Küveytin “Kuwait-1” dövlət peyk kanalında Azərbaycana həsr olunmuş film nümayiş etdirilib
Azərbaycanın Küveytdəki səfirliyindən bildiriblər ki, yanvarın 9-da bu ölkənin "Kuwait-1" dövlət peyk kanalında Azərbaycan Respublikasına həsr olunmuş iyirmi dəqiqəlik film mümayiş etdirilib. Səfirliyin Küveytin İnformasiya Nazirliyinə təqdim etdiyi materiallar əsasında hazırlanmış filmdə Azərbaycanın zəngin tarixi, mədəniyyəti, incəsənəti, ümummilli liderimiz Heydər Əliyev tərəfindən təməli qoyulmuş daxili və xarici siyasəti Prezident İlham Əliyevin uğurla davam etdirməsi, əldə olunmuş ictimai-siyasi sabitlik, ardıcıl həyata keçirilən sosial-iqtisadi islahatlar, ölkəmizin elmi-texniki potensialı, inkişaf etmiş iqtisadiyyatı, turizm imkanları, münasib investisiya mühiti, neft strategiyası geniş şəkildə işıqlandırılıb.
Filmdə, xalqımızın taleyüklü problemi olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə xüsusi yer ayrılıb. Azərbaycan ərazilərinin ermənilər tərəfindən işğalı zamanı törədilmiş vəhşiliklər, insan tələfatı, tarixi abidələrimizin məhv edilməsi, yandırılması, məktəblərin, muzeylərin, xəstəxanaların dağıdılması, xalqımıza dəyən maddi və mənəvi ziyan, o cümlədən Xocalı soyqırımı barədə tamaşaçılara rəqəmlər və videomateriallar əsasında ətraflı məlumat verilib.
Nizami Cəfərov: "Mədəniyyət haqqında" qanun təkmilləşdiriləcək
"Milli Məclisin yaz sessiyasında Mədəniyyət komitəsinin əsas işi "Mədəniyyət haqqında" qanunun təkmilləşdirilməsi ilə bağlı olacaq". Bu sözləri Milli Məclisin Mədəniyyət komitəsinin sədri Nizami Cəfərov deyib. N.Cəfərov bildirib ki, bu qanun 11 il əvvəl qəbul olunub və müasir dövrün tələblərinə cavab vermir. Çünki ötən müddət ərzində mədəniyyət sahəsində xeyli inkişaf baş verib. Komitə sədrinin sözlərinə görə, qanun bu sahədə bütün yenilikləri əks etdirməlidir. Buna görə də, parlament komitəsi Mədəniyyət və Turizm Nazirliyi ilə birgə qanunun təkmilləşdirilməsi istiqamətində iş aparır.