Bələdiyyə seçkiləri demokratik institutların formalaşmasına təkan verəcək
Yeni Azərbaycan Partiyası Xızı rayon təşkilatı dekabrın 23-də keçiriləcək bələdiyyə seçkilərinin təbliğat-təşviqat kampaniyası çərçivəsində, rayonunun Giləzi, Altıağac qəsəbələrində və Xələf kəndində seçicilərlə növbəti görüş keçirdi.
Tədbirlərdə çıxış edən YAP Xızı rayon təşkilatının sədri Fərrux Haqverdiyev bələdiyyə seçkiləri ilə əlaqədar təbliğat-təşviqat kampaniyası çərçivəsində keçirilən görüşlərin böyük əhəmiyyət daşıdığını vurğuladı: "Belə görüşlərimiz rayonun bütün kənd və qəsəbələrində davam etdiriləcək. Bu gün tədbirimizdə partiya fəalları, rayonun nüfuzlu şəxsləri, seçicilərimiz və YAP Xızı rayon təşkilatı tərəfindən namizədlikləri irəli sürülmüş şəxslər yığıncağa dəvət olunubdur".
F.Haqverdiyev bildirdi ki, partiya tərəfindən irəli sürülən namizədlərimiz seçki ərazilərinin seçiciləri ilə daha sıx əlaqə saxlamalı, onların problemlərilə maraqlanmalı və bütün işlərini düzgün qurmalıdır: "Əhali ilə keçirilən toplantılarda xalqın etimadını doğrultmaq üçün müəyyən işlər aparmalısınız ki, xalq sizə inansın. Onsuz da, biz işlərimizi bu istiqamətdə quracağıq. Amma sizin özünüz də müəyyən addımlar atmalısınız. Rayon üzrə 88 nəfər namizəd irəli sürülübdür. Partiyanın rayon təşkilatı irəli sürdüyü namizədlərin təbliğ edilməsi və qələbə qazanması üçün bütün imkanlardan istifadə edəcək. Əgər ötən 5 ilə nəzər salsaq, görərik ki, Xızı bələdiyyəsi tərəfindən şəhərimizin abadlaşdırılması istiqamətində xeyli işlər görübdür. Həyata keçirilən bu uğurlara nail olmaq üçün seçiləcək bələdiyyə üzvlərinin rayonumuzun inkişafı istiqamətində öz imkanlarından geniş şəkildə istifadə edəcəklərinə və seçicilərin, eyni zamanda, Yeni Azərbaycan Partiyasının etimadını doğruldacaqdlarına tam əminik. Elə buna görə də, biz elə etməliyik ki, əhali verdiyimiz vədin nəticəsini görsün. Bu gün respublikamızın regionları da sürətli inkişaf tempini yaşayır. Əhalinin sosial müdafəsi güclənir, bütün növ pensiya və müavinətlər, eləcə də, əmək haqları artırılır. Bu da, onu göstərir ki, cənab İlham Əliyev var gücü ilə çalışaraq, həm ölkəmizi inkişaf etdirir, həm də əhlinin güzəranını yaxşılaşdırır. Buna misal olaraq, son 5 ildə əhalinin sosial müdafiəsi istiqamətində imzalanan fərman və sərəncamları, bələdiyyələrin formalaşması və inkişafı istiqamətində bir sıra qanun və qərarların qəbul olunmasını göstərmək olar. Ona görə də, bizim hər birimiz, elə etməliyik ki, işlərimiz bu istiqamətdə uğurla davam etdirilsin".
Tədbirdə çıxış edən YAP-ın bələdiyyə seçkiləri üzrə səlahiyyətli nümayəndəsi, millət vəkili Gülər Əhmədova bildirdi ki, dövlətimizin və cəmiyyətimizin inkişaf təzahürlərini özündə ehtiva edən prinsiplərdən ən başlıcası hesab edilən seçkilər dövlətimizin qarşısında dayanan ən ümdə vəzifələrdən hesab olunur: "Məlum olduğu kimi, qarşıdan yerli özünüidarəetmə orqanlarına seçkilər gəlir. İnanırıq ki, ölkəmizdə formalaşmış olan seçki ənənələri və seçki mədəniyyəti bu prosesin də şəffaflığının təmin edilməsinə imkan yaradacaq və YAP-ın namizədləri düzgün təşviqat aparıb qələbə qazanacaqlar".
Bələdiyyələrin normal fəaliyyət göstərmələri üçün müvafiq qanun aktlarının qəbul olunduğunu deyən G.Əhmədova bu qurumda gənclərin və qadınların çoxluq təşkil etməsinin vacibliyini qeyd etdi. Bildirdi ki, bələdiyyə seçkilərində gənclərin və qadınların fəal iştirakı bu faktorun cəmiyyətdə sosial ədalət prinsipləri baxımandan, mühüm əhəmiyyət daşıyır. Millət vəkili diqqətə çatdırdı ki, Yeni Azərbaycan Partiyasının "Xalqa xidmət naminə" devizi ilə seçkilərə qatılması ictimaiyyətin fəallığını artırır, xalqla-Yeni Azərbaycan Partiyası arasında yaranmış əlaqəni və etimadı daha da sıxlaşdırır".
YAP-ın bələdiyyə seçkiləri üzrə səlahiyyətli nümayəndəsi, millət vəkili Tahir Süleymanov Yeni Azərbaycan Partiyasının, hər bir seçkidə olduğu kimi, bu il keçiriləcək bələdiyyə seçkilərinə də çox ciddi və məsuliyyətlə hazırlaşdığını vurğuladı. Millət vəkili partiya və onun yerli təşkiltları tərəfindən bələdiyyə üzvlüyünə ən layiqli namizədlərin irəli sürüldüyünü və irəli sürülən namizədlərin bu etimadı doğruldacaqları və seçkilərdə qələbə qazanacaqları təqdirdə, əhaliyə layiqli xidmət göstərəcəklərinə inandığını bildirdi: "YAP bələdiyyə seçkiləri ilə bağlı seçki proqramı qəbul edib və seçkilərə "Xalqa xidmət naminə" şüarı ilə gedir. Həmin proqramda bələdiyyələrin və üzvlərinin vəzifələri, əhaliyə keyfiyyətli xidmətin göstərilməsi imkanları əks olunub. Bu fakt partiyanın bələdiyyələrin işinə, əhali qarşısındakı məsuliyyətinə verdiyi önəmin ifadəsi kimi də qəbul oluna bilər".
Tədbirdə çıxış edən seçicilər YAP-ın namizədlərinin bələdiyyə seçkilərində inamlı qələbə qazanacağına əminliklərini ifadə etdilər. Onlar, əvvəlki seçkilərdə olduğu kimi, dekabrın 23-də də yüksək seçici fəallığı nümayiş etdirəcəklərini, Yeni Azərbaycan Partiyasının irəli sürdüyü namizdlərin qələbəsinin təmin olunması üçün yekdilliklə səs verəcəklərini bildirdilər.