Ölkəmizdə tam demokratik seçki mühiti mövcuddur
Dünən Yeni Azərbaycan Partiyasının Qazax rayon təşkilatı 23 dekabr bələdiyyə seçkiləri ilə əlaqədər təbliğat və təşviqat kampaniyası çərçivəsində növbəti görüşləri keçirilib. Seçicilərlə görüşlərdə çıxış edən YAP Qazax rayon təşkilatının sədri Həmid Pənahov qarşıdan gələn bələdiyyə seçkiləri ilə əlaqədar olaraq təbliğat və təşviqat kampaniyası çərçivəsində, respublikamızın hər yerində olduğu kimi, Qazax rayonunda da tədbirlər planı çərçivəsində görüşlərin keçirildiyini bildirdi. Qeyd etdi ki, artıq ölkəmizdə üçüncü dəfədir ki, keçirilən bələdiyyə seçkiləri cəmiyyət tərəfindən müsbət qarşılanmaqdadır.
H.Pənahov əsası Ulu Öndərimiz Heydər Əliyev tərəfindən qoyulmuş müstəqil və demokratik dövlətimizin bu gün Prezident İlham Əliyev tərəfindən böyük uğur və əzmlə inkişaf etdirildiyini bildirdi. Seçki prosesində cəmiyyətin inkişafında vacib prinsiplərdən biri olduğunu qeyd edən H.Pənahov qarşıdan gələn bələdiyyə seçkilərində də, respublikamızın hər yerində olduğu kimi Qazax rayonunda da insanların seçkilərə çox böyük maraq göstərdiyini vurğuladı. Dekabrın 23-də keçiriləcək bələdiyyə seçkilərində Qazax rayon seçicilərinin böyük fəallıq nümayiş etdirərək, YAP-ın irəli sürmüş olduğu namizədlərə səs verəcəklərinə əminliyini ifadə edən H.Pənahov bu seçki prosesinin də tam demokratik və şəffaf formada keçiriləcəyini vurğulayıb.
YAP-ın bələdiyyə seçkilərində səlahiyyətli nümayəndəsi, millət vəkili Hadı Rəcəbli Qazax rayon seçiciləri qarşısında çıxış edərək, dekabrın 23-də keçiriləcək bələdiyyə seçkiləri ilə bağlı təbliğat-təşviqat kampaniyası çərçivəsində seçicilərlə keçirilən mütəmadi görüşlərin onların bələdiyyə strukturu barədə anlayışlarını bir qədər də artırmış olduğunu bildirib. Bunu seçicilərlə ardıcıl şəkildə təşkil olunmuş görüşlərdə insanların bu sistemə dair bir çox mətləblər barəsində bilgilər əldə etmək istəklərində və böyük maraqla tədbirlərdə iştirag edərək, fəallıq nümayiş etdirmələrində açıq şəkildə görməyin mümkünlüyünü dilə gətirən H.Rəcəbli artıq cəmiyyətin istənilən prosesə adekvat reaksiyasının yüksək olduğunu da qeyd etdi: "Azərbaycan cəmiyyəti beynəlxalq cəmiyyətin tərkib hissəsi olduğu üçün buradakı istənilən dəyişiklik, məhz insanların ictimai-siyasi və sosial münasibətlərə olan mövqeyində özünü göstərir. Ona görə də, mövcud ictimai münasibətlər müstəvisində cəmiyyətimiz durmadan inkişaf edir. Ulu Öndərimizin müəyyənləşdirmiş olduğu uğurlu inkişaf tendensiyası bu Prezident İlham Əliyevin rəhbərliyi altında əzmlə və dəyanətlə inkişaf etdirilməkdədir. Artıq Azərbaycan, nəinki regionda, beynəlxalq aləmdə də, öz mövqeyini günü-gündən daha da möhkəmləndirməkdədir. Seçkidə cəmiyyətimizin inkişafında vacib bir tendensiya olduğu üçün bu məsələdə də insanlarımız daha fəal və prinsipial olmalıdır".
"Azərbaycanda tam demokratik və şəffaf bir mühit formalaşıb, sadəcə olaraq, bu, situasiyadan insanlar öz mövqelərini və gələcək yaşam tərzlərini müəyyənləşdirmək üçün istifadə etməlidirlər" deyən YAP Siyasi Şurasının üzvü, YAP-ın bələdiyyə seçkilərində səlahiyyətli nümayəndəsi, "İki Sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə ölkə vətəndaşlarını hər bir ictimai-siyasi və sosial məsələdə aktivlik nümayiş etdirməyə səslədi. Bildirdi ki, cəmiyyətin inkişafı, onun üzvlərinin nə dərəcədə fəal olmasından çox asılıdır. Məhz bu baxımdan da, insanların öz talelərinə biganə qalmamasının başlıca səbəbini aktiv olmaqda görən V.Rəhimzadə demokratiyanın və sabitliyin insanların mövcud yaşam hüquqlarının hörmətdən qaynaqlandığını dilə gətirib: "Cəmiyyətin həyatında baş verən hər bir müsbət dəyişiklik buradakı mövcud imkanlardan asılıdır. Dövlət inkişaf edirsə, iqtisadi, siyasi sosial münasibətlərdə müsbət dəyişikliklər baş verirsə, bunun başlıca meyarı insan faktoru ilə ələqəlidir. Çünki mövcud münasibətlərin bir cəhətində insan amilinin olması vacibdir. İnsan isə daim azadlıq və şəffaf mühitdə yaşamaq naminə çarpışır. Bu gün ölkəmizdə məhz belə bir mühit yaradılmışdır. Birmənalı şəkildə, bu imkandan istifadə etmək vacibdir ki, gələcək inkişaf istiqamətlərimiz də məlum olsun. Bunun üçün isə hər bir vətəndaş öz üzərinə düşən, ölkə Konstitusiyasının onlara vermiş olduğu hüquqdan istifadə etməlidir" -deyən V.Rəhimzadə bələdiyyə seçkilərində insanları seçim hüquqlarından istifadə etməyə səslədi.
Qazax rayon sakinləri ilə keçirilmiş görüşlərdə seçicilər YAP tərəfindən irəli sürülmüş namizədləri dəstəkləyəcəklərini və yekdilliklə onlara səs verəcəklərini bildirdilər.