PDF Oxu

Sosial

  • 12

Nəsimi rayon seçiciləri seçkilərdə fəal iştirak edəcəklər

Nəsimi rayon seçiciləri seçkilərdə fəal iştirak edəcəklər
Dünən Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatı Sənaye və Avtomatika ASC-də dekabrın 23-də keçiriləcək bələdiyyə seçkilərinin təbliğat-təşviqat kampaniyası çərçivəsində seçicilərlə növbəti görüşünü keçirdi.
Tədbiri giriş sözü ilə açan YAP Nəsimi rayon təşkilatının sədri, millət vəkili Məlahət İbrahimqızı, ilk olaraq, rayon təşkilatının bələdiyyə seçkilərinə hazırlıqla bağlı həyata keçirdiyi işlər barədə məlumat verdi O, qeyd etdi ki, YAP-ın üzvləri bu seçkilərdə də fəallıq nümayiş etdirəcək: "YAP həmişə müasir tələblərə cavab verən konsepsiyalarla çıxış edir. YAP ən güclü partiyadır və bələdiyyə seçkilərində də kifayət qədər namizədlə iştirak edir. Partiyamız bu seçkilərdə də qarşısına bir sıra məqsədlər qoyub. Azərbaycanın yerli özünüidarəetmə institutunun formalaşması istiqamətində xeyli təcrübə qazanıb. Dekabrın 23-də keçiriləcək növbəti bələdiyyə seçkilərinin də cəmiyyətimizin həyatında mühüm hadisə olacaq".
Nəsimi bələdiyyəsinin fəaliyyətdə olan sədri, bələdiyyə üzvlüyünə namizəd Əziz Axundov bildirdi ki, məqsədimiz bələdiyyələrin işinin keyfiyyətinin daha da artması üçün mövcud potensialdan düzgün istifadəni təmin etməkdir. Həmçinin, hüquqi bazanın daha da təkmilləşdirilməsi üçün səylərimizi artırmaq və digər mühüm məsələlərin həllinə nail olmaqdır: "YAP tərəfindən namizədliyi irəli sürülən hər bir partiya üzvü bu məqsədlərin həyata keçrlilməsində fəal iştirak etməlidir".
Bələdiyyə üzvlüyünə namizəd Rahib Hacıyev seçicilərlə görüşdə qeyd etdi ki, hər bir ölkədə demokratik norma və prinsiplərin tam şəkildə bərqərar, dəyərlərin davamlı olması üçün iqtisadi inkişafın müəyyən həddə çatması əsas şərtlərdəndir: "Azərbaycan müstəqil dövlət olaraq, artıq bu həddə çatıb və daha da irəliyə doğru addımlar atılıb. Buna görə də ölkə miqyasında həyata keçirilən yeniliklər, tətbiq olunan islahatlar dövlətçiliyin möhkəmlənməsinə, insanların sosial müdafiəsinin daha etibarlı təşkilinə xidmət etməlidir. Əminəm ki, qarşıdan gələn bələdiyyə seçkilərində YAP qələbə qazanacaq".
Tədbirdə çıxış edən bələdiyyə üzvlüyünə namizəd Teymur Nəbiyev bildirdi ki, bələdiyyə seçkilərində YAP gənclərin və qadınların iştirakının artırılması, onların yerli özünüidarəetmə orqanlarında təmsilçiliyinin yüksəlməsi ilə bağlı təkliflərini ifadə edib. O, seçiciləri YAP tərəfindən namizədliyi irəli sürülən gənclərə səs verməyə çağırdı.
Görüşdə bələdiyyə üzvlüyünə namizəd Aytəkin Xudafirimova, Asif Qurbanov, Rəhiməxanım Məmmədzadə və Natiq Abbasov çıxış edərək, vurğuladılar ki, YAP bələdiyyə seçkilərinə hazırlıqla bağlı çox böyük tədbirlər planı həyata keçirir: "Bələdiyyələrin işinin daha da təkmilləşdirilməsi, bütövlükdə, yerli özünüidarəetmə orqanlarının qarşısında duran əsas vəzifələrdən biridir. Bu istiqamətdə müəyyən addımlar atılır, o cümlədən, bələdiyyələrin fəaliyyətinin hüquqi bazasının təkmilləşdirilməsi istiqamətində müəyyən işlər görülür. Hər bir seçki sınaqdır. Bu baxımdan, YAP-ın indiyə qədər keçirilən seçkilərdən böyük qalibiyyətlə çıxıb və bələdiyyə seçkilərində də böyük üstünlük əldə edərək, qalib gələcəyinə əminik".
Seçicilər qeyd etdilər ki, ölkə miqyasında aparılan siyasi, iqtisadi islahatlar bələdiyyələrin də fəaliyyətinə təsir edəcək, gələcəkdə icra mexanizmi təkmilləşəcək.
Tədbirin sonunda seçiciləri maraqlandıran suallar cavablandırıldı.

Digər xəbərlər