Məzahir Pənahov: “Azərbaycanda dekabrın 23-də keçirilən bələdiyyə seçkiləri Seçki Məcəlləsinin tələblərinə uyğun keçirilib”
Dünən Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bələdiyyə seçkilərinin yekunları ilə bağlı mətbuat konfransı keçirib. SİA-nın məlumatına görə, MSK sədri seçkilərin rəsmən başa çatdığını bəyan edərək seçkilərin yüksək səviyyədə keçirildiyini deyib: "Azərbaycanda dekabrın 23-də keçirilən bələdiyyə seçkiləri Seçki Məcəlləsinin tələblərinə uyğun keçirilib".
"Hesabat vermiş məntəqələrin ümimi sayı 1637, protokolları tam daxil olmuş məntəqələrin sayı 453, seçilmiş bələdiyyə üzvlərinin sayı isə 3 min 835 nəfərdir", - deyə son saata olan məlumatları açıqlayan MSK sədri bəyan edib ki, ölkə üzrə mövcud olan məntəqələrin üçdə birindən ictimaiyyətə məlumatlar verilib. O bildirib ki, umumilikdə seçkidə 4 min 813 məntəqdə həyata keçirilən və səsvermə hüququ olan 4 milyon 588 min 728 seçicidən 1 milyon 462 min 74 seçici iştirak edib: "Bu isə ölkə üzrə qeydiyyatda olan seçicilərn 31,86 faizi deməkdir. Hazırda səslərin sayılması prosesi davam edir. Hələlik isə Seçkilər İnformasiya Mərkəzində dairə seçki komissiyalarından daxil olan məlumatların hesablanması prosesi gedir. Mərkəz bütün proses başa çatana kimi işlərini davam etdirəcək". M.Pənahov deyib ki, səhər saatlarına kimi başçılıq etdiyi qurum ölkənin 1718 bələdiyyəsinə seçilmiş 15 min 682 bələdiyyə üzvü seçilməsi haqda rəsmi məlumatları açıqlayacaq. MSK sədri həmçinin bildirib ki, seçki prosesini bütövlükdə 50 minə yaxın yerli və beynəlxalq müşahidəçi izləyib: "Bizdə olan məlumata görə, beynəlxalq müşahidəçilər 100-dən çox məntəqədə olub".
O deyib ki, MSK-ya seçkinin nəticələrinə təsir edə biləcək qanun pozuntuları haqda məlumat daxil olmayıb.
Daxil olan müraciətlərin iformativ xarakterli olduğunu deyən M.Pənahovun sözlərinə görə, müraciətlər əsasən texniki məsələlərlə bağlı olub.