12 dekabr müstəqil Azərbaycanın qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin Anım Günüdür. Bununla bağlı fikirlərini öyrəndiyimiz ölkə ictimaiyyətinin nümayəndələri və ziyalıları qeyd etdilər ki, Ulu Öndər hər zaman xalqımızın qəlbində yaşayacaqdır.
YAP Siyasi Şurasının üzvü, professor Vilayət Əliyev:
- Ümummilli Lider Heydər Əliyev elə bir şəxsiyyət olub ki, Onun həyata keçirdiyi işlərin hər biri xeyirxah əməllər kimi yadda qalmışdır. Heydər Əliyev bütün sahələrə diqqət və qayğı ilə yanaşıb. Mən də bir təhsil sahəsində çalışan bir şəxs kimi, dilçi alim kimi, Onun mədəniyyətimizə, təhsilimizə, elmimizə diqqət və qayğısından danışmaq istərdim. Heydər Əliyev elmə, mədəniyyətə, təhsilə yüksək səviyyədə qiymət vermişdi. O, ölkəmizin inkişafını təhsildə görürdü. Hələ sovet dönəmində respublikamıza rəhbərlik etdiyi zaman gəncləri SSRİ-nin müxtəlif şəhərlərinə, təhsil ocaqlarına göndərirdi. Bu gün müstəqil Azərbaycanın idarə edilməsində, mədəniyyət, elm sahələrində çalışan şəxslər həmin o gənclərdir. Ulu Öndərimiz o zaman belə bir addım atmaqla, bugünümüzü düşünürdü. Onun ikinci dəfə hakimiyyətə gəlişindən sonra, bu cür məsələlərə xüsusi önəm verdi. Bir faktı sizin nəzərinə çatdırım ki, O, birinci növbədə, Konstitusiyanın qəbulu məsələsini həll etdi. Belə ki, 1995-ci ildə müstəqil Azərbaycanın ilk Konstitusiyası qəbul edildi. Heydər Əliyev Azərbaycan dilinə də hər bir zaman böyük diqqət ayırıb. Ümummilli Lider ölkə mədəniyyətinə, təhsilinə hər zaman diqqətlə yanaşıb. Bu gün təhsilimizin inkişafı Onun adı ilə bağlıdır. Mədəniyyət xadimlərinə-yazıçılara, musiqiçilərə və digər incəsənət xadimlərinə qayğı ilə yanaşıb. Onların sosial vəziyyətinin yaxşılaşdırılması, yaradıcılıq gecələrinin keçirilməsi bu diqqət və qayğının bariz nümunəsidir. Azərbaycan elminin də inkişafı Heydər Əliyevin adı ilə bağlıdır. Alimlərin əmək haqlarının artırılması, Milli Elmlər Akademiyasının maddi-texniki bazasının yaxşılaşdırılması və digər işlər Azərbaycan elminin inkişafını təmin edib. Bu gün də bu siyasət Heydər Əliyevin layiqli davamçısı, ölkə başçısı İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Onu da qeyd edim ki, biz fəxr edirik ki, Azərbaycanın dünya miqyasında tanınan, sevilən Heydər Əliyev kimi Ümummilli Lideri var.
YAP Binəqədi rayon təşkilatı qadınlar şurasının sədri, Məlahət İbrahimova :
- Ümummilli Lider Heydər Əliyev 30 ildən çox ölkəmizə rəhbərlik etdiyi dövrdə Azərbaycan öz inkişaf mərhələsinə çatdı. Buna görə də, əminliklə demək olar ki, Ulu Öndər xalqımızın yaddaşında əbədi yaşamağa layiq bir şəxsiyyətdir. Əsrin mənəvi xeyriyyəçisi olan Heydər Əliyev kiçikdən-böyüyə hər bir azərbaycanlının sevimli Liderinə çevrilib. Məhz Onun uğurlu siyasətinin nəticəsidir ki, Azərbaycan hərbi potensialına, iqtisadi qüdrətinə görə, regionun lider ölkəsinə çevrilib. Heydər Əliyev siyasəti Azərbaycanı, xalqımızı işıqlı gələcəyə aparan siyasətdir. Bu gün biz bu siyasətin bəhrəsini görməkdəyik. Ulu Öndər Heydər Əliyev cismən bizim aramızda olmasa da, Onu siyasəti Prezident İlham Əliyev tərəfindən layiqincə davam etdirilir. Nə qədər Azərbaycan xalqı var, Heydər Əliyev siyasəti də yaşayacaq.
TUMİB-in sədri Çingiz Bayramov:
- Bu il altıncı ildir ki, Ulu Öndər Heydər Əliyevi anırıq. O, cismən bizimlə olmasa da, hər zaman xalqımızın qəlbindədir. Müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyev türk dünyasının böyük siyasi xadimidir. Onun daxili və xarici siyasəti bu gün öz müsbət nəticəsini verməkdədir. Heydər Əliyevin uğurlu siyasətindən biri də ondan ibarət idi ki, ölkəmizin gələcəyini, sabahını düşünərək, gənclərimizi müxtəlif ölkələrin unversitetlərinə göndərmək olub. Yəni Ümummilli Lider Heydər Əliyev, digər sahələrdə olduğu kimi, ölkə gəncliyinə də diqqət və qayğı ilə yanaşmışdı. Gənclərin yüksək təhsilə yiyələnmələri, onların işlə təmin edilməsi Heydər Əliyevin qarşıya qoyduğu vəzifələrdən olub. Böyük siyasi xadimin siyasətini 6 ildir ki, Prezident İlham Əliyev cənabları layiqincə davam etdirir. Türk dünyasının böyük oğlu, dahi şəxsiyyət Heydər Əliyev, Onun uğurlu siyasəti xalqımız tərəfindən heç zaman unudulmayacaq.
Politoloq Elşad Mirbəşiroğlu:
- Ulu Öndər Heydər Əliyevin fəaliyyəti o qədər çoxspektrlidir ki, saatlarla danışsaq da bəs etməz. O, müstəqil Azərbaycanın qurucusu kimi hər bir azərbaycanlının qəlbində özünə əbədi heykəl ucaldıb. Onun ikinci dəfə qayıdışı dövründə, yəni ötən əsrin 90-cı illərinin əvvəllərində ölkəmizdə ictimai-siyasi vəziyyət gərgin idi. Bundan əlavə, həmin illərdə Azərbaycan dünya ölkələrinin mövqelərinin kəsişdiyi bir nöqtədə idi. Ümumiyyətlə, həmin illərdə respublikamızda vəziyyət daha gərgin idi. Lakin Heydər Əliyev hakimiyyətə gəldikdən sonra ölkədə daxili sabitlik yarandı. Onun dahiliyi ondan ibarət idi ki, digər addımları atmaq üçün, ilk öncə, respublikada daxili sabitlik yaratdı. Hazırda ölkəmiz üçün ağrılı problem Dağlıq Qarabağ problemidir. Ancaq Ümummilli Lider Heydər Əliyev olmasaydı, ölkəmiz digər problemlərlə də üzləşəcəkdi. Azərbaycanın bugünkü inkişafı Onun adı ilə bağlıdır. Yəni Heydər Əliyevin uzaqgörən, uğurlu siyasəti nəticəsində respublikamız regionun lider ölkəsinə çevrilib. Ümumiyyətlə, Ulu Öndərimiz Azərbaycanı məhv olmaq təhlükəsindən qurtardı. Buna görə də, hər bir azərbaycanlı Onu respublikamızın, dövlətçiliyimizin xilaskarı hesab edir. Heydər Əliyev stabil, inkişaf yolunu tutmuş bir dövlət qurub.
Sevindirici haldır ki, Onun İlham Əliyev kimi layiqli davamçısı var. Prezident İlham Əliyev bu gün Heydər Əliyev siyasətini uğurla davam etdirir. Azərbaycan günü-gündən inkişaf edir, ölkəmiz böyük nüfuz, söz sahibinə çevrilib. Heç şübhəsiz ki, bütün bunların əsasında Ümummilli Lider Heydər Əliyev siyasəti dayanır. Buna görə də, hər birimiz, Azərbaycan xalqı Ona borcludur.