazim Rza İsrafiloğlu" (2001), "Azərbaycan kino tarixi oçerkləri"(2001, müəllif kolektivi), "Azərbaycan kinematoqrafçıları"(2002, I buraxılış), "Azərbaycan kinosu filmlərin izahlı kataloqu"(2003, I-II cildlər), "Rasim Ocaqov" (2003), "Bizim "Azərbaycanfilm"(2004), "Kamil Nəcəfzadə"(2005), "Üzeyir Hacıbəyov və kino"(2005), "Azərbaycan kinosu və müharibə"(2005), "Əbədi ölməzlik zirvəsi"(2006), "Heydər Əliyev və kinematoqrafiya" (2007) kitablarının müəllifidir.
Dünyaşöhrətli siyasətçi və dövlət xadimi, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyev haqqında yazdığı "Heydər Əliyev və kinematoqrafiya" kitabı orijinallığı ilə diqqəti cəlb edir. Altı fəsildən ibarət olan kitabda ümummilli liderin Azərbaycanın ictimai, siyasi, mədəni, sosial həyatının bütün sahələrində qayğısı, yanğısı kontekstində Onun milli kinomuzun təəssübkeşi və hamisi olması, ümumən kinematoqrafiya haqqında fikirləri tədqiq və təhlil edilir, mədəniyyət və incəsənət xadimlərinin, tanımış şəxsiyyətlərin Heydər Əliyev haqqında fikir və düşüncələr kinoşünas tərəfindən açıqlanır. Kitabda ümummilli liderin dəyərli fikirləri əsas götürülür. Belə ki, müəllif kino sahəsində çalışdığı illərdə Heydər Əliyevin kino aləminə olan diqqətini hər zaman izləmiş, kinematoqrafçılarla görüşlərində iştirak etmişdir. Odur ki, Heydər Əliyev və Azərbaycan kinematoqrafiyası ilə bağlı bu ilk işıq üzü görən dəyərli əsərin müəllifinə çevrilmişdir.
Bu gün 70 yaşını qeyd edən Aydın Kazımzadə 47 ildir ki, kinematoqrafiya sahəsində çalışır. Azərbaycan Televiziyasında "Kino tariximizdən", "Lider" televiziyasında "Kinoman" verilişinin müəllifi, aparıcısıdır. O. BAM-dan tutmuş Qırğızıstanın Bişkek şəhərinədək keçirilən Azərbaycan kino günlərinin və festivallarının təşkilatçısı və iştirakçısı olmuşdur. Hansı ölkədə Azərbaycan kinosu günləri keçirilirdisə, həmin dövlətin dilində də plakatlar hazırlayır. Qərbi Sibirin bütün şəhərləri, Arxangelsk, SSRİ-nin cənub şəhərləri Özbəkistan, Türkmənistan kimi respublikalarda keçirilən mədəniyyət günlərinin birbaşa iştirakçısı və təşkilatçısı idi. Məqalələri yazmaq, nümayəndə heyətini lazımi yerlərə çatdırmaq və s. üzərinə düşən öhdəliklər idi.
Xatırladım ki, Azərbaycan kinosu və müharibə deyəndə, ilk olaraq, "Bizim Cəbiş müəllim", "Şərikli çörək" kimi filmlərimiz yada düşür. Bunlar müharibəyə həsr olunmuş filmlərdir. Bəs müharibə dövründə döyüş meydanında kimlər vuruşub, kimlər çəkilişlər aparıb. Aydın Kazımzadə bütün bunları araşdırıb arxa və ön cəbhədə çəkiliş aparanlar haqqında məlumatlar əldə edərək, "Azərbaycan kinosu və müharibə" kitabını kino sənəti tarixinə bir töhfə vermişdir.
Hazırda Aydın Kazımzadə "Azərbaycan kino ensiklopediyası" fundamental kitabını nəşrə hazırlayır. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində dosent kimi yeni nəsil kinematoqrafçılarının yetişdirilməsində bir pedaqoq, mütəxəssis olaraq əməyini sərf edir.
Aydın Kazımzadə hazırda çapa hazırlanan "Azərbaycan Milli Ensiklopediyası"nın kino sahəsi üzrə məsləhətçisi və müəlliflərindən biridir.
70 yaşını qeyd edən kinoşünasın bundan sonrakı arzusu hələ yazmadığı kitabları qələmə almaqdır. Yolunuz nurlu olsun, Aydın müəllim.

Digər xəbərlər