PDF Oxu

Sosial

  • 11

Dağlıq Qarabağ münaqişəsi Vaşinqtonda müzakirə ediləcək

Dağlıq Qarabağ münaqişəsi Vaşinqtonda müzakirə ediləcək
Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın dekabrın 7-də Vaşinqtona planlaşdırılan rəsmi səfəri yenidən gündəmə Dağlıq Qarabağ münaqişəsi ilə yanaşı, Ermənistanla "sərhəd mövzusu" nu da gətirib. Rəsmi açıqlamalara görə, Baş nazir Prezident Barak Obama ilə görüşündə Dağlıq Qarabağ münaqişəsinin həllində ABŞ-ın daha fəal rolunu xahiş edəcək. Bunu Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu mətbuata açıqlamasında bildirib.
Lakin Ermənistanın siyasi və hakimiyyət dairələrinin Türkiyənin Baş nazirinin Birləşmiş Ştatlara nəzərdə tutulan səfərindən ehtiyatlandıqları açıq-aşkar ortadadır. Belə ki, bir qrup erməni deputatı və siyasətçisi səfər zamanı Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Azərbaycanın xeyrinə yekun qərar qəbul ediləcəyindən narahatdır.
Bu narahatlığa əsasən Ermənistan Türkiyə hökumət başçısı Rəcəb Tayyib Ərdoğanın dekabrın 7-də Birləşmiş Ştatlara gözlənilən səfərinin təxirə salınmasını istəyir. Səfərin baş tutmayacağını iddia edən bəzi erməni siyasi dairələri Ağ ev rəhbəri Barak Obamanın adından açıqlamalar verərək, bunu Ankaranın Sürix protokllarını ratifikasiya etməməsi ilə əlaqələndirib. Dünənə qədər bu səfərdən böyük gözləntiləri olduğunu açıq-aşkar hiss etdirən Ermənistanın son məqamda fikrini dəyişməsi Birləşmiş Ştatların ABŞ-ın enerji məsələləri üzrə xüsusi səfiri Riçard Morninqstarın Ankaraya səfəri ilə bağlıdır.
Belə ki, rəsmi açıqlamalarda səfər zamanı yalnız enerji məsələlərinə dair müzakirələr aparlıdığı bildirilir. Erməni siyasətçilərin fikrincə isə R.Morninqstarın Ankara ziyarəti birbaşa R.T.Ərdoğanın ABŞ-a səfərinə hazırlıq məqsədi daşıyır və işğalçı ölkədə ümid edirdilər ki, Ağ ev rəsmisi Türkiyə hökuməti ilə Sürix protokollarının ratifikasiyası ilə bağlı Ankaraya təyziq göstərəcək. Amma belə olmadı və səfər zamanı əsas iştirakçılarından biri də Azərbaycan hesab edilən "Nabukko" layihəsinin reallaşması müzakirə edildi. Birləşmiş Ştatlar rəsmisi Azərbaycan təbii qazının kəmər üçün vacib olduğunu bir daha bəyan etdi. Qısası rəsmi Vaşinqton bununla Azərbaycan və Türkiyə ilə strateji müttəfiqliyinə Ermənistana görə kölgə salmaq niyyətində olmadığını göstərdi. Bu baxımdan, R.Morninqstarın səfərinin Yerevanda böyük narahatlıq doğurması təbiidir. Erməniləri narahat edən digər məqam isə xarici işlər naziri Elmar Məmmədyarovun türkiyəli həmkarı Əhməd Davudoğlu tərəfindən Ankaraya dəvət olunmasıdır. Səfər zamanı Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair müzakirələrin aparılacağı istisna edilmir. Məsləhətləşmələrə Ermənistan tərəfinin qatılmaması da Yerevanda həyəcan doğurub.
Yerevanda çıxan "Haykakan Jamanak" qəzeti isə yazıb ki, Türkiyə-Ermənistan sərhədinin yenidən açılması Ermənistanı iqtisadi çöküşdən xilas edə bilər. Eyni zamanda qəzet Ermənistan rəhbərliyini Türkiyənin sabiq xarici işlər naziri Əli Babacanın bu il "1915-ci il genosidi"nə bir həftə qalmış Yerevana səfər etməsinə görə tənqid edib: "Hakimiyyət başa düşməyə bilməz ki, Babacanın ziyarəti ABŞ-ın əlinə genosidin rəsmən tanınmasının o qədər də yaxşı ideya olmadığına dair arqument verib. Aprelin 24-ü yaxınlaşdıqca daha bariz şəkildə görünür ki, Türkiyə Rusiya və ABŞ-la böyük geopolitik alverə başlayıb". Qəzet yazır ki, Türkiyə Dağlıq Qarabağın Azərbaycana qaytarılmasının və "erməni soyqırımı" nın tanınmamasının ikisinin bir yerdə mümkün ola bilməyəcəyini başa düşür: "Habelə, Ankara dərk edir ki, Erminstanla sərhədi açmaqdan imtina etsə, "erməni genosidi"nin tanınması qaçılmaz olacaq".
Onu da qeyd edək ki, son vaxtlar Türkiyə ilə Ermənistan arasında "sərhəddə" mövzusunda aparılan müzakirələrə Tbilisidəki dairələr də sərt reaksiya veriblər. Gürcüstan Beynəlxalq Münasibətlər Assosiasiyasının prezidenti Levan Tsutskiridze bildirir ki, uzun illərdir Gürcüstan regionda mühüm tranzit ölkə olaraq qalır. Ona görə də o, hesab edir ki, Türkiyə-Ermənistan sərhədlərinin açılması ölkəsində narahatlıqla qarşılana bilər: "Sərhədlərin açılması iki suveren dövlətin işidir. Gürcüstan sərhədlərin açılmasından ehtiyatlanmır, onu iqtisadi və tranzit məsələləri narahat edir. Amma enerji və tranzitlə yanaşı, siyasət də gedir. Ona görə Gürcüstan tranzit potensialının azalmasından çəkinir".
Onu da qeyd edək ki, son aylarda Türkiyə Ermənistan arasında sərhədlərin açılması məsələsinin fonunda bəzi dairələr, xüsusən erməni lobbisinin təsiri altında olan xarici kütləvi-informasiya vasitələri Azərbaycan-Türkiyə münasibətlərinin pozulması üçün səylərini əsirgəmirlər. Nə qədər acı olsa da etiraf etməliyik ki, bu gün dünyada bu iki türk dövlətinə bir yerdə zərbə vurmaq həvəsində olanlar çoxdur. Amma Türkiyənin Baş naziri R.T.Ərdoğanın ölkəmizə son rəsmi səfərindən sonra məlum oldu ki, Azərbaycan-Türkiyə münasibətlərini pozmaq mümkün deyil və iki qardaş ölkə arasındakı əlaqələr möhkəm və sarsılmazdır. "İkitərəfli əlaqələrimizin təməlində bizim "bir millət, iki dövlət" anlayışımız eynilə davam etməkdədir. Xüsusilə Azərbaycanın Dağlıq Qarabağ məsələsindəki həssaslığı, həmçinin bizim də həssaslığımızdır. Dağlıq Qarabağ məsələsində bu günə qədər yol verilmiş bəzi möhtəkirliklər Türkiyə olaraq, Türkiyə Cümhuriyyətinin hazırkı hökuməti olaraq bizim qəbul etməyimiz mümkün deyildir. Bu günə qədər necə qəbul edilməyibsə, bu gün də eyni şəkildə qəbul edilə bilməz, inanıram ki, belə bir şey bundan sonra da əsla qəbul edilməyəcəkdir. Çünki burada bir səbəb-nəticə bağlılığı vardır. Dağlıq Qarabağın işğalı bir səbəbdir. Sərhədlərin bağlanması bir nəticədir. Dağlıq Qarabağ işğal edildiyi üçün Türkiyə sərhədləri bağlamışdır. İşğala son qoyulmayınca bilavasitə sərhədlərin açılması da mümkün deyildir. Bunu çox açıq şəkildə bir çox yerdə ifadə etdiyim kimi, bu gün Bakıda da bunu ifadə edirəm" - deyə R.T.Ərdoğan bəyan etdi.
Etiraf edək ki, Türkiyə və Azərbaycan tarixin müxtəlif mərhələlərində bir-birlərinə dəstək nümayiş etdirmişlər və bu proses indi də davam edir. Yeni minillikdə isə ölkələrimizi nəinki tarixi köklər, adət və ənənələr, həm də dövlətlərimizin müstəqilliyi və suverenliyinin möhkəmləndirilməsi, regionumuzda sülhün və sabitliyin bərqərar edilməsi kimi ümummilli mənafelər birləşdirir. Bu iki türk dövlətinin sıx, bərabərhüquqlu və səmərəli əməkdaşlığı zamanın hökmüdür, tariximizdən irəli gələn obyektiv zərurətdir. Böyük türk xalqının maraqlarının qorunması və etibarının yüksəldilməsi uğrunda aparılan mübarizədə qardaşların bir-birinə dəstək verməsindən başqa bir iş ola bilməz. Dünya sivilizasiyasının inkişafına böyük töhfələr vermiş olan böyük türk xalqı bu vəzifənin öhdəsindən layiqincə gəlir. İki türk dövləti qoşa addımladıqca daha güclü olurlar.
Bu arada Amerika Ermənistanı və disaporu məyus edib. KİV-də "hər şeyə qadir güc" kimi təbliğ edilən erməni diasporu ABŞ-ın yardımları azaltmaq qərarından "cücəyə" döndü. Ermənilər bunun Ermənistana çox pis təsir edəcəyini dedilər. Lakin rəsmi Vaşinqton NATO-nun təlimlərindən imtina edən süni bir dövlətə münasibətini dəyişməyi lazım bilməkdədir. Bunun ardınca Rusiyanın Baş naziri Vladimir Putin keçmiş SSRİ respublikalarına yardımı dayandırdıqlarını deyib. O, Rusiyanın artıq bazar iqtisadiyyatı sisteminə keçdiyini söyləyib. Ermənistan üçün bunun nə demək olduğunu təsəvvür edə bilərik. Üstəlik, "Nabukko"dan imtina edən Orta Asiya dövlətləri üçün də uyğunsuz durum yaranıb. Onlar bazar iqtisadiyyatı qanunlarına görə, bu layihəyə qoşulmalı idilər. Ancaq Kremlin qəzəbli baxışları onları geri çəkilməyə və milyardlarla gəliri itirməyə məcbur etdi. Bunun əvəzində Rusiyanın onlara nə verə biləcəyi bəlli deyil.
Ən pis vəziyyətə düşən isə Ermənistandır. İndi onun durumuna nəzər salaq. Rusiyanın subsidiyaları kəsməsi Ermənistana veriləcək qazın qiymətinin yüksəlməsi deməkdir. Ermənistanın bunu necə ödəyəcəyi məlum deyil. Artıq onun rusa satmağa obyekti də qalmadı. Digər tərəfdən, Gürcüstandakı durum göstərir ki, Ermənistanın Rusiyanın köməyinə bel bağlaması da real görünmür. İki ölkə arasında quru sərhədi yoxdur. Qalır Azərbaycan və Türkiyə variantı. Bununla da Ermənistanı Rusiya türk dövlətlərinin ağuşuna atmış olur. Maraqlıdır ki, Amerikanın da davranışı bunu göstərir. Yardımları azaltmaqla o, Ermənistandan siyasətini bölgədə elə qurmağı tələb edir ki, qonşularla əməkdaşlıq edə bilsin. Bu da rəsmi Yerevanın istər-istəməz türk dövlətlərinin yanına gəlməsi deməkdir. Nə üçün ermənilərin ağaları belə edirlər? Onları növbəti dəfə keçi qiymətindən də ucuz satmırlar ki? Bu addımların arxasında müasir dünyanın geosiyasi-iqtisadi və siyasi tələbləri durur. Bu dəyərlər indi dünyanın mövcud olmasını şərtləndirirlər. Dünyanın mahiyyəti praqmatizm tələb edir. Ona görə də Ermənistan Güney Qafqazda pislik, aqressiya, dağıdıcılıq məkanı kimi əbədi qala bilməz. Qloballaşan dünyaya o, həmişə əngəl ola bilməz. Bunlara baxmayaraq, qarşı-qarşıya gəlmiş ABŞ və Rusiyanın bu məsələdə maraqlarının üst-üstə düşməsi düşündürücü məsələdir. Hər bir halda indi Ermənistan geosiyasi oriyentasiyası məlum olmayan və kortəbii olaraq hadisələrin təlatümlərinin təsiri altında ora-bura atılan sınıq gəmiyə bənzəyir. Onun seçim etməli olduğu barədə çoxdan yazılır, lakin indi deyəsən, manevr imkanları tam tükənib. Rusiya hökumətinin Ermənistanla bazar iqtisadiyyatı sisteminə keçməsi ilə iki ölkə arasında soyuqluğun yaranacağını düşünmək yanlışlıqdır. Ermənistan bu şərtlə Rusiya ilə dostluq etməyə məcburdur. Kreml çoxdandır ki, dostluğu pul qopartmaq kimi başa düşənlərlə yol getməyə son qoyulmalı olduğundan danışır.
Ermənistan üçün məsələnin başqa tərəfi tamamilə türk dövlətlərinin təsiri altına düşməkdən qorxmasına bağlıdır. Ermənistan türklərdən asılı olmaqdansa, Rusiyadan asılı olmağa hər zaman üstünlük verəcək. Görünür, Kremlin hesabında bu məqam az rol oynamır. Bu faktora görə Ermənistan Rusiya ilə təhlükəsizlik məsələsində strateji tərəfdaşlığı saxlayacaq. Nəticədə Rusiya faktiki olaraq heç nə itirmir, əvəzində Ermənistanı saxlayır, üstəlik Azərbaycan və Türkiyə ilə daha yüksək səviyyədə əməkdaşlıq imkanı qazanır. Deməli, Rusiya strateji aspektdə istənilən variantda udur. O, Ermənistana havayı pul xərcləməkdən azad olmaqla yanaşı, Qafqaz istiqamətində güclü tərəfdaşlar qazanır. İranla münasibətlərdə Rusiyanın mövqeyi aydın olduğundan faktiki olaraq bölgədə geosiyasi statusunu qaldırmış olur. Bu xətti Kremlin uğuru adlandırmaq olar.
Bəs ABŞ nə qazanır? Amerika Türkiyə və Azərbaycan kimi müttəfiqlərinin Qafqazda söz sahibi olmasına nail olur. Türkiyə artıq Yaxın və Orta Şərqdə aparıcı mövqeyə çıxır. Bu da dolayısı ilə ABŞ-ın maraqlarına uyğundur. Üstəlik, Türkiyə və Azərbaycanın hesabına Qafqazda Rusiya ilə maraqlarını balanslaşdıra bilir. Bundan sonrası isə gələcəyin işidir.

Digər xəbərlər