PDF Oxu

Sosial

  • 17

2010-cu ildə Azərbaycanda maliyyə sabitliyi qorunacaq

2010-cu ildə Azərbaycanda maliyyə sabitliyi qorunacaq
2009-cu il dünya iqtisadiyyatı üçün dərin maliyyə böhranı, maliyyə sektoru və kapital bazarlarının fəaliyyətinin pozulması, iqtisadi tənəzzül və işsizliyin artması ilə səciyyəvi oldu. Bu şəraitdə məcmu qlobal tələbi dəstəkləmək üçün bir çox ölkələrdə əlahiddə maliyyə qoyuluşu və iqtisadiyyata yardım proqramları həyata keçirildi. Bununla belə, qlobal iqtisadiyyatın bərpası hələ də ləng, qeyri-sabit və qeyri-bərabər gedir, əhəmiyyətli risklər hələ də qalmaqdadır.
Qlobal böhran dünya iqtisadiyyatına sıx inteqrasiya olunmuş Azərbaycan iqtisadiyyatı üçün də əhəmiyyətli risklər yaratmışdı. Lakin dövlət başçısı İlham Əliyev tərəfindən son illər uğurla həyata keçirilən inkişaf və modernləşdirmə strategiyası sayəsində Azərbaycan iqtisadiyyatı qlobal böhrana yüksək dözümlülük nümayiş etdirərək, öz müvazinətini itirmədi, artım dinamikasını və əldə olunmuş sosial inkişaf səviyyəsini qoruya bildi. Ölkədə güclü sabitlik potensialının yaradılması şəraitində Azərbaycan Mərkəzi Bankının həyata keçirdiyi antiböhran siyasəti makroiqtisadi və maliyyə sabitliyinin qorunmasına imkan verdi.
Sözsüz ki, ölkəmiz də dünyanın bir hissəsi olduğundan, qlobal böhran tam təsirsiz keçə bilməzdi. Ötən il böhran Azərbaycana da müəyyən təsir göstərdi və milli iqtisadiyyat bir sıra risklər ilə üzləşdi. Qlobal böhranın ölkəyə təsiri, əsasən, neftin və digər qeyri-neft ixrac məhsullarının qiymətinin aşağı düşməsi, bank sisteminə xarici kredit axınlarının kəskin məhdudlaşması, xaricdən pul baratlarının azalması vasitəsilə özünü göstərdi.
Bütövlükdə, məcmu tələbin, demək olar ki, bütün xarici maliyyələşmə mənbələrində azalma baş verdi. Qlobal böhran milli iqtisadiyyatda, xüsusilə, valyuta bazarında və bank sektorunda mənfi nəticələrə səbəb oldu, ölkə iqtisadiyyatı makroiqtisadi sabitliyin pozulması (milli valyutanın devalvasiyası və inflyasiyanın yüksəlməsi); maliyyə sabitliyinin pozulması (bankların kredit portfelinin keyfiyyətinin əhəmiyyətli dərəcədə pisləşməsi və əmanətlərin bank sektorundan qaçışı, bankların ödəniş qabiliyyətinin pisləşməsi, iqtisadiyyatın kreditləşməsinin dayanması); iqtisadi resessiyanın baş verməsi, yaradılmış iş yerlərinin itirilməsi riskləri ilə üzləşdi.
Buna baxmayaraq, Azərbaycan iqtisadiyyatı qlobal böhranı kifayət qədər hazırlıqlı və güclü müdafiə resursu ilə qarşıladı. Bu, böhran ərəfəsində ölkədə həyata keçirilmiş rasional makroiqtisadi və monetar siyasət, yaradılmış valyuta ehtiyatları, maliyyə risklərinin qabaqlayıcı rejimdə idarə olunması sayəsində mümkün oldu. Bütün bunlar iqtisadiyyatın "təhlükəsizlik yastığı"nı əhəmiyyətli gücləndirməklə makroiqtisadi və maliyyə sabitliyi potensialını artırdı.
Mərkəzi Bankın antiböhran siyasətindən danışılarkən, xatırladılır ki, 2009-cu ildə Mərkəzi Bankın pul siyasəti antiböhran xarakter daşıyaraq, makroiqtisadi sabitliyin qorunmasına, maliyyə sabitliyinin gücləndirilməsinə, iqtisadiyyata likvidliyin təmin edilməsinə, sistem əhəmiyyətli bankların və müəssisələrin fəaliyyətinin sabitləşdirilməsinə yönəldilib.
Ölkəyə xarici maliyyə axınlarının əhəmiyyətli tərzdə azalmasına, qonşu ölkələrdəki devalvasiya dalğasının psixoloji təsirinə baxmayaraq, manatın məzənnəsinin sabitliyi qorunub. Manatın sabitliyini qorumaq üçün Mərkəzi Bank valyuta bazarında tələb və təklifi vaxtında tarazlaşdırmış, nəticədə manatın məzənnəsinin kəskin ucuzlaşmasının qarşısı alınıb. Manatın məzənnəsinin sabitliyi idxalın və daxili istehsalda istifadə olunan xarici mənşəli əmtəələrin kəskin bahalaşmasının qarşısını alıb.
Daxili istehlak bazarında idxalın xüsusi çəkisinin əhəmiyyətli olması şəraitində yeridilmiş məzənnə siyasəti cari ilin on bir ayında orta illik inflyasiyanın 1,5 faiz səviyyəsində saxlanmasında mühüm rol oynayıb. Aşağı inflyasiya və məzənnə sabitliyi əhalinin sosial vəziyyətinin qorunmasına imkan vermiş, əhalinin pul gəlirlərinin real artımı bu müddətdə 6 faiz olub.
İnflyasiyanın aşağı səviyyəsi və çoxtərəfli məzənnənin əlverişli olması ölkənin rəqabət qabiliyyətliyinin saxlanılmasına imkan verib, cari ilin 11 ayında manatın çoxtərəfli real məzənnəsi 5,5 faiz ucuzlaşıb. Manatın məzənnəsinin sabitliyi həm də əhalinin əmanətlərinin dəyərsizləşməsinin, xarici valyutada borc yükünün artmasının, manata etimadın azalmasının və iqtisadiyyatda yüksək dollarlaşmanın qarşısını alıb.
2009-cu ildə Mərkəzi Bank haqqında qanuna mühüm dəyişikliklərin edilməsi əsasında pul siyasətinin çevikliyinin daha da artırılması və iqtisadiyyata likvidliyin təmin edilməsi iqtisadi artımın qorunmasında mühüm rol oynayıb.
Mərkəzi Bank banklara daha uzun müddətə və müxtəlif valyutalarda kreditlər, o cümlədən, subordinasiya kreditləri vermək imkanlarını əldə edib. Qurum başlıca makroiqtisadi tendensiyaları və real sektorda fəaliyyət göstərən müəssisələrin mikroiqtisadi monitorinqinin nəticələrini nəzərə alaraq, uçot dərəcəsini ötən ilin sonlarından bəri 15 faizdən 2 faizə, məcburi ehtiyat normalarını isə 12 faizdən 0,5 faizə endirdi.
Ümumilikdə, dolayı və birbaşa alətlər hesabına Mərkəzi Bank iqtisadiyyata 2008-ci ilin oktyabrından başlayaraq, təqribən 1,8 milyard manat həcmində likvidlik verib. Bu likvidlik dəstəyi bank sistemi ilə yanaşı, sistem əhəmiyyətli real sektor müəssisələrini (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, Azəralüminium ASC) də əhatə edib, bu şəraitdə cari ilin on bir ayında ölkədə iqtisadi artım 9 faiz təşkil edib.
Manatla geniş pul kütləsi cari ilin II rübündə 2,8 faiz, III rübdə 7,2 faiz, oktyabr-noyabr aylarında isə 6,8 faiz artıb. Bu şəraitdə kreditlər üzrə orta faiz dərəcələri iyun ayından bəri azalmağa doğru meyil göstərir. Ölkədə ipoteka kreditləşməsinin aktivləşməsi Mərkəzi Bankın antiböhran proqramının mühüm alətlərindən biri olub, tikinti sektoru və daşınmaz əmlak bazarına stabilləşdirici təsir göstərib.
Beləliklə, aydın olur ki, ötən il ölkədə maliyyə sabitliyi qorunub. Bəs bundan sonra əsas vəzifələr və 2010-cu il üçün pul siyasəti nədən ibarətdir? Mərkəzi Bank, ekspertlərinin fikrincə, orta və uzunmüddətli dövrdə iqtisadiyyatın, məşğulluğun, büdcə və ixrac gəlirlərinin yüksək dərəcədə şaxələnməsinə nail olmaq, bu əsasda ölkədə uzunmüddətli makroiqtisadi dayanıqlığı təmin etmək və yuxarı orta gəlirli ölkələr qrupuna daxil olmaq ölkə qarşısında duran əsas vəzifədir.
Bununla əlaqədar olaraq Mərkəzi Bank 2010-cu ildə aşağıdakı hədəfləri reallaşdıracaq: inflyasiyanın aşağı səviyyədə saxlanması; manatın məzənnəsinin sabitliyinin qorunması; bank-maliyyə sektorunda sabitliyin dərinləşdirilməsi; inflyasiya hədəfi çərçivəsində iqtisadiyyatın pula tələbatının ödənilməsi.
2010-cu ildə Mərkəzi Bank öz mandatından irəli gələrək, 3 faiz səviyyəsində orta illik rəsmi inflyasiya proqnozunun reallaşmasına dəstək verəcək. Bu hədəfin reallaşması orta və uzunmüddətli iqtisadi dayanıqlığın təmin olunmasında mühüm vasitədir. 2010-cu ildə də manatın məzənnəsinin sabitliyinin qorunması siyasəti həyata keçiriləcək. Neftin qiymətinin proqnozunun ən konservativ ssenarisində belə, ölkənin tədiyə balansında kifayət həcmdə profisitin proqnozlaşdırılması manatın məzənnəsinin sabitliyi üçün fundamental əsasdır.
Məzənnə siyasəti yeridilərkən ölkənin beynəlxalq rəqabət qabiliyyətinin qorunması da nəzərə alınacaq. Yeni ildə iqtisadiyyatın kredit və likvidlik ehtiyaclarının çevik ödənilməsi təmin ediləcək, real sektorun dəstəklənməsinin yeni likvidlik mexanizmləri yaradılacaq, faiz dərəcələrinin azalması istiqamətində də tədbirlər həyata keçiriləcəkdir.
Orta müddətli dövrdə Mərkəzi Bank postböhran dövrünün tələblərinə uyğun olaraq, yeni pul siyasəti çərçivəsinin formalaşmasına və tətbiqinə başlayacaq. Pul siyasətinin yeni çərçivəsinin effektiv tətbiqi üçün sərbəst məzənnə rejiminə tədrici keçidin təmin olunması, banklararası pul bazarının dərinləşməsi və digər institusional işlərin həyata keçirilməsi diqqət mərkəzində saxlanılacaq.
2010-cu ildə yeni poçt-bank maliyyə xidməti və vasitəçiliyi şəbəkəsi işə salınacaq. Qeyri-nağd ödənişlərin miqyasının artırılması, o cümlədən, kommunal ödənişlərin vahid ödəniş sistemi arxitekturasına inteqrasiyası davam etdiriləcək. Orta müddətli dövrdə bank nəzarətinin qlobal vəzifələrə tam uyğunlaşması təmin olunacaq.
2010-cu ildə ölkənin dayanıqlı iqtisadi inkişaf prioritetlərini əsas götürərək, Mərkəzi Bank manatın məzənnəsinin sabitliyini, aşağı inflyasiyanı təmin edəcək, maliyyə sektorunun sabitliyini və dayanıqlığını qoruyacaq, iqtisadi artımı və məşğulluğu dəstəkləyəcək.

Digər xəbərlər