İkili standartın bariz nümunəsi
Xəbər verdiyimiz kimi, ABŞ Konqresində Dağlıq Qarabağdakı separatçı rejimə 8 milyon dollarlıq yardım edilməsi haqda qanun layihəsi qəbul olunub. Bu qanun layihəsi Azərbaycanda ciddi narazılığa səbəb olub. Məsələ ilə bağlı Azərbaycan ABŞ-a nota verib. Milli Məclisin son iclasında məsələ müzakirəyə çıxarılıb. Millət vəkilləri bu qanun layihəsinə ciddi etirazlarını bildiriblər.
Milli Məclisin Sosial Siyasət Daimi Komitəsinin üzvü Rauf Əliyev ABŞ Konqresinin qəbul etdiyi bu qanun layihəsinin heç bir hüquqi və beynəlxalq normaya sığmadığını söylədi. Millət vəkilinin sözlərinə görə, Azərbaycanın Dağlıq Qarabağ regionu ətraf rayonlarla birlikdə Ermənistanın işğalı altındadır. Odur ki, ABŞ hökumətinin Dağlıq Qarabağ və Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş digər ərazilərində rəsmi Bakı ilə məsləhətləşmədən istənilən proqram və fəaliyyət həyata keçirmək niyyəti ABŞ-ın Azərbaycanın beynəlxalq səviyyədə tanınmış suverenliyini və ərazi bütövlüyünü dəstəkləməsi barədə rəsmi bəyanatlarına ziddir: "Bununla əlaqədar Azərbaycan tərəfi ABŞ hökumətini bu məsələ ilə bağlı açıqlama verməyə çağırıb. Notada qeyd olunub ki, rəsmi Bakının razılığı olmadan bu proqramların reallaşdırılması ABŞ hökumətinin işğal altında olan Azərbaycan ərazilərində yaradılmış separatçı rejimə dəstəyi kimi qiymətləndiriləcək, işğalın davamına səbəb olacaq, münaqişənin nizamlanması istiqamətində səylərə mənfi təsir göstərəcək və ABŞ-ın ATƏT-in Minsk Qrupunun həmsədri kimi "ədalətli, tərəfsiz vasitəçi" imicini sarsıdacaq".
Millət vəkilinin sözlərinə görə, Konqresin separatçı rejimə maliyyə yardımı göstərməsi başadüşülən deyil: "Konqresin bu addımı Azərbaycanın ərazi bütövlüyünü tanıyan ABŞ dövlətinin rəsmi mövqeyi ilə bir araya sığmır. Azərbaycan 20 ilə yaxındır ki, erməni terroru və təcavüzündən əziyyət çəkir. Ermənistanın deportasiya və etnik təmizləmə siyasəti nəticəsində Azərbaycanın 20 faiz ərazisi işğal olunub, 1 milyona yaxın azərbaycanlı doğma torpaqlarından qovularaq, qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Bu gün Ermənistan Azərbaycanın Dağlıq Qarabağ bölgəsində və ona bitişik 7 rayonunda separatçı rejimi dəstəkləməklə işğalçılıq siyasətini davam etdirir".
Millət vəkili ABŞ Konqresinin qondarma rejimə maliyyə yardımı göstərməsini yolverilməz hal hesab edir: "Konqresin bu addımı Azərbaycanın Dağlıq Qarabağ üzərindəki suveren hüquqlarına hörmətsizlik deməkdir. ABŞ Dövlət Departamentinin bəyanatlarında və sənədlərində Azərbaycanın ərazi bütövlüyü dəstəkləndiyi halda, Konqresin beynəlxalq birlik tərəfindən tanınmayan separatçı rejimə maliyyə yardımı göstərməsi başadüşülən deyil. Heç bir şübhə yoxdur ki, Konqresin bu qərarından sonra Ermənistan rəhbərliyi Dağlıq Qarabağ probleminin sülh yolu ilə tənzimlənməsi prosesinə maneçiliyini daha da gücləndirəcək".
Millət vəklinin qənaətinə görə, Konqresin məlum qərarı ATƏT-in Minsk Qrupunun həmsədri kimi ABŞ-ın ədalətli vasitəçi imicinə kölgə salıb və Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasına inamsızlıq yaradıb: "Ümid edirəm ki, ABŞ prezidenti Barak Obama veto hüququndan istifadə edərək, Dağlıq Qarabağa maliyyə yardımı göstərilməsini məqsədəuyğun hesab etməyəcək, bununla da regionda sülhün və sabitliyin təmin olunmasına xələl gətirən addımların qarşısını alacaq".
Rauf Əliyev artıq neçə ildir ABŞ Konqresinin, xüsusi olaraq, Dağlıq Qarabağ ermənilərinə maliyyə yardımı ayırdığını xatırlatdı: "Biz Dağlıq Qarabağda əziyyət çəkən, yardıma ehtiyac olanlara yardım edilməsinin əleyhinə deyilik. Amma Dağlıq Qarabağda belə yardıma ehtiyacı olan insanlar varsa, bu da azərbaycanlı icmasıdır. Onlar öz yurd-yuvalarından didərgin salınıb, neçə illər çadırlarda yaşamağa məcbur ediliblər. Bizim də tələblərimiz ondan ibarətdir ki, ABŞ cəmiyyəti bu məsələləri nəzərə alsın. Çünki bu yardımlar Dağlıq Qarabağda etnik separatizmin güclənməsinə xidmət göstərir, problemin nizamlanmasına mənfi təsir edir. Azərbaycanın Xarici İşlər Nazirliyi, Prezident Administrasiyası, parlamenti də bu kontekstdən çıxış edərək ABŞ-a belə müraciətlər ünvanlayır".
Millət vəkilinin fikrincə, ABŞ Dövlət Departamentinin yaydığı hesabatlarda Dağlıq Qarabağ nəzarətsiz bir zona kimi təsvir olunur və haqlı olaraq, həmin zonadan istifadə edərək, bir çox çirkli biznes nümayəndələrinin narkotik ticarət ilə məşğul olduğu qeyd olunur. Belə olan halda, ABŞ Konqresi bu cür təşəbbüslə çıxış edən zaman özlərinin əvvəlki siyasətlərinə istinad etməlidirlər: "Ən pis olanı isə odur ki, bu addım ABŞ-ın Qarabağ danışıqları prosesində bir vasitəçi olaraq tərəfsizliyinə və ədalətliliyinə olan şübhələri birmənalı olaraq, təsdiqləyir. ABŞ ATƏT-in Minsk Qrupunun 3 həmsədr ölkəsindən biri olaraq işğala məruz qalanın yox, işğalçının yanında olduğunu sübut etdi".
Rauf Əliyev xüsusi vurğuladı ki, ATƏT-in Minsk Qrupunun həmsədri olaraq ABŞ götürdüyü öhdəliyə zidd addım atmamalıdır: "Bu addım ondan ibarətdir ki, bu problem Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır və hər hansı separatçılığa, bölücülüyə yol verilməməlidir"- deyən deputat bildirdi ki, əgər onlar, doğurdan da, Azərbaycanın ərazisi olan Dağlıq Qarabağa hansısa humanitar yardım etmək istəyirlərsə, bunu balanslı şəkildə etməlidirlər və bu, Azərbaycan vasitəsilə olmalıdır. Sənədlərdə məhz bu qrafada belə göstərilməlidir".
Millət vəkili ümid etdiyini bildirdi ki, ABŞ prezidenti Barak Obama qanunun təsdiqinə veto qoymaq hüququndan istifadə edəcək: "Əks halda, bu, ABŞ-ın terrorçu və işğalçı rejimi dəstəkləməsi kimi qəbul ediləcək və Azərbaycan da öz xarici siyasətində bunu nəzərə alacaq".