PDF Oxu

Sosial

  • 6

Heydər Əliyev və Müasir Azərbaycan

Heydər Əliyev və Müasir Azərbaycan

Nə qədər kədərli olsa da, dekabrın 12-də müstəqil Azərbaycan Respublikasının banisi, Ümummilli Liderimiz Heydər Əliyevin vəfatından 6 il ötür. Tarixi şəxsiyyət olan Ulu Öndərimiz bütün həyatını dövlətçiliyimiz və xalqımızın bu günü və gələcəyi naminə həsr edərək, güclü, sarsılmaz, qüdrətli bir dövləti-Azərbaycanı bizlərə ərməğan etdi. Ölkə ziyalıları Ümummilli Liderimiz Heydər Əliyevin şah əsəri olan müasir Azərbaycanın banisi kimi tarixə düşdüyünü və əsrlər boyu bu irsin davam edəcəyini bildirdilər.

YAP Xətai rayon təşkilatının sədri, millət vəkili Hüseynbala Mirələmov:

- Bu gün respublikamızın hər yerində xalqımız Ümummilli Liderimiz Heydər Əliyevin anım gününü qeyd edir. Ulu Öndərimiz 6 ildir ki, cismən bizdən ayrılıb. Lakin Onun ideyaları, düşüncələri yaşayır və yaşayacaqdır. Heydər Əliyevin qurduğu, yaratdığı, memarı olduğu Azərbaycan, heç bir zaman Heydər Əliyev ideologiyasından, fəlsəfəsindən dönməyəcəkdir. Heydər Əliyev yüz illər ərzində, tarixin yetişdirdiyi qeyri-adi şəxsiyyətlərdən biri kimi, Azərbaycan xalqının yaddaşında, qəlbində əbədi yaşayacaqdır. 1993-cü ilin iyun hadisələri zamanı artıq bütün xalq, Azərbaycanın siyasi məkanında fəaliyyət göstərən bütün qüvvələr də belə qənaətdə idilər ki, ölkənin müstəqilliyini və bir dövlət kimi mövcudluğunu yalnız cənab Heydər Əliyev qoruyub saxlaya bilər. Odur ki, təkidlə Onun yenidən ölkə rəhbərliyinə qayıtmasını tələb və xahiş etdilər.
Ölkə daxilində sabitliyin yaradılması çox çətin və ağrılı proses olmuşdur. Ancaq Ulu Öndərimiz Heydər Əliyevin qətiyyəti sayəsində Azərbaycanı, keçmişdəki kimi, kiçik xanlıqlara parçalamağa çalışan separatçı qüvvələr zərərsizləşdirildi, qeyri-qanuni silahlı dəstələr ləğv edildi, əhalidəki külli miqdarda silah-sursat toplandı. Torpaqlarımızın etibarlı müdafiəsini təşkil edəcək Milli Ordunun yaradılması sahəsində zəruri tədbirlər görüldü. Azərbaycanın əldə etdiyi bütün bu uğurlara görə, fəxr edə bilərik ki, biz Ümummilli Lider Heydər Əliyevin qurduğu müstəqil, demokratik və azad bir ölkənin vətəndaşlarıyıq!!!

Millət vəkili Fərrux Zeynalov:

- Azərbaycanın müasir tarixinin memarı və yaradıcısı olan Heydər Əliyevin həyatının dəyişməsindən altı il keçməsinə baxmayaraq, bu böyük şəxsiyyət xalqımızın qəlbində tarix boyu əbədi olaraq yaşayacaq. Çünki Azərbaycanın XX əsrdəki tarixinin ən parlaq səhifələri Heydər Əliyevin adı ilə bağlıdır. SSRİ-nin aqrar ölkəsinə çevrilmiş və geridə qalmış bir respublikanı 1969-cu ildən etibarən inkişaf etmiş respublikaya çevirən Ulu Öndər Heydər Əliyev öz tarixi xidmətləri ilə XX əsrin sonlarında müasir və müstəqil Azərbaycanın bünövrəsini qoydu. Məhz Heydər Əliyevin qoyduğu tarixi işlər Azərbaycanı XXI əsrdə qüdrətli dövlətə çevirdi.
Tarix böyük şəxsiyyətlərin üzərinə həmişə böyük işlər qoyur. Heydər Əliyevin Azərbaycan xalqı qarşısındakı xidmətlərinin bir hissəsi məhz Azərbaycanın dövlət müstəqilliyini əldə etməsindən sonrakı mərhələyə təsadüf edir. Bu gün Azərbaycanımızın günü-gündən çiçəklənməsinin səbəbkarı təkrarolunmaz Liderimiz Heydər Əliyevin apardığı uğurlu siyasətin nəticəsidir. Ulu Öndərimiz Heydər Əliyev Azərbaycanda hakimiyyətə birinci gəlişi ilə ölkəmizin ən yeni tarixindən yeni bir tərəqqi mərhələsinin əsasını qoydusa, ikinci gəlişi ilə çətinliklə əldə etdiyimiz müstəqilliyimizin və dövlətçiliyimizin daha da möhkəmlənməsinə şərait yaratdı. Məhz buna görə də ömrünü xalqının yolunda şam kimi əridən Ulu Öndərimiz Heydər Əliyevi xalqımız sevib və əbədi olaraq sevəcək. O, cismən bizdən ayrılsa da, ruhu həmişə bizimlədir. Bu gün Azərbaycan dövlətinin və xalqının qazandığı nə qədər nailiyyətlər varsa, bütün bunların hamısının müəllifi yalnız Heydər Əliyevdir. Bu baxımdan da, Ulu Öndərin siyasi irsinin Azərbaycanda öyrədilməsi ən vacib məsələlərdin biridir. Necə ki, bütün bəşəriyyətə böyük töhfələr vermiş böyük şəxsiyyətlərin tərcümeyi-halı, fəaliyyət istiqamətləri, həyata keçirilən işlər qiymətləndirilir və bunlar dünya ictimai fikirində həmişə öz təsirini göstərmiş olur. Ona görə də, Azərbaycan, coğrafiyasına əsasən, 86,6 min kvkm bir ərazini əhatə edir. Azərbaycanın Ulu Öndər Heydər Əliyevin timsalında böyük bir siyasi Lideri var ki, Onun malik olduğu keyfiyyətlər təkcə bu coğrafiyanın içərisində deyil. Ulu Öndər haqqında deyilən bir fikir doğrudur ki, kiçik bir aləmdə dünyaya gələn bir şəxsiyyət bütün dünyanın vətəndaşı olaraq bu dünyanı tərk etmiş oldu. Məhz bu baxımdan da, Ulu Öndər Heydər Əliyevin həyatının öyrənilməsi hər zaman gündəmdə olacaqdır. Eyni zamanda, yeni-yeni şəxsiyyətlərin formalaşmasında bu amil mühüm rol oynayacaqdır.

YAP Cəlilabad rayon təşkilatının sədri Mirsüleyman Mirxaslı:

- Bu gün Ümummilli Liderimiz müstəqilliyimizin yaradıcısı və qurucusu olan Heydər Əliyevin ölümünün altıncı ildönümüdür. Ümummilli Liderimizin həyatının dəyişdiyi günü xatırlamamaq mümkün deyil. 12 dekabr 2003-cü il tarixi gündən bu günə kimi və bundan sonra yüz illər keçsə belə, Ulu Öndərimizin həyatını dəyişdiyi günü həmişə xatırlayacaq və yad edəcəyik.
Bu, bir həqiqətdir ki, tarix şəxsiyyətləri ilə tarix olur. Mayası Vətən və xalq sevgisindən yoğrulan, xalqının yolunda çəkdiyi əzab-əziyyəti sevgi ilə qarşılayan, dünyanı özünə heyran qoyan Ümummilli Liderimiz Heydər Əliyev Tanrının xalqımıza bəxş etdiyi böyük şəxsiyyət idi. Bu gün artıq Onun adı ilə bağlı olan hər şey tarixə çevrilir. Biz də gözümüzün qarşısında baş vermiş, canlı şahidləri olduğumuz hadisələri tarixi aspektdən yenidən qiymətləndirməyə, onları tarix üçün önəmini dərk etməyə borcluyuq. Ümummilli Liderimiz Heydər Əliyev Azərbaycan xalqının ən böyük oğlu, Azərbaycan dövlətinin isə Atasıdır. Həm də müstəqil dövlətimizi bütün dünyaya tanıtdıran böyük fenomenal şəxsiyyətdir. Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi bütün illərdə öz zəngin təcrübəsi, yüksək intellekti sayəsində, ardıcıl olaraq, milli tarixi siyasəti işləyib hazırlamış və bütün çətinliklərə sinə gərərək, onu dönmədən həyata keçirmişdir.
Bu gün ölkədə fəaliyyət göstərən, xalqın sevgi və məhəbbətini qazanan güclü və qüdrətli partiya olan Yeni Azərbaycan Partiyası, ölkə Prezidenti İlham Əliyev tərəfindən getdikcə güclənməkdədir. Çünki ölkə Prezidenti İlham Əliyev cənabları Ümummilli Liderimiz Heydər Əliyevin qoyduğu uğurlu siyasəti davam etdirir.

Digər xəbərlər