PDF Oxu

Sosial

  • 8

VI Beynəlxalq Elm Olimpiadasının açılış mərasimi keçirilib

VI Beynəlxalq Elm Olimpiadasının açılış mərasimi keçirilib
Dünən "Buta Palace"-də Gənclər və İdman Nazirliyi (GİN) tərəfindən keçirilən yeniyetmələrin VI Beynəlxalq Elm Olimpiadasının açılış mərasimi keçirilib. SİA-nın məlumatına görə, tədbirdə gənclər və idman naziri Azad Rəhimov, nazir müavini İntiqam Babayev, elmi komitənin rəhbəri Hafiz Paşayev və 49 ölkə nümayəndələri, millət vəkilləri və digər rəsmi şəxslər iştirak edir.
Mərasimdə ilk olaraq YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın olimpiadanın keçirilməsi ilə bağlı təbrik məktubu dinlənilib. Məktubda o olimpiadanın işinə uğurlar arzulayıb və bildirib ki, beynəlxalq elm olimpiyadasının Azərbaycanda keçirilməsi təsadüfi deyil. Məktubda deyilir: "2009-cu ili "Uşaq ili"nin belə bir tədbirlə yekunlaşması şərəfli bir haldır. Bu gün ölkəmizdə peşəkar kadrlar tərəfindən elm sahəsində islahatlar və layihələr uğurla həyata keçirilir. Şərq və Qərb mədəniyyətlərinin qovuşduğu bir zamanda kimya, fizika, biologiya elmələri üzrə yarışmaq məhz sizlərə qismət olub. Hər birinizə bu elm olimpiadasında uğurlar arzulayıram".
Daha sonra giriş sözü ilə çıxış edən Azad Rəhimov ilk növbədə qonaqları salamlayıb və ardınca olimpiadanın keçirilməsi ilə bağlı hazırlıq işləri barədə ətraflı məlumat verib.
Onun sözlərinə görə, Bakı şəhərində VI Beynəlxalq Elm Olimpiadasının keçirilməsi haqqında Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin xüsusi sərəncam imzalaması ölkə rəhbərliyinin bu sahəyə xüsusi diqqət verdiyini nümayiş etdirməklə yanaşı ölkəmizdə gənclərin elmə olan marağının artırılmasına, gənclərin yaradıcılıq potensialının üzə çıxarılmasına və bu istiqamətdə beynəlxalq əməkdaşlığın qurulmasına xidmət edir: "Yeniyetmələrin beynəlxalq olimpiadası 6-ci dəfə keçirilir və bunu yüksək səviyyədə təşkil olunması üçün nizamnaməyə uyğun olaraq bütün işlər ardıcıl olaraq həyata keçirilib, olimpiyadanın təşkilat və elmi komitələri yaradılıb, icra strukturu təşkil edilib. Daha sonra 60-dan artıq ölkəyə rəsmi dəvət məktubları göndərilib".
Onun sözlərinə görə, tədbirin ölkəmizdə keçirilməsi olduqca fərəhli haldır. O ümid etdiyini bildirib ki, olimpiada ayrı-ayrı ölkələrdən gəlmiş yeniyetmələr arasında dostluq körpüsünə çevrilicək: "Bu günlər ərzində siz Azərbaycanın tarixi, mədəniyyəti, mətbəxi və xalqımızın qonaqpərvərliyi ilə tanış olacaq, həyatınıza yeni məna və dəyərlər bəxş edəcəksiniz".
O sonda yeniyetmələrə intellek yarışmasında uğurlar arzulayıb.
Daha sonra Olimpiadanın Elmi Komitəsinin sədri Hafiz Paşayev çıxış edərək bütün qonaqları salamlayıb və bu cür enerjili gəncləri ölkəmizdə görməkdən məmnun olduğunu bildirib.
Onun sözlərinə görə, bu yarış çox vacib bir tədbirdir, çünki buna Prezident İlham Əliyev dəstək verib. "Xüsusilə olimpiadanın dəqiq elmlər üzrə keçirilməsi təqdirəlayiqdir, çünki hər bir elmin bünovrəsi məhz bu fənlərdən götürülür. Hər bir ölkə bu fənlərin inkişafına kömək etməlidir. Unutmayın ki, əsas məqsəd qalib gəlmək deyil, iştirak etməkdir. Ümid edirəm ki, Azərbaycan haqqında çox şey öyrənəcək və ölkənizə Azərbaycan haqqında geniş təəssüratlarla qayıdacaqsınız",- deyə H.Paşayev qeyd edib.

Digər xəbərlər