Avropa Şurasının müşahidəçiləri Məzahir Pənahovla görüşüblər
Azərbaycanda səfərdə olan Avropa Şurası Yerli və Regional Hakimiyyətlər Konqresinin müşahidəçilərindən ibarət nümayəndə heyəti dekabrın 21-də Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahovla görüşüb. MSK-nın mətbuat xidmətindən bildiriblər ki, nümayəndə heyətinin rəhbəri xanım Qaye Doğanoğlu bir daha Mərkəzi Seçki Komissiyasında olduğundan məmnunluğunu və səmimi qarşılanmaya görə təşəkkürünü bildirib.
M.Pənahov rəhbərlik etdiyi qurumun beynəlxalq təşkilatlarla əməkdaşlığa xüsusi önəm verdiyini bildirib və 1999-cu ildən Avropa Şurasının Yerli və Regional Hakimiyyətlər Konqresi ilə başlanmış faydalı əməkdaşlığa söykənən əlaqələrdən məmnun olduğunu qeyd edib. Səsvermə gününə çox az vaxt qaldığını xatırladan MSK sədri bildirib ki, seçki məntəqələri səsverməyə tam hazırdır. Seçicilərin maarifləndirilməsi ilə bağlı mühüm işlər görülüb. Mərkəzi Seçki Komissiyası tərəfindən hazırlanmış səsvermə prosedurları və səsverməyə çağırış məzmunlu videoçarxlar ölkə telekanallarının efirində mütəmadi olaraq yayımlanır. Səsvermənin yeri və vaxtı barədə bildirişlər hazırlanaraq seçicilərə çatdırılıb. Səsvermə günü ilə bağlı müxtəlif məzmunlu plakatlar hazırlanaraq əhalinin sıx olduğu yerlərdə asılıb. Bu günədək 50 mindən çox müşahidəçi qeydə alınıb. KİV nümayəndələrinin isə səsvermənin gedişini izləmələri üçün heç bir qeydiyyat tələb olunmur.
M.Pənahov seçki prosesinə hazırlıqla bağlı qonaqları maraqlandıran digər sualları da cavablandırıb. Görüşdə Avropa Şurası ilə Mərkəzi Seçki Komissiyası arasında əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi də aparılıb.