PDF Oxu

Sosial

  • 16

Ulu Öndərin xatirəsi bütün dünyada anılır

Ulu Öndərin xatirəsi bütün dünyada anılır

Madrid

Dekabrın 11-də Azərbaycan Respublikasının İspaniya Krallığındakı səfirliyində xalqımızın ümummilli lideri Heydər Əliyevin vəfatının altıncı ildönümü ilə əlaqədar anma mərasimi keçirilmişdir.
Mərasimdə İspaniyadakı Azərbaycan və türk diasporunun təmsilçiləri, səfirliyin əməkdaşları və ölkə ictimaiyyətinin nümayəndələri iştirak etmişlər.
Tədbir iştirakçıları əvvəlcə dünya şöhrətli siyasi xadimin xatirəsini bir dəqiqəlik sükutla yad etmiş, səfirlikdəki büstünün önünə gül dəstələri düzmüşlər. Səfir Məmməd Əliyev həyatını Azərbaycanın tərəqqisinə, xalqımızın xoşbəxtliyinə həsr etmiş ümummilli lider Heydər Əliyevin müstəqil dövlətimizin təşəkkül tapması və inkişafında əvəzsiz xidmətlərindən danışmış, görkəmli dövlət xadiminin 1969-cu ildən başlayaraq müasir Azərbaycanın inkişaf tarixindəki rolu, demokratik, hüquqi dövlət quruculuğu sahəsində həyata keçirdiyi müdrik və uğurlu siyasət barədə toplantı iştirakçılarına ətraflı məlumat vermişdir. Ulu öndərimizin rəhbərliyi dövründə Azərbaycanın sürətlə inkişaf etdiyini, müstəqilliyini bərpa etdikdən sonra aparılmış mütərəqqi islahatlar nəticəsində demokratik, hüquqi və sivil dövlətə çevrildiyini, ictimai-siyasi sabitliyin bərqərar edildiyini faktlarla əsaslandırmışdır. Vurğulamışdır ki, istər keçmiş sovet hakimiyyəti illərində, istərsə də müstəqilliyin ilk dövrlərində xalqımızın taleyüklü problemlərinin həllində bu dahi şəxsiyyətin rolu əvəzedilməzdir.
Ölkəmizin beynəlxalq nüfuzunun daha da artdığını və sosial-iqtisadi sahədə böyük irəliləyişlərə nail olunduğunu mərasim iştirakçılarının diqqətinə çatdıran səfir M.Əliyev qeyd etmişdir ki, ulu öndərin uğurlu sosial-iqtisadi inkişaf strategiyasının gətirdiyi dividendlər, həmin siyasətin bu gün Prezident İlham Əliyev tərəfindən müvəffəqiyyətlə davam və inkişaf etdirilməsi xalqımızı gələcəyə böyük ümidlərlə baxmağa ruhlandırır.
Ümummilli lider Heydər Əliyevin böyük həyat yolundan bəhs edən film, ulu öndərin fəaliyyəti ilə bağlı fotostend mərasim iştirakçılarınını böyük marağına səbəb olmuşdur.

Moskva

Azərbaycanın Rusiyadakı səfirliyində ümummilli lider Heydər Əliyevin vəfatının 6-cı ildönümü ilə əlaqədar tədbir keçirilmişdir.
Ölkəmizin Rusiyadkı səfiri Polad Bülbüloğlu tədbiri açaraq bildirmişdir ki, Heydər Əliyev dahi lider, dahi insan, dahi Azərbaycanlı idi. Bu böyük şəxsiyyətlə yanaşı işləmək tükənməz həyat məktəbi idi. Diplomat xatırlatmışdır ki, Azərbaycanın Moskvadakı səfirliyinin binası dahi lider Heydər Əliyevin göstərişi ilə tikilmişdir. Polad Bülbüloğlu demişdir ki, dekabrın 10-da Moskvada MDB ölkələri üçün Azərbaycan dili dərsliyinin təqdimat mərasimi keçirilmişdir. Diplomat bunu çox mühüm hadisə adlandırmışdır. Sonra Darya Barakina Səməd Vurğunun "Azərbaycan" şerini Qorxmaz Axundovun tarda müşayiəti ilə Azərbaycan dilində söyləmişdir.
Rusiya Prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi, MDB ölkələri Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun həmsədri Mixail Şvıdkoy bildirmişdir ki, Heydər Əliyev böyük bir ölkənin rəhbərliyində işlədiyi və Moskvada yaşadığı vaxtlarda da Azərbaycanı, Vətənini heç zaman unutmur, onu səcdəgahı hesab edirdi. M.Şvıdkoy demişdir: "Bu gün Azərbaycan sabit, çiçəklənən, geosiyasi məkanda layiqli yerini tutan, öz regionu və bütövlükdə Avrasiya üçün çox əhəmiyyətli ölkədir. Gənc, enerjili Prezidentinin rəhbərliyi altında sürətlə inkişaf edən bu ölkə Rusiyanın mühüm strateji tərəfdaşıdır. Azərbaycan region və dünya üçün bir çox sahələrdə mühüm rol oynayır. Düşünürəm ki, Heydər Əliyevin xatirəsinə ən böyük ehtiram elə budur".
MDB-nin icraçı katibi Sergey Lebedev bildirmişdir ki, sovet dövrünün və müstəqil Azərbaycanın görkəmli dövlət xadimi Heydər Əliyevlə tanışlığından və dəfələrlə görüşməsindən qürur duyur. O demişdir: "Heydər Əliyev hər şeydən əlavə beynəlmiləlçi idi. Xalqlarımız arasında dostluğun və ənənəvi əlaqələrin qorunub saxlanmasını ürəkdən istəyirdi. Azərbaycanın indiki lideri İlham Əliyev də dostluq, mehriban qonşuluq və beynəlmiləlçilik bayrağını yüksək tutur".
Senator Vladimir Ruşaylo, Heydər Əliyevin keçmiş köməkçisi Yuri Soloduxin və başqaları çıxışlarında dahi lider haqqında xatirələrini bölüşmüşlər.
Tədbirdə Azərbaycan Respublikasının Baş nazirinin birinci müavini Yaqub Eyyubov, Rusiya XİN-in nümayəndələri, Dövlət Dumasının deputatları və Federasiya Şurasının senatorları, Moskvada akkreditə olunmuş diplomatik nümayəndəliklərin başçıları, Heydər Əliyev Fondunun Rusiyadakı nümayəndəliyinin əməkdaşları, ÜAK-ın, Rusiya ictimaiyyətinin, Azərbaycan diasporunun təmsilçiləri iştirak etmişlər.

Pekin

Azərbaycan Respublikasının Çin Xalq Respublikasındakı səfirliyindən bildirmişlər ki, ümummilli liderimiz Heydər Əliyevin vəfatının altıncı ildönümü ilə bağlı dekabrın 11-də anım mərasimi keçirilmişdir. Mərasimdə Çinin siyasi-iqtisadi dairələrinin nümayəndələri, səfirliyin əməkdaşları, Pekində təhsil alan azərbaycanlı tələbələr və ölkədə fəaliyyət göstərən iş adamları iştirak etmişlər.
Əvvəlcə tədbir iştirakçıları səfirliyin nəzdində fəaliyyət göstərən "Şuşa" Mədəniyyət Mərkəzində Heydər Əliyevin həyat yolunu və fəaliyyətini əks etdirən fotosərgi, ulu öndərə həsr edilmiş kitab və jurnallarla tanış olmuşlar. Tədbirdə səfir Yaşar Əliyev Heydər Əliyevin həyat və fəaliyyəti barədə məlumat vermiş, onun Azərbaycan dövlətçiliyinin qurulmasında misilsiz xidmətlərindən və fenomenal bacarığından danışmış, ulu öndərlə bağlı xatirələrini bölüşmüşdür.
Azərbaycan xalqının ümummilli liderinin həyat və fəaliyyətinə həsr olunmuş sənədli film nümayiş etdirilmişdir.
Tbilisi

Ümummilli liderimiz Heydər Əliyevin anım günü münasibətilə Azərbaycan Respublikasının Gürcüstandakı səfiri Namiq Əliyev, Gürcüstan parlamentinin vitse-spikeri Paata Davitaia, Kvemo Kartli-Borçalı bölgəsinin qubernatoru David Kirkitadze dekabrın 11-də ulu öndərin Tbilisidəki büstü önünə əklil qoymuşlar.
Əklilqoyma mərasimindən sonra səfir Namiq Əliyev demişdir:
-Bu günlər harada yaşamasından asılı olmayaraq bütün azərbaycanlılar ümummilli liderimiz Heydər Əliyevin anım gününü qeyd edirlər. Bu gün bir tərəfdən hər bir azərbaycanlı üçün ağır gündür, çünki 6 il əvvəl Heydər Əliyev dünyasını dəyişmişdir. Bu, əvəzsiz itkidir. Digər tərəfdən isə millətin, xalqın birliyini, mübarizliyini görəndə hər birimiz dərk edirik ki, Heydər Əliyev şəxsiyyəti xalq, millət üçün necə böyükdür, onun Azərbaycan xalqı qarşısında əvəzsiz xidmətləri sayəsində ölkəmiz böyük təhlükələrdən qurtarıb dünya sivilizasiyasına qoşulmuş, Azərbaycan dövlətçiliyi dirçəldilmiş, Azərbaycan dünyanın aparıcı dövlətlərinin diqqətini çəkmiş, çoxlarının xəyal kimi təsəvvür etdiyi qlobal layihələr gerçəkləşmişdir. Azərbaycan bölgədə lider dövlətə çevrilmişdir. Ölkənin bugünkü uğurları, millətin birliyi, xalqın rifahının durmadan yüksəlişi, demokratik və iqtisadi inkişaf - bütün bunlar əsası ulu öndər tərəfindən qoyulmuş müdrik siyasətin, Heydər Əliyev dühasının nəticələridir. Heydər Əliyev irsinə layiqli varislik nümunəsini nümayiş etdirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin həm daxili, həm də xarici siyasətdə böyük uğurları da müdrik, uzaqgörən siyasətin bəhrələridir. Ulu öndəri hər yerdə olduğu kimi, Gürcüstanda da böyük hörmətlə yad edirlər. Dekabrın əvvəllərində İrəvan Dövlət Azərbaycan Teatrı Gürcüstana qastrolu zamanı Aqşin Babayevin ulu öndərin həyat və fəaliyyətinə həsr olunmuş "Xilaskar" əsəri əsasında tamaşa göstərmiş və tamaşa hər yerdə böyük rəğbətlə qarşılanmış, Heydər Əliyevə ümumxalq məhəbbəti nümayiş etdirilmişdir. Bütün varlığı ilə xalqa bağlı olan ulu öndər həmişəyaşardır. Onun böyük irsinə söykənən Azərbaycan Respublikası, əminəm ki, daim inkişaf edəcək, dövlətimizin gücü, qüdrəti daha da artacaqdır. Azərbaycan qalib gələcəkdir! Qarabağımız azad olunacaq, ölkədə gedən böyük quruculuq və inkişaf işləri uğurla davam etdiriləcək, ulu öndərin ruhu şad olacaqdır!
Gürcüstan parlamentinin vitse-spikeri Paata Davitaia Heydər Əliyevin anım günü münasibətilə öz fikrini belə açıqlamışdır:
- Qafqaz bölgəsində belə bir şəxsiyyətin olması böyük əhəmiyyət kəsb etmiş və Heydər Əliyev Qafqaz, o cümlədən Gürcüstan üçün də böyük işlər görmüşdür. Qlobal layihələrin Gürcüstan ərazisindən keçməklə gerçəkləşməsi Heydər Əliyevin hünəri, cəsarəti sayəsində mümkün olmuşdur. Bu gün Gürcüstanın həmin layihələrdən aldığı gəlir o böyük şəxsin Gürcüstana, gürcü xalqına hədiyyəsidir. Gürcüstan bunu heç vaxt unutmayacaq və əminəm ki, Heydər Əliyevin xatirəsi burada həmişə əziz tutulacaqdır. Həmin gün Kvemo Kartli-Borçalı bölgəsinin Bolnisi və Dmanisi rayonlarında ulu öndərin xatirəsinə ehsanlar verilmiş, ruhuna dualar oxunmuşdur. Mərasimlərdə Azərbaycan Respublikasının Gürcüstandakı səfiri Namiq Əliyev, bölgə qubernatoru David Kirkitadze və başqa rəsmi şəxslər iştirak etmişlər.

Digər xəbərlər