Bələdiyyə seçkilərinin demokratik və şəffaf keçirilməsi üçün mükəmmə l seçki texnologiyası mövcuddur
Dekabr ayının 23-də keçiriləcək bələdiyyə seçkilərinin təbliğat-təşviqat kampaniyası çərçivəsində Yeni Azərbaycan Partiyası Qazax rayon təşkilatı rayonun Kosalar və Daş Salahlı kəndlərində seçicilərlə görüşlər keçirdi. Görüşdə YAP Qazax rayon təşlilatının fəallarından ibarət təbliğat qruplarının üzvləri, Yeni Azərbaycan Partiyası tərəfindən bələdiyyələrə namizədlikləri irəli sürülmüş və namizədlikləri qeydə alınmış partiya üzvləri iştirak etdi.
Tədbirdə çıxış edən YAP Qazax rayon təşkilatının sədri Həmid Pənahov ölkəmizdə formalaşmış mükəmməl seçki ənənələrinin özünün bütün parametrləri ilə demokratik dəyərlərlə tam uyğunluq təşkil etdiyini bildirdi. H.Pənahov ölkədə bələdiyyə seçkilərinin azad, şəffaf və demokratik keçirilməsi üçün Yeni Azərbaycan Partiyasının lazım olan bütün tədbirləri gördüyünü söylədi. Təşkilat sədri rayonun ərazisində fəaliyyət göstərən dairə seçki məntəqələrinin işinin müasir tələblərə uyğun qurulduğunu qeyd edərək, qarşıda duran vəzifələrin icrası istiqamətində zəruri nəticələrin əldə edildiyini söylədi: "Rayon ərazisində bələdiyyə seçkilərinin də, əvvəlki seçkilərdə olduğu kimi, tam şəffaf və demokratik dəyərlərə uyğun formada keçirilməsi üçün seçki qərargahı yaradılmış və hər bir üzvə müəyyən işlər tapşırılmışdır. Eyni zamanda, seçki siyahıları da diqqət mərkəzində qalmaqdadır. Çünki seçkidə siyahalırın tərtib edilməsi vacib şərtdir. Qeyd edim ki, rayonumuzun 53 min seçicisi 107 saylı Qazax, 106 saylı Tovuz-Qazax-Ağstafa dairə seçki komissiyalarının 36 məntəqəsində, müvafiq olaraq, 47 və 165 bələdiyyə üzvünün seçilməsində iştirak edəcək. İnanıram ki, əvvəlki seçkilərdə fəallıq nümayiş etdirən seçicilərimiz bu seçkini də Yeni Azərbaycan Partiyasının qələbəsi ilə başa vuracaqlar".
YAP-ın bələdiyyə seçkiləri üzrə səlahiyyətli nümayəndəsi, Milli Məclisin deputatı Hadı Rəcəbli bələdiyyələrin yaranmasının hüquqa və insan azadlığı prinsipinə əsaslandığını bildirdi: "Azərbaycan Respublikasının Konstitusiyasının 142-ci maddəsində bələdiyyələrin formalaşması və hüquqları müəyyən olunub. Göstərilir ki, yerli özünüidarəni həyata keçirən bələdiyyə seçkilər əsasında yaradılır. Bələdiyyələrə seçkilərin qaydaları və bələdiyyələrin statusu qanunla müəyyən edilir. Qanunda bələdiyyələrin yerli sosial müdafiə və sosial inkişaf, yerli iqtisadi inkişaf və yerli ekoloji inkişafla bağlı proqramlarının mövcudluğunun vacibliyi vurğulanır. Ümumiyyətlə, son on ildə bələdiyyələrlə bağlı 30-a qədər qanun hazırlanıb. Bu isə, onu deməyə əsas verir ki, bələdiyyələrin fəaliyyətinin, onların statusunun təkmilləşdirilməsini nəzərdə tutan qanunvericilik bazası tamamlanıb. Digər tərəfdən, bələdiyyələrlə bağlı aparılan son islahatlar bələdiyyələrin inkişafında mühüm rol oynayacaq. Bələdiyyələrin birləşdirilməsi bu yerli özünüidarə strukturunun daha mütəşəkkil şəkildə işləməsinə imkan verəcək. Mən inanıram ki, hər zaman dövlətçiliyə sədaqəti ilə seçilən Qazax seçiciləri bu dəfə də Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verəcək".
Görüşdə Yeni Azərbaycan Partiyasının bələdiyyə seçkilərində səlahiyyətli nümayəndəsi, YAP Siyasi Şurasının üzvü, "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə Azərbaycan Respublikasında bələdiyyələrin hüquq və vəzifələrinin "Bələdiyyələrin statusu haqqında" Azərbaycan Respublikası Qanununa əsasən tənzimləndiyini söylədi. V.Rəhimzadə onu da qeyd etdi ki, dekabrın 23-də keçiriləcək bələdiyyə seçkilərində iştirak edəcək Yeni Azərbaycan Partiyası daim bələdiyyələrin inkişafına öz töhfəsini verib. Səlahiyyətli nümayəndə bildirdi ki, yaradılmasında yüz minlərlə YAP üzvünün yaxından iştirak etdiyi bələdiyyə sistemi hər zaman xalqa xidmət prinsipini prioritet sayıb: "Yeni Azərbaycan Partiyası öz seçki proqramında "Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın (2009-2013) və "Azərbaycan Respublikasının avtomobil yollarının yeniləşdirilməsi və inkişafı" Dövlət Proqramının (2006-2015) icrasında bələdiyyələrin fəal iştirakının təmin edilməsi ilə bağlı müddəaya yer verib. Bu isə ölkəmizin inkişaf tempinin daha sürətli olmasına imkan yaradacaq amillərdəndir. Bundan başqa, Yeni Azərbaycan Partiyası bələdiyyə məktəblərinin və uşaq bağçalarının yaradılması ilə bağlı təşəbbüs irəli sürüb. Bütün irəli sürülən təkliflər, təşəbbüslər yalnız vətəndaşların rahatlığı üçündür. Yeni Azərbaycan Partiyası hər zaman xalqın partiyası olduğunu sübut edib, bu gün də edir. Böyük xalq dəstəyinə malik olan partiyamız insanların problemləri ilə yaxından tanış olur, onların həllində rol oynayır. Bu baxımdan mən inanıram ki, Yeni Azərbaycan Partiyası, bütün seçkilərdə olduğu kimi, dekabrın 23-də keçiriləcək seçkilərdə də inamlı qələbə qazanacaq. İnanıram ki, seçicilər hər zaman olduğu kimi, bu seçkidə də real işə qiymət verəcəklər".Tədbirin sonunda səlahiyyətli nümayəndələr seçicilərin suallarını cavablandırdılar.