PDF Oxu

Sosial

  • 11

Bu il ölkə mətbuatı üçün əlamətdar illərdən oldu

Bu il ölkə mətbuatı üçün əlamətdar illərdən oldu

2009-cu il Azərbaycan mətbuatının inkişafı üçün nə kimi əlamətdar hadisələrlə yadda qaldı? Sizcə, bu il yaradılan KİV-lərin İnkişafına Dövlət Dəstəyi Fondu Azərbaycan mətbuatının fəaliyyətinin müstəqilləşməsində, maliyyə problemlərinin qismən həllində nə kimi rol oynadı? Bu və ya digər suallarmızla qəzet baş redaktorlarına müraciət etdik.

Akif Aşırlı, "Şərq" qəzetinin baş redaktoru:

- Fikrimcə, 2009-cu il Azərbaycan mətbuatında olan bəzi problemlərin həll edilməsi ilə yadda qaldı. Eyni zamanda, Azərbaycanda Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Konsepsiyası qəbulu və Mətbuata Kömək Fondunun yaradılması ilə əlamətdar oldu.
Azərbaycan mətbuatının problemlərinin həllində, təbii ki, bu fondun yaradılması ilə bağlı müəyyən mənada müsbət və pozitiv məqamlar oldu. Amma bununla Azərbaycan mətbuatının müstəqilləşməsi və onun iqtisadi imkanlarının artırılmasını bir fonda bağlamaq olmaz. Yəni Azərbaycan mətbuatında daha geniş işlərin görülməsi və islahatların aparılmasına çox ciddi ehtiyac var.

Cəmaləddin Quliyev, "Paritet" qəzetinin baş redaktoru:

- Bildiyimiz kimi, çoxdan bəri müzakirəsi aparılan KİV-lərin İnkişafına Dövlət Dəstəyi Fondunun yaradılması, məhz 2009-cu ildə yaradılıb və ilk qrantlar da bu il təqdim edilib. Təbii ki, fondun təsis olunması və layihələrin elan olunması ilə bağlı olaraq, KİV-də mövzu dərəcəsi xeyli artdı. KİV-lər regionlarla, diasporla əlaqələrin qurulmasına, xaricdəki azərbaycanlılarla əlaqələrin qurulması istiqamətində ciddi addımlar atırlar. Fikrimcə, Ölkəmizdə belə bir fondun yaradılması, mətbuatımızın daha yaxşı inkişaf etməsinə səbəb olacaq. Mən bunları Azərbaycan mətbuatının uğurları kimi qiymətləndirirəm.

Nurəddin Heydərov, "Kaspi" qəzetinin baş redaktoru:

- 2009-cu il mətbuatın vəziyyətinin yaxşılaşdırılması istiqamətində addımların atıldığı bir dövr kimi qiymətləndirmək olar. Burada, ilk növbədə, dövlət tərəfindən mətbuatımızda mövcud iqtisadi çətinliklərinin aradan qaldırılması və həll edilməsi üçün müəyyən tədbirlərin görülməsini qeyd etmək olar. Bu, görülən tədbirlərdən, ilk növbədə, mətbuatın inkişafına dair konsepsiyasının ölkə Prezidenti İlham Əliyev tərəfindən təsdiqi və KİV-lərin İnkişafına Dövlət Dəstəyi Fondunun yaradılmasını göstərmək olar. Belə bir fondun yaradılması KİV-lərin inkişafına müsbət təsir edəcəkdir. Sırf bu çərçivə əsasında mətbuatın maddi vəziyyətinin düzəlməsi istiqamətində mühüm addımlar atılıb. Bir sözlə, mətbuatımız bugünkü vəziyyətini qoruyub saxlaya bilibsə, bunu özünü uğuru saymaq olar.

Digər xəbərlər