PDF Oxu

Sosial

  • 6

Azərbaycanda yeni bir inkişaf dövrünün əsası qoyulub

Azərbaycanda yeni bir inkişaf dövrünün əsası qoyulub
Yola saldığımız 2009-cu il xalqımız və dövlətimiz üçün uğurlu, həm də yadda qalan illərdən olub. Təbii ki, bu uğurların möhkəmlənməsində xalqın partiyası olan Yeni Azərbaycan Partiyasının xüsusu zəhməti, əməyi olub. YAP cəmiyyətə xeyirli, gərəkli fəaliyyəti ilə daim seçilib və ümumxalq partiya olduğunu nümayiş etdirib. Söz yox ki, nailiyyətlərin əldə olunmasında partiyanın rayon təşkilatlarının əməyi az olmayıb. Belə rayon təşkilatlarından biri də, YAP Qaradağ rayon təşkilatıdır.
YAP Qaradağ rayon təşkilatının sədri, partiyanın Siyasi Şurasının üzvü Aydın Hüseynov bildirdi ki, 2009-cu ilin yekunlarının rayon təşkilatının fəaliyyətində əlamətdar və yadda qalan illərdən olub. Xüsusən, 18 mart referendumunda, eləcə də, 23 dekabr bələdiyyə seçkilərində rayon əhalisinin fəal iştirak etdiyini bildirən təşkilat sədri xalqın YAP-ın təşəbbüsünü hər zaman dəstəklədiyini söylədi: "Bu il rayon təşkilatında qadınlar şurasının iclası keçirildi və yeni sədr seçildi. Gənclər təşkilatı əlil və tənha insanlara yardım etmək üçün xüsusi kampaniya keçirdilər. Bu cəmiyyət tərəfindən müsbət addım kimi dəyərləndirildi. 8 mindən çox üzvümüz var. Təkcə ötən il rayon təşkilatına 1027 nəfər üzvülüyə qəbul edilibdir. Partiyaya qəbul olunmaq üçün yeni üzvlər ərizə veribdir. Sədərək ticarət mərkəzinin Lökbatan qəsəbəsinə köçməsi ilə əlaqədar bu müəssisədəki 370 nəfər partiya üzvü də YAP Qaradağ rayon təşkilatına üzvülüyə qəbul edilib".
A.Hüseynovun sözlərinə görə, bu gün Azərbaycanın iştirakı olmadan bölgədə hansısa siyasi, iqtisadi layihənin həyata keçirilməsi qeyri-mümkündür. Təbii ki, bu uğurun əsasında ulu öndər Heydər Əliyevin düşünülmüş və məqsədyönlü siyasəti və bu xəttin hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi dayanır: "Prezident İlham Əliyevin son beş ildə iqtisadi islahatlar sahəsində qazandığı uğurların dövlətimizin beynəlxalq mövqeyinin möhkəmlənməsində xüsusi rol oynayıb. Müəllifi ulu öndər Heydər Əliyev olan, hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən neft strategiyasının ölkəmizə qazandırdığı uğurlar göz qabağındadır. Azərbaycan son illər iqtisadi artımın sürətinə görə dünyada birinciliyi ələ alıb. İqtisadi tərəqqi güclü sosial siyasətə zəmin yaradır. Əhalinin sosial müdafiəsinin gücləndirilməsi dövlətin həyata keçirdiyi iqtisadi siyasətin əsasını təşkil edir".
A. Hüseynov o fikri xususi ilə vurğuladı ki, ulu öndər Heydər Əliyevin uğurlu siyasəti ölkə Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilib xalqımıza xoşbəxt, firavan həyat bəxş edib: "Ölkəmizdə hər bir seçki prosesinin dünya standartlarına uyğun keçirilməsi üçün lazımi şərait yaradılır. 15 oktyabr 2008-ci ildə keçirilən prezident seçkilərində, 2009-cu ilin 18 mart ümumxalq səs verməsində, eləcə də, dekabırın 23-də baş tutan bələdiyyə seçkilərində xalq birmənalı mövqeyini ortaya qoymuşdur. Demokratik cəmiyyətin varlığını təsdiqləyən amillərdən biri kimi, seçkilərin azad, ədalətli keçirilməsi yönümündə atılan addımlar 23 dekabr bələdiyyə seçkilərində bir daha özünü təsdiqlədi. Azərbaycanın demokratiya yolunda növbəti addımı kimi dəyərləndirilən bu seçkilərdə müasir texnologiyaların tətbiqi şəffaflığın və aşkarlığın təmin olunmasında mühüm rol oynadı".
Geridə buraxdığımız 2009-cu ilin ölkəmiz üçün olduqca uğurlu və əlamətdar hadisələrlə zəngin il olduğunu söyləyən A.Hüseynov onu da qeyd etdi ki, bu ildə də ulu öndər Heydər Əliyevin müəyyənləşdirmiş olduğu inkişaf yolu Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildi. Elə bu uğurlu siyasətin nəticəsidir ki, ölkəmizin iqtisadi qüdrəti daha da artaraq, siyasi arenada güclü dövlət kimi özünü təsdiq edib: "Güclü dövlətə və dövlətçilik ənənələrinə, siyasi sabitliyə, davamlı iqtisadi inkişafa, sülhsevər xarici siyasətə malik hər bir azərbaycanlının vətəni olan müstəqil Azərbaycan dövlətini dünyaya qovuşduran ulu öndərin müstəqil dövlət quruculuğu modeli, prinsipləri dünya siyasi təcrübəsini zənginləşdirməyə xidmət edib. Bütün dünya üzrə müqayisəli təhlil aparsaq, görərik ki, Azərbaycanın 5-6 il ərzində əldə etdiyi uğurları heç bir ölkə əldə edə bilməyib. Bütün bu nailiyyətlərə ölkə Prezidenti İlham Əliyevin düzgün və məqsədyönlü siyasətinin nəticəsində nail olunub. Digər bir əsas məqam isə, Prezidentin xalqla həmişə təmasda olmasıdır. Eyni zamanda, milli-mənəvi dəyərlərə hörmət, tarixi kökümüzə qayıdış və bir çox məsələlər cənab İlham Əliyevin xalq tərəfindən bu qədər dərin bir sevgi ilə əhatə olunmasına zəmin yaradıb".
A.Hüseynovun sözlərinə görə, əvvəlki illər kimi, 2009-cu il də xalqımızın həyatında, o cümlədən, Yeni Azərbaycan Partiyasının 500 mindən çox olan üzvünün həyatında böyük nailiyyətlər ili kimi qalacaq. 2009-cu ilin sonunda ölkə Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin əhalinin təbii qazdan istifadəsi üzrə yaranmış borclarının silinməsi tədbirləri barədə imzaladığı Sərəncam Azərbaycan xalqına layiqli bayram töhfəsi oldu: "Yeni Azərbaycan Partiyasının Sədri, ölkə Prezidenti İlham Əliyev həmişə xalqımızın sosial və digər problemlərinin həlli istiqamətində böyük addımlar atıb. Ölkə Prezidentinə dəstək olan YAP üzvləri bu işlərin həyata keçirilməsində həmişə öncül sırada olublar. Çünki YAP, nəinki regionda, eyni zamanda, Cənubi Qafqazda ən böyük siyasi gücə malikdir. Bunun başlıca meyarı Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin müəyyənləşdirmiş olduğu siyasi kursla bağlı olmasıdır".
Təşkilat sədri onu da vurğuladı ki, 2009-cu ilin yekunlarına görə, kənd təsərrüfatı 3,3 faiz, rabitə sahəsində 12,8 faiz, ticarət sahəsində 9,4 faiz və nəqliyyat sahəsi 7,7 faiz artım qeydə alınıb: "Dünyanın əksər ölkələrində gedən kəskin böhrana baxmayaraq, Azərbaycanda makroiqtisadi sabitlik, iqtisadi artım, yoxsulluq səviyyəsinin azalması və əhalinin maddi rifah halının yüksəldilməsi 2009-cu ildə davam etdirilib. 2009-cu ildə əhalinin banklardakı əmanətləri 18,4 faiz artaraq, 2 milyarda 125 min manat təşkil edib. İqtisadiyyata bank və kredit təşkilatlar tərəfindən kredit qoyuluşunun həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 18-19 faiz və ya 1,3 milyard manat artaraq, 7,9 milyard manat təşkil edib. ÜDM-in əhalinin hər nəfərinə düşən həcmi hazırda 5 min dollara çatıb. 2004-cü ildə bu rəqəm 1000 dollara yaxın, 2005-ci ildə 1200 dollar olub. Sənaye, kənd təsərrüfatı, nəqliyyat, rabitə və tikinti sahələrində artım müşahidə olunur. Yəni, Azərbaycan bu nəticələrə yalnız neft sektorunun sürəkli inkişafı hesabına deyil, həm də qeyri-neft sektorunun inkişafı hesabına nail olur. Habelə, neft gəlirlərindən səmərəli istifadə olunduğundan, əhalinin yaşayış səviyyəsi də ÜDM-in artım tempinə uyğun yaxşılaşır. "Əsrin müqaviləsi" çərçivəsində görülən işlər nəticəsində Azərbaycanda neft hasilatı bu il 50 milyon tona çatıb. Hökumətin qarşısında duran əsas məsələ insanların yaşayış səviyyəsinin yüksək olması və yoxsulluğun tezliklə ləğvidir. Azərbaycanın əsas makroiqtisadi proqnoz göstəricilərinə əsasən, 2010-cu ildə 31,8 mlrd. manat həcmində ÜDM-in istehsal olunacağı proqnozlaşdırılır ki, bu da 6,8 faizlik real artım deməkdir. Lakin beynəlxalq təşkilatlar və ekspertlər bunun daha çox olacağını proqnozlaşdırırlar. Proqnozlara görə, 2010-cu ildə qeyri-neft sektorunun ÜDM-də xüsusi çəkisi 62,4 faiz səviyyəsində proqnozlaşdırılır. ÜDM-in tərkibində sənaye sahəsi üzrə 7,8 faizlik artım gözlənilir. Qeyri-neft sənayesində 2,4 faiz səviyyəsində real artım ola bilər. Ümumilikdə, kənd təsərrüfatında 4 faiz, nəqliyyatda 9,3 faiz, rabitədə 17 faiz, sosial və digər xidmətlər üzrə 3,1% səviyyəsində artım proqnozlaşdırılır. Əldə olunmuş uğurlar nəticəsində, Dünya İqtisadi Forumunun makroiqtisadi sabitlik, əmək bazarının səmərəliliyi, dövlət idarəetməsinin, infrastrukturun və maliyyə bazarının mükəmməllik səviyyəsi və bu kimi digər mühüm meyarlar əsasında 2009-2010-cu il üçün hazırladığı "Qlobal Rəqabətlilik Hesabatı"nda Azərbaycan 18 pillə irəliləyərək, 133 ölkə arasında 51-ci yerə, MDB ölkələri arasında isə 1-ci yerə yüksəlib. Bu hesabatda qonşu ölkələrdən Türkiyə 61-ci, Rusiya 63-cü, Qazaxıstan 67-ci, Ukrayna 82-ci, Gürcüstan 90-cı yerdədir. Bu dövrdə bütün maliyyə mənbələri hesabına əsas kapitala qoyulmuş investisiyanın həcmi son beş ildə 33,5 milyard manat təşkil edib, bunun 53,2 faizi daxili, 46,8 faizi isə xarici investisiyalar olub. 2008-ci ildə istifadə edilmiş investisiyanın həcmi 2003-cü il səviyyəsini 3 dəfə üstələyib, adambaşına düşən investisiyanın həcmi 2003-cü illə müqayisədə 605,8 manat çox olub. 2003-cü ildə ümumi investisiyaların həcmində daxili investisiyaların payı 24,8 faiz olduğu halda, 2008-ci ildə bu göstərici 78,6 faiz təşkil edib".
A.Hüseynov onu da bildirdi ki, hazırkı durumda Azərbaycan dünyada hökm sürən qlobal maliyyə böhranından ziyan çəkməyən və sabit inkişafda olan çox az sayda ölkədən biridir. Bütün bunlar isə, onu göstərir ki, ölkə rəhbərliyi düzgün iqtisadi siyasət yeridir və bu siyasət Azərbaycanda yeni bir inkişaf dövrünün əsasını qoyub.

Digər xəbərlər