Akademik Abel Məhərrəmovun elmi əsərlərinin biblioqrafiyası çapdan çıxıb
Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, Milli Məclisin deputatı, Bakı Dövlət Universitetinin rektoru, əməkdar elm xadimi Abel Məmmədəli oğlu Məhərrəmovun 1973-2009-cu illəri əhatə edən elmi əsərlərinin biblioqrafiyası nəşr edilib.
Nəşrə alimin Azərbaycan, rus, ingilis, türk və başqa dillərdə elmi-puplisistik əsərləri, elmi konqreslərin, konfransların, sessiyaların, simpoziumların materiallarında işıq üzü görmüş məqalələri, dövri mətbuatda dərc olunmuş çıxışları və müsahibələri daxil edilib. Biblioqrafiyada ölkənin uğurlu daxili və xarici siyasəti, Milli Məclisin işi, xarici ölkələrdən gəlmiş deputatlar və qonaqlarla görüşləri, habelə səfərləri ilə bağlı məqalələr xronoloji ardıcıllıqla verilib. Kitaba, həmçinin akademik Abel Məhərrəmovun çoxşaxəli fəaliyyəti barədə məqalələr və görkəmli alimlərin, ictimai-siyasi xadimlərin rəyləri daxil edilib. Ayrı-ayrı bölmələrdə alimin bioqrafiyası, elmi-pedaqoji, habelə ictimai-siyasi fəaliyyətinin əsas mərhələləri barədə materiallar yer alıb. Biblioqrafiyada akademikin ixtiraları və kəşflərinə, elmi axtarışlarının nəticələrinə dair məlumatlar əksini tapıb. Burada alimin xarici ölkələrə səfərlərinə və görüşlərinə, müxtəlif ölkələrin dövri mətbuatında və mötəbər elmi nəşrlərində dərc olunmuş materiallara geniş yer ayrılıb. Biblioqrafiyada bütövlükdə 710 elmi məqalə və tezis, 44 patent, 44 dərslik və dərs vəsaiti və s. barədə məlumat verilir.
AMEA-nın rəyasət heyətinin qərarı ilə "Azərbaycanın elm və mədəniyyət xadimləri" seriyasından "Çaşıoğlu" nəşriyyatı tərəfindən çapdan buraxılan biblioqrafiya arzu edənlərə akademik Abel Məhərrəmovun genişmiqyaslı fəaliyyəti ilə tanış olmaq imkanı yaradır və bu baxımdan çox dəyərli, zəngin informasiya mənbəyidir.