Yeni Azərbaycan Partiyası daim inkişafda olan partiyadır
Dünən dekabrın 23-də keçiriləcək bələdiyyə seçkilərinin təbliğat-təşviqat kampaniyası çərçivəsində Ağstafa rayon mədəniyyət evində seçicilərlə növbəti görüş keçirildi.
Görüşdə çıxış edən Yeni Azərbaycan Partiyası Ağstafa rayon təşkilatının sədri Ramiz Tatarov Azərbaycanda bələdiyyələrin yaranma tarixindən danışdı. 1999-cu ildə bu struktur yaradılarkən, ölkədə 2669 bələdiyyənin fəaliyyət göstərdiyini deyən partiyanın rayon təşkilatının sədri bu il aparılan islahat nəticəsində kiçik bələdiyyələrin böyük bələdiyyələrə birləşdiyini söylədi: "Dekabrın 23-də isə növbəti beşillik üçün bələdiyyələr seçiləcək. Yeni Azərbaycan Partiyası, hər zaman olduğu kimi, bu dəfə də xalqın iradəsinə inanır və əmindir ki, vətəndaşlarımız onların həyat şəraitinin yaxşılaşdırılmasına xidmət göstərən Ümummilli Lider Heydər Əliyev siyasi kursuna dəstək verəcək. Çünki Yeni Azərbaycan Partiyası xalqın partiyasıdır və bu seçkiyə də xalqa xidmət naminə gedir".
Seçicilərlə keçirilən görüşdə çıxış edən YAP-ın bələdiyyə seçkiləri üzrə səlahiyyətli nümayəndəsi, millət vəkili İlham Məmmədov əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş və ölkəmizin yüksək inkişafına hesablanmış uğurlu sosial-iqtisadi siyasət bu gün Prezident İlham Əliyev tərəfindən yüksək səviyyədə həyata keçirildiyini söylədi: "Son 6 ilin iqtisadi göstəricilərini təhlil etsək, görərik ki, Azərbaycan dünyanın ən sürətlə inkişaf edən, dəyişən, müasirləşən ölkəsidir. Dövlət başçısının müəyyən etdiyi islahatlar kursunun həm miqyas, həm də keyfiyyət baxımından davamlı olması iqtisadiyyatın hər bir strukturunda müşayiət edilməklə yanaşı, ən yeni idarəetmə texnologiyalarının tətbiqi ilə çox böyük nailiyyətlərin əldə olunmasını şərtləndirib. Bu mükəmməl idarəetmə kursu Azərbaycanın müstəqil iqtisadi modelinin formalaşması üçün də əsaslı təməllər yaratmış olub. Prezident İlham Əliyev ən yeni tarixin ortaya çıxardığı siyasi-sosial sifarişlərin yerinə yetirilməsi üçün kompleks tədbirlər proqramının müəllifi kimi siyasi-iqtisadi stabilliyin möhkəmlənməsinə baza yaratmaqla, iqtisadi tərəqqi erasının təməlini də qoymuş olub. Bu inkişaf prosesinin davam etməsi, yerlərdə bunun məntiqi nəticələrinin daha aydın şəkildə müşahidə olunması üçün qarşıdakı bələdiyyə seçkiləri də xüsusi əhəmiyyətə malikdir. Ona görə də, mən hesab edirəm ki, bütün seçkilərdə olduğu kimi, bələdiyyə seçkilərində də hər bir vətəndaş öz vətəndaşlıq borcunu yerinə yetirməli, səsvermədə öz iradəsini ifadə etməli və firəvan gələcəklərinin təminatçısı olan Yeni Azərbaycan Partiyasının irəli sürdüyü namizədlərə səs verəcəklərinə inanıram".
Millət vəkili Rəfael Hüseynov isə bələdiyyələrin Azərbaycandakı demokratik dövlət quruculuğu prosesində yerindən və rolundan geniş bəhs etdi. Bələdiyyə seçkilərinin digər seçkilərdən kəskin şəkildə fərqləndiyini deyən millət vəkilinin sözlərinə görə, bələdiyyə seçkiləri daha konkret ərazilərdə keçirilir. Bələdiyyələrin fəaliyyətinin daha da güclənməsi üçün bir sıra vacib addımların atıldığını deyən R.Hüseynovun qənaətinə görə, həm qanunvericilik bazasının yüksək tələblərə cavab verməsi, həm dövlətin iradəsi, həm də ötən 10 ildə əldə olunmuş nəticələr bu strukturların daha keyfiyyətli fəaliyyətinə zəmin yaradır. İndi əsas vəzifə bu qurmların xalqın etimadını doğruldaraq, istənilən səviyyədə fəaliyyət göstərməsidir: "Biz ən layiqli şəxsləri bu qurumlara seçməliyik ki, gələcəkdə də onlardan nəsə konkret iş gözləyək. Bu mənada, sizlər daima sınaqlardan uğurla çıxmış YAP-ın namizədlərinə tam etibar edə bilərsiniz. Mən sizin hər birinizi seçkilərdə fəal olmağa və YAP-ın namizədlərinə səs verməyə çağırıram".
Görüşdə çıxış edən seçicilər də Yeni Azərbaycan Partiyasının bələdiyyə üzvlüyünə irəli sürdüyü namizədlərə səs verəcəklərini bildirdilər.
Tədbirin sonunda seçicilərin sualları cavablandırıldı, aydın olmayan məsələlər barədə geniş açıqlama verildi.