PDF Oxu

Sosial

  • 6

Milli Məclisin payız sessiyasının sonuncu iclası keçirildi

Milli Məclisin payız sessiyasının sonuncu iclası keçirildi
Dünən Milli Məclisin payız sessiyasının sonuncu iclası keçirildi. Əvvəlcə cari məsələlərə baxıldı. Milli Məclisin sədri Oqtay Əsədov deputatların qaldırdıqları məsələlərə münasibətini bildirdi.
Sonra parlamentin Regional Məsələlər Komitəsinin sədri Arif Rəhimzadə "Bələdiyyələrin dövlət reyestrinin aparılması və onlara şəhadətnamənin verilməsi haqqında" Əsasnamənin təsdiq edilməsi barədə" qanun layihəsini müzakirəyə təqdim etdi. A.Rəhimzadə bildirdi ki, bu Əsasnamə "Bələdiyyələrin statusu haqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, bələdiyyələrin dövlət reyestrinin aparılması və onlara şəhadətnamənin verilməsi qaydasını müəyyən edəcəkdir: "Dövlət reyestri - Azərbaycan Respublikası bələdiyyələri barədə sənədləşdirilmiş məlumatları əks edirən dövlət informasiya ehtiyatı mənbəyidir. Qanuna uyğun olaraq, ölkəmizdə mövcud olan, habelə, qanunla müəyyən edilmiş qaydada yeni yaradılmış, birləşmiş, yaxud ayrılmış bələdiyyələr dövlət reyestrinə daxil edilir və onlara şəhadətnamə verilir. Bələdiyyələrin dövlət reyestrinə daxil edilməsi və onlara şəhadətnamənin verilməsi Milli Məclis Aparatının müvafiq struktur bölməsi tərəfindən aparılacaqdır".
A.Rəhimzadə onu da vurğuladı ki, bələdiyyələrin dövlət reyestrinin aparılması, əsasən, mühüm məsələlərin həllinə yönəldilib: "Hazırda, yerli özünüidarəetmə orqanları haqqında məlumat bazası yaradılır. 10 ildən çox fəaliyyət göstərən bələdiyyələrə şəhadətnamə verilir. Eyni zamanda, bu orqanlara onların mülkiyyətində olan torpaqları, əraziləri əks etdirən xəritələr veriləcək, mülkiyyət formaları göstəriləcəkdir. Bu prossesin icrası müvafiq icra hakimiyyəti tərəfindən hazırlanmış xüsusi proqram çərçivəsində həyata keçiriləcəkdir".
Qanun layihəsinin müzakirəsi zamanı deputatlar bir sıra təkliflərlə çıxış etdilər. Müzakirələrin sonunda qanun layihəsi səsə qoyularaq qəbul olundu.
İclasda, həmçinin, "Azərbaycan Respublikasının vergi orqanlarının 10 illiyi (2000-2010)" Azərbaycan Respublikası yubiley medalının, "Vergi orqanlarında xidmətdə fərqlənməyə görə" və "Vergi orqanları ilə səmərəli əməkdaşlığa görə" Azərbaycan Respublikası medallarının təsis edilməsi haqqında" qanun layihəsinə baxıldı.
Milli Məclisin Hüquq Siyasəti və Dövlət Quruculuğu Komitəsinin sədri Əli Hüseynov bildirdi ki, ümummilli liderimiz Heydər Əliyevin 2000-ci ildə imzaladığı fərmanla Azərbaycan Respublikasının Vergilər Nazirliyinin yaradılmasının 10-cu ildönümü ərəfəsində vergi sisteminin inkişafındakı xidmətlərinə görə, dövlət vergi orqanları əməkdaşlarının və qanunda nəzərdə tutulmuş digər şəxslərin təltif olunması ilə bağlı təkliflər irəli sürüldü. Ə.Hüseynov bu məsələnin həlli ilə əlaqədar Azərbaycan Prezidenti qanunvericilik təşəbbüsü ilə çıxış edərək, qanun layihəsinin parlamentə göndərildiyini bildirdi.
Müzakirələr zamanı deputatlar bu sənədə də müsbət münasibət bildirdilər. Daha sonra Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə Milli Məclisin müraciəti qəbul olundu. Müraciətdə Azərbaycan xalqını təbrik edən millət vəkilləri azərbaycanlıları həmişə vahid mövqedən çıxış etməyə dəvət etdilər. Müraciətdə, həmçinin, Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında dünya azərbaycanlılarının böyük rolu olduğu bildirilməklə yanaşı, bu yöndə fəaliyyətin davam etdirilməsinin zəruriliyi vurğulanır.
İclasa yekun vuran Milli Məclisin sədri Oqtay Əsədov parlamentin rəhbərliyi adından deputatlara səmərəli fəaliyyətlərinə görə minnətdarlığını bildirdi, Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə Azərbaycan xalqını və deputatları təbrik etdi.
Milli Məclisin 2009-cu il payız sessiyası bağlı elan edildi. İclasın sonunda Azərbaycan Respublikasının dövlət himni səsləndirildi.

Digər xəbərlər