Yeni Azərbaycan Partiyası xalqın dəstəklədiyi siyasi qüvvədir
Dünən Samux rayonunun Füzuli, Lək kəndləri və İnstitut qəsəbəsində YAP Samux rayon təşkilatı tərəfindən bələdiyyə üzvlüyünə namizədlikləri irəli sürülmüş şəxslərlə keçirilən görüşdə partiya fəalları, rayonun nüfuzlu şəxsləri və seçicilər iştirak etmişdir. YAP Samux rayon təşkilatının sədri Gündüz Bayramov görüşdə çıxış edərək, bələdiyyə seçkilərinə hazrlıqla bağlı məlumat verdi. Bildirdi ki, YAP Samux rayon təşkilatı 23 dekabrda keçiriləcək bələdiyyə seçkilərinə çox ciddi və məsuliyyətlə hazırlaşır: "Partiya tərəfindən bələdiyyə üzvlüyünə ən layiqli namizədlər irəli sürülüb. Namizədlərin təxminən 30,5 faizi qadınlar, bir o qədəri də gənclərdir. Ümid edirik ki, onlar seçicilərin etimadını qazanacaqlar".
YAP Samux rayon tşkilatının sədri qadınların bələdiyyə sədri olması üçün heç bir problemin olmadığını da vurğulayaraq, bildirdi ki, burada cinsi fərq ola bilməz, eyni zamanda, qadın bələdiyyə başçısı və müavin də ola bilər: "Ümumiyyətlə, bələdiyyə sistemi Azərbaycan üçün yeni bir formadır və ona görə də, cinsindən asılı olmayaraq, bu fəaliyyət növü tam anlaşılmır. Yəqin ki, tədricən yavaş-yavaş bu, öz nəticəsini verəcək və qadınların da marağı artacaq".
G.Bayramov onu da bildirdi ki, ölkəmizdə dövlət-qadın siyasətinin təməl prinsiplərinin müəyyən edilməsi və dövlət siyasəti səviyyəsinə yüksəldilməsi Ulu Öndər Heydər Əliyevin adı ilə bağlı olduğu danılmaz faktdır: "Ulu Öndər Heydər Əliyev deyirdi ki, "Qadınlar cəmiyyətin bəzəyidir, gözəlliyidir. Qadınsız cəmiyyət, həyat ola bilməz. Azərbaycan qadınları öz ağıllarına, zəkalarına, biliklərinə, istedadrlarına görə, dünya qadınları içərisində özünəməxsus yer tutur. Ona görə də, biz qadınlarımızla fəxr edirik".
"Yeni Azərbaycan Partiyası seçkilərə "Xalqa xidmət naminə" şüarı ilə qatılıb" fikrini söyləyən millət vəkili, YAP-ın səlahiyyətli nümayəndəsi Hadı Rəcəbli bildiri ki, samuxlular həmişə olduğu kimi, bu seçkilərdə də fəallıq nümayiş etdirəcəklər: "Əminəm ki, Samux rayon seçiciləri məhz öz xalqına hər zaman xidmət edən və demokratiyanın inkişafına dəstək verən Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verəcəklər".
Millət vəkili yerli özünüidarəetmə orqanlarının, bir struktur kimi, 1999-cu ildə yaradıldığını söylədi. Onun sözlərinə görə, ötən müddət ərzində, onların fəaliyyətinin tənzimlənməsi üçün qərarlar və qanunlar bələdiyyələrin fəaliyyətlərinin daha effektli şəkildə qurulmasına şərait yaradıbdır. Bələdiyyələrin əsas vəzifəsinin vətəndaşlara xidmət olduğunu bildirən Hadı Rəcəbli, bu səbədən də, sosial problemlərin həllində onların üzərinə böyük məsuliyyətin düşdüyünü bildirdi.
Yeni Azərbaycan Partiyasının bələdiyyə seçkilərinə 15 mindən artıq namizədlə qatıldığını vurğulayan H.Rəcəbli bu rəqəmin böyük göstərici olduğunu söyləyib: "Bu, bir daha göstərir ki, Yeni Azərbaycan Partiyası xalqımız tərəfindən sevilir, dəstəklənir. Əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan və bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən siyasi kurs ölkə vətəndaşlarının rifahına, dövlətimizin inkişafına xidmət göstərir. Azərbaycan xalqı bütün seçkilərdə Yeni Azərbaycan Partiyasının namizədlərinə inandıqlarını, etimad göstərdiklərini verdikləri dəstəklə nümayiş etdiriblər. Əminəm ki, Samux seçiciləri dekabrın 23-də də bu inamı bir daha nümayiş etdirəcəklər və Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verəcəklər".
YAP-ın bələdiyyə üzrə səlahiyyətli nümayəndəsi, YAP Siyasi Şurasının üzvü, "İki Sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə çıxış edərək, bildirdi ki, YAP bələdiyyə seçkilərinə "Xalqa xidmət naminə" şüarı ilə gedir: "Bundan əvvəlki seçkilərdə olduğu kimi, YAP tərəfindən irəli sürülmüş namizədlər seçicilərin səslərini toplayaraq, bu bələdiyyə seçkilərində də qalib gələcəklər".
YAP-ın səlahiyyətli nümayəndəsi, onu da qeyd etdi ki, yerli idarəetmə orqanlarının vəzifəsi xalqa səmərəli xidmət göstərmək və yerli sosial məslələrin həllində daha yaxından iştirak etməkdir: "Çünki 10 illik təcrübəsi olan Azərbaycan bələdiyyə sisteminin inkişaf yolundadır. İnanıram ki, bu gün samuxlular rayon bələdiyyəsinin gördüyü işlərdən razı qalıb və dekabrın 23-də Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülən namizədlərə etimad göstərəcək".
YAP tərəfindən bələdiyyə üzvlüyünə irəli sürülmüş namizədlər-Cəsur Məmmədov və Eyvaz Abbasov görüşdə çıxış edərək, Yeni Azərbaycan Partiyasının seçki proqramından bəhs etdilər. Vurğuladılar ki, seçildikləri zaman bu proqramda göstərilən tələblərə əməl edəcək vətəndaşların firəvan yaşaması üçün bütün mümkün olan imkanlardan istifadə edəcəklər.
Sonda səlahiyyətli nümayəndələr seçiciləri maraqlandıran sualları cavablandırdılar.