H1N1 pandemik qripə qarşı vaksinlər risk qrupuna daxil olanlara vurulacaq
Ümumdünya Səhiyyə Təşkilatının 27 dekabr 2009-cu il tarixli məlumatına əsasən, pandemik H1N1 2009 qripi ilə xəstələnmə dünyanın 208 ölkə və ərazisində qeydə alınmış, 12 min 220 ölüm halı aşkarlanmışdır. Səhiyyə Nazirliyinin mətbuat xidmətinin məlumatına istinadən, pandemik (H1N1) 2009 virusu ilə bağlı ölüm hallarına dair məlumata əsasən, Afrikada 130 nəfər, Amerika qitəsi üzrə ən azı 6 min 670 nəfər, Şərqi Aralıq dənizi regionu üzrə 693 nəfər, Avropa üzrə ən azı 2 min 422 nəfər, Cənubi-Şərqi Asiya Regionu üzrə 1 min 56 nəfər, Sakit Okeanın Qərb hissəsi regionu üzrə 1 min 249 nəfər dünyasını dəyişmişdir. Təşkilitın rəsmi məlumatında ümumi olaraq 12 min 220 nəfər virus daşıyıcısı olaraq ölmüşlər.
Yuxarıda göstərilən statistik rəqəm qorxu hissini Azərbaycanda yaşatmaqdadır. Azərbaycanın adı "donuz qripi" aşkarlanan ölkələr sırasına düşdü. Bu gözlənilən hal idi. Belə ki, Azərbaycan "donuz qripi"nin aşkar edildiyi ölkələrlə hava və yerüstü əlaqələr saxlayır və yoluxmuş insanların da bizimlə təmasda olması normal bir haldır. 2010-cu ilin yanvar ayının ilk ongünlüyünün məlumatına əsasən, Azərbaycanda bu günə qədər cəmi 14 pandemik H1N1 2009 qripi ilə xəstələnmə hadisəsi qeydə alınmışdır. Bu xəstəlikdən isə dünyasını dəyişən olmamışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi müvafiq tədbirlərin həyata keçirilməsini davam etdirməkdədir.
Dünyanı bürüyən H1N1 pandemik qripinə qarşı vaksinlərin Azərbaycana gətirilməsi zəruriəti yaranmışdır. Bunun nəticəsi olaraq H1N1 pandemik qripə qarşı vaksinlər, nəhayət, Azərbaycana çatdırıldı. GlaxoSmithKlein şirkəti tərəfindən istehsal edilmiş H1N1 pandemik qripə qarşı inaktivləşdirilmiş vaksinlərin paylaşdırılmasına başlanacaq. Səhiyyə Nazirliyinin məlumatına istinadən, ilkin mərhələdə gətirilən vaksinlər əsasən, risk qrupuna daxil olan vətəndaşlara könüllü olaraq vurulacaq.
Qeyd etdiyimiz kimi, Azərbaycanda bu yoluxucu xəstəlikdən ölən olmasa da, dünya ölkələrində bu yoluxucu xəstəlikdən ölüm hallarının statistikası gündən-günə yenilənməkdədir. Bu xəstəliyin bütün Yer kürəsini bürüyəcəyi istisna edilmir. Belə bir mülahizə var ki, planet əhalisinin üçdə biri bu qripə yoluxa bilər. Ümumdünya Səhiyyə Təşkilatı pandemiya vəziyyəti ilə məlumat verərkən, bildirmişdir ki, son 40 ildə ilk dəfədir ki, belə yoluxucu xəstəlik özünü göstərir. Qripin aşkarlandığı ölkələrin sayı isə gündən-günə artmaqdadır. Bir çox ölkələrdə qripin yayılmasına qarşı təcili və fövqəladə tədbirlər davam etdirilir.
Bir sıra ölkələrdə hava limanlarında, dəniz vağzallarında, sərhəd - buraxılış məntəqələrində insanların bu qripə yoluxmuş olduğunu aşkarlayan kameralar qoyulmuşdur. Bəzi ölkələr isə ət idxalını dayandırıb. Xüsusilə, bu "donuz qripi" ən çox yayılmış Meksikaya aid olunur.
Bir daha xatırladırıq ki, xəstəliyin simptomları hesab edilən hərarət qalxması, öskürək, boğaz ağrısı, baş ağrısı, üşümə və zəiflikdir. Səhiyyə nazirliyi xəbərdarlıq edir ki, belə olan halda, təcili həkimə müraciəst olunsun.