“Azərbaycanın sülhməramlı əməliyyatlarda iştirakı haqqında” qanun qəbul oldu
Dünən Milli Məclisin keçirdiyi növbəti iclasında bir çox qanunlar, o cümlədən, "Bank olmayan kredit təşkilatları haqqında", "Azərbaycanın sülhməramlı əməliyyatlarda iştirakı haqqında", "İnsanın immun çatışmazlığı virusunun törətdiyi xəstəliklə mübarizə haqqında", "Bələdiyyələrin dövlət reystrinin aparılması və onlara şəhadətnamənin verilməsi haqqında", "Pambıqçılıq haqqında" Azərbaycan Respublikası qanun layihələri plenar iclasın gündəliyinə salınmışdır. Milli Məclisin plenar iclasında ilk olaraq, "Bank olmayan kredit təşkilatları haqqında" qanun layihəsi (üçüncü oxunuş) müzakirəyə təqdim olundu. Milli Məclisin İqtisadi Siyasət Komitəsinin sədri Ziyad Səmədzadə bildirdi ki, layihənin birinci və ikinci oxunuşlarda müzakirəsi zamanı deputatlar tərəfindən irəli sürülən təkliflər nəzərə alınıb. Qeyd edək ki, belə bir qanunun qəbulunda məqsəd ölkəmizdə hüquqi, hüquqi və fiziki şəxslərin maliyyə resurslarına olan ehtiyaclarının daha dolğun ödənilməsi, maliyyə xidmətlərindən istifadəsi üçün əlverişli şəraitin yaradılması məqsədilə bank olmayan kredit təşkilatlarının təsis edilməsi, idarə olunması və fəaliyyətinin tənzimlənməsi qaydalarını müəyyən etməkdir.Qanun layihəsi üçüncü oxunuşda təsdiq olundu.
"Azərbaycan Respublikasının sülhməramlı əməliyyatlarda iştirakı haqqında" qanun layihəsi isə ikinci oxunuşda müzakirə edildi. Milli Məclisin Təhlükəsizlik və Müdafiə Komitəsinin üzvü, YAP İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzov bildirdi ki, hazırda Azərbaycanın sülhməramlı əməliyyatlarda iştirakı beynəlxalq ikitərəfli sənədlərə əsasən müəyyən edilir.
S.Novruzov bildirdi ki, deputatların təklifləri nəzərə alınaraq, birinci oxunuşdan sonra layihə üzərində iş davam etdirilib və bu gün qanun layihəsi ikinci oxunuşa təqdim olunub: "Azərbaycan Respublikası sülhməramlı əməliyyatlarda iştirak edib. Lakin qeyd edim ki, bu iştirakın özü ikitərəfli dövlətlərarası münasibətlər və müqavilələr əsasında həyata keçirilibdir: "Sülhün qorunması, bərqərar edilməsi və ya bərpası üzrə əməliyyatlarda iştirak edən Azərbaycan hərbi qulluqçularının sosial müdafiəsi, həmçinin, onların ailə üzvlərinə əlavə sosial imtiyazların və təminatların verilməsi kimi məsələlər konkret qanunla tənzimlənməlidir. Qanun layihəsinin konseptual baxımdan vacibliyi göstərir ki, ölkəmizdə bu sahənin hüquqi bazası formalaşdırılmalıdır".
Qanun layihəsinin 4 fəsil və 19 maddədən ibarət olduğunu deyən S. Novruzov layihənin ayrı-ayrı müddəaları ilə bağlı məlumat verdi. Bildirdi ki, 1-ci fəsildə ümumi müddəalardan bəhs edildiyini bildirdi. Millət vəkili qeyd etdi ki, bu qanunun qəbul olunması ölkəmizdə bu sahənin hüquqi bazasının formalaşdırılmasına geniş imkan verəcək.
Müzakirələrdə çıxış edən deputat Zahid Oruc bildirdi ki, sənəddə Azərbaycan özü təcavüzə məruz qalmazsa, bütün dövlətlərlə münasibətlərdə güc tətbiq etməkdən və ya güc tətbiq etməklə hədələməkdən imtina etməsi ilə bağlı müddəa əksini tapıb: "Bu müddəanın davamı olaraq, qeyd olunur ki, digər dövlətlərlə ərazi mübahisələri və münaqişələri, yaxud digər mübahisə və münaqişələr yarandıqda, Azərbaycan ilk növbədə, tənzimləmənin və vasitəçiliyin mövcud olan dinc mexanizmlərini tətbiq etməlidir. Azərbaycanın, yaxud onun vətəndaşlarının iştirakı ilə beynəlxalq, yaxud beynəlxalq xarakter daşımayan münaqişə baş verdiyi təqdirdə və həmin münaqişənin dayandırılması, tənzimlənməsi üçün iştirak, vasitəçilik və müdaxilə tələb olunduqda, Azərbaycan BMT və ATƏT-in strukturuna bu barədə dərhal məlumat verməli, həmin təşkilatlar yardım və vasitəçilik etməyə hazır olduqları halda, ilk növbədə, onların yardımını, yaxud vasitəçiliyi qəbul etməlidir. Azərbaycan öz ərazisində sülhməramlı əməliyyatlar aparmaq üçün digər dövlətlərə, yaxud beynəlxalq təşkilatlara müraciət edə və ya onlardan yardım istəyə bilər. Məncə, bu müddəalar ətrafında ciddi düşünülməlidir. Sülhməramlıların iştirakı ilə bağlı kvota müəyyən edilməlidir".
Millət vəkili Aydın Həsənov bildirdi ki, bu sənədin müzakirəsi çox önəmlidir. Onun sözlərinə görə, sülhün qorunmasında, terrorizmə qarşı mübarizədə Azərbaycanın iştirakı çox önəmlidir.
Qüdrət Həsənquliyev deputat Zahid Orucun qaldırdığı məsələyə diqqətlə yanaşılmasını vacib saydı. Deputat, həmçinin, sənədə bir müddəanın əlavə olunmasını təklif etdi. Onun sözlərinə görə, qanun layihəsinə BMT-nin mandatı olmadan sülhməramlı əməliyyatların keçirilməsinin qadağan edilməsi barədə müddəa əlavə olunmalıdır: "Bundan başqa, Azərbaycan əraziləri işğaldan azad olunmaya qədər humanitar yardımlar etməklə kifayətlənməlidir".
Milli Məclisin Hüquq Siyasəti və Dövlət Quruculuğu Komitəsinin sədri Əli Hüseynov, deputatlardan Xanhüseyn Kazımlı, İsa Həbibbəyli və Fazil Mustafa layihə ilə bağlı fikirlərini bildirdilər, təkliflərlə çıxış etdilər. Çıxışlarda vurğulandı ki, belə bir qanunun olması ölkəmizin maraqlarına cavab verir.
Müzakirələrdən sonra qanun layihəsi ikinci oxunuşda qəbul edilib. Milli Məclisin Hüquq Siyasəti və Dövlət Quruculuğu Komitəsinin sədri Əli Hüseynovun təqdimatından sonra "Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikasının Qanununa dəyişiklik edilməsi barədə" qanun layihəsi də qəbul olundu.
Milli Məclisin Sosial Siyasət Komitəsinin sədr müavini Musa Quliyev "İnsanın immun çatışmazlığı virusunun törətdiyi xəstəliklə (HİV infeksiyası ilə) mübarizə haqqında" qanun layihəsini (birinci oxunuş) müzakirəyə təqdim etdi. Qeyd olundu ki, ilk dəfə Milli Məclis belə bir qanunu 1996-cı ildə qəbul edib. Amma hazırda qüvvədə olan qanun günümüzün tələblərinə cavab vermir. Ona görə yeni qanuna ehtiyac yaranıb. Musa Quliyevin sözlərinə görə, 1996-cı ildə ölkəmizdə cəmi iki nəfərin HİV infeksiyasına yoluxduğu aşkar edilmişdi. Ən son məlumatlara görə isə, indiyədək ölkəmizdə bu xəstəliyə yoluxan 2224 nəfər aşkar edilib. Azərbaycanda HİV infeksiyasının aşkar edildiyi insanların 88,3 faizi kişilər, 11,7 faizi qadınlardır. M.Quliyev onu da bildirdi ki, Azərbaycanda aşkar olunan xəstələrin 63 faizi narkotiklərdən istifadə nəticəsində, 23,3 faizi cinsi yolla, 11,1 faizi qeyri-müəyyən səbəblərdən bu xəstəliyə yoluxublar. Bir qisim isə donor qanın köçürülməsi və xəstəliyin anadan uşağa ötürülməsi yolu ilə HİV infeksiyasına düçar olub.
Çıxışda o da qeyd olundu ki, indi bütün dünyada bu xəstəliyə münasibət dəyişib. Bir çox ölkələr bununla bağlı qanunvericiliklərinə dəyişikliklər ediblər. Bu zaman daha çox HİV infeksiyasına tutulanların hüquqlarının qorunması, onların cəmiyyətə inteqrasiyası kimi məsələlər önə çəkilib. Bu qanun layihəsində də problemlə bağlı yeni baxışlar ehtiva olunub. Layihənin preambula hissəsində qeyd olunduğu kimi, qəbul edildikdən sonra bu qanun Azərbaycanda immun çatışmazlığı virusunun törətdiyi xəstəliyin profilaktikasının, diaqnostikasının, müalicəsinin, HİV-lə yaşayan şəxslərə tibbi və sosial-psixoloji yardım göstərilməsinin hüquqi əsaslarını müəyyən edəcək, bu sahədə yaranan münasibətləri tənzimləyəcək.
Müzakirələrdən sonra qanun layihəsi ikinci oxunuşda qəbul edildi.
Qeyd edək ki, gündəlikdə olan digər qanun layihələri Milli Məclisin dekabrın 25-də keçiriləcək növbəti iclasında müzakirə ediləcək.