Heydər Əliyev əbədiyaşar liderdir
Ümummilli Liderimiz Heydər Əliyevin Anım Günü münasibəti ilə YAP Nərimanov rayon təşkilatı qadınlar şurasının təşkilatçılığı ilə 36 saylı orta məktəbdə toplantı keçirildi. İlk olaraq toplantı iştirakçıları məktəbin foyesində təşkil olunmuş Heydər Əliyevə həsr edilmiş fotostendin açılış mərasimində iştirak etdilər. Fotostenddə Ulu Öndər Heydər Əliyev fəaliyyətinin müxtəlif illərini əks etdirən fotolar öz əksini tapmışdır.
Tədbiri giriş sözü ilə YAP Nərimanov rayon təşkilatının qadınlar şurasının sədri Məhəbbət İbrahimova açıq elan etdi. Anım mərasimində Ümummilli Liderin xatirəsi bir dəqiqəlik sükutla yad olundu.
M.İbrahimova Heydər Əliyevin keçdiyi şərəfli ömür yolunun bəzi məqamlarını diqqətə çəkərək, Onun Azərbaycan xalqına göstərdiyi ximdmətlərin əhəmiyyətindən danışdı. O, qeyd etdi ki, istər iyirminci əsrin 70-ci, istərsə də 90-cı illərində Heydər Əliyev Azərbaycanın bir çox sahələri kimi elmə, mədəniyyətə, Azərbaycan dilinə qarşı diqqət və qayğı göstərmişdir. Təbii ki, bu da Onun müdrik siyasətini təzahürüdür: "Heydər Əliyev çox gözəl bilirdi ki, hər bir ölkənin, hər bir xalqın tərəqqisində elmin inkişafı müstəsna rol oynayır. Ulu Öndərimiz xalqın tələbi ilə ikinci dəfə hakimiyyətə qayıtdıqdan sonra Azərbaycan elmi yeni dövrünü yaşamağa başladı. Heç də təsadüfi deyildir ki, 2009-cu ildə Azərbaycanda elmin inkişafını əks etdirən strateji sənəd hazırlananda da, bu, Milli Strategiya adlandırıldı. Hazırda bu strategiyanın həyata keçirilməsi istiqamətində müəyyən işlər görülür. Bütün bu görülən işləri biz Heydər Əliyevin fəaliyyətinin davamı kimi qəbul edirik. Ulu Öndər Heydər Əliyev 1970-ci illərdə respublikaya rəhbərlik edən zaman Azərbaycanda güclü elm infrastrukturun yaranmasına, kadrların hazırlanmasına xüsusi önəm verirdi."
M.İbrahimova bu gün Heydər Əliyev siyasi kursunun layiqli davamçısı, ölkə başçısı İlham Əliyevin bu ənənəni layiqincə davam etdirdiyini toplantı iştirakçılarının nəzərinə çatdırdı. Belə ki, bu gün Ümummilli Liderimiz aramızda olmasa da, onun siyasi ideyaları Azərbaycanın inkişafında əsas mayakdır. Onun müdrik siyasətini uğurla həyata keçirən Ulu Öndərimizin layiqli davamçısı, dövlətimizin başçısı İlham Əliyev bu sahənin əhəmiyyətini nəzərə alaraq, hər an diqqət və qayğısını əsirgəmir.
Tədbirdə çıxış edən YAP Nərimanov rayon təşkilatı qadınlar şurasının idarə heyətini üzvü, filologiya elmləri namizədi, məktəbin direktoru İradə Babayeva çıxış edərək, Heydər Əliyev itkisinin Azərbaycan xalqı üçün böyük itki olduğunu bildirdi. O, qeyd etdi ki, xalqımızın dərin zəkasını, yenilməz iradəsini və əzmini təcəssüm etdirən böyük dövlət xadimi, tarixi şəxsiyyəti Heydər Əliyevin uzaqgörənliyi, müdrikliyi, fədakarlığı sayəsində müstəqil dövlətimizin təməli möhkəmlənmiş, bu böyük dühanın ən böyük əsəri olan müasir Azərbaycanı yaranmışdır:"Ulu Öndərin uzaqgörən siyasəti və gərgin fəaliyyəti nəticəsində 1995-ci ildən başlayaraq, ölkəmizin sosial-iqtisadi inkişafı və dünya sisteminə inteqrasiyası sahəsində çox böyük nailiyyətlər əldə olunmuşdur. Bu dövrdə ölkəmizdə aparılan müstəqil dövlət quruculuğu prosesində iqtisadi islahatların və inkişafın mahiyyət etibarilə yeni bir istiqaməti yaranmışdır.
Ümummilli Lider Heydər Əliyev tarixi şəxsiyyətdir. Tanrı Onu Azərbaycan üçün xilaskar göndərmişdi. Ulu Öndər bütün fəaliyyəti dövründə Azərbaycana, azərbaycançılığa, dövlətimizə və dövlətçiliyimizə sədaqətlə xidmət etmiş, ölkəmizin inkişafında müstəsna xidməti olmuş dahi rəhbərdir. Ulu Öndər tariximizin daha dərindən tədqiq edilməsinə və öyrənilməsinə daim diqqət və qayğı göstərmişdir. Məhz müdrik siyasətçinin yorulmaz fəaliyyəti sayəsində Azərbaycan elm və təhsil sahəsində yüksək nailiyyətlər qazanmışdır."
Ulu Öndər Heydər Əliyev elmə, biliyə, elm adamlarına xüsusi diqqət yetirmiş, onların fəaliyyəti üçün münbit şərait yaratmışdır. Qazandığımız bütün uğurlara görə hər birimiz Ümummilli Liderə borcluyuq, bütün fikir və düşüncələrimiz bu əvəzsiz şəxsiyyətin xatirəsinə sonsuz hörmət və ehtiramın ifadəsidir.
Tədbirdə çıxış edən məktəbin müəllimi Aytən Səlimova və başqaları xalqımızın Ümummilli Lideri Heydər Əliyevin ölkəmizə rəhbərlik etdiyi hər iki dövrdə Azərbaycanın tarixini, xalqımızın mentalitetini, bəşər cəmiyyətində tutduğu mövqeyi çox gözəl bildiyindən böyük məharətlə yeritdiyi siyasət əsasında ölkəmizi nəhəng dövlətlərin sırasına gətirib çıxardığını bildirdilər. Bir xilaskar kimi, Azərbaycan tarixində Heydər Əliyevin rolunun əvəzsiz olduğunu bildirdilər. O da qeyd olundu ki, müasir Azərbaycanın yüksəldiyi ucalıq sübut edir ki, ölkəmiz ötən əsrin əvvəllərində, sadəcə, müstəqilliyinə qovuşmayıb, Ulu Öndərin titanik fəaliyyəti nəticəsində cəmi bir neçə illə ölçülən çox qısa zaman kəsiyində əsrlərə bərabər inkişaf və tərəqqi yolu keçmişdir.
Toplantıda məktəbin 27 nəfər gənc müəllimi YAP-ın sıralarına qəbul olundu. Sonda məktəbin şagirdlərinin ifasında hazırlanmış "Görən torpaq bilirmi, qoynunda Heydər Əliyev yatır" ədəbi-bədii kompozisiya təqdim edilərək, məktəbin şagirdlərinin ifasında Heydər Əliyevə həsr edilmiş musiqi nömrələri və şeirlər səsləndirildi.