YAP Nəsimi rayon təşkilatı seçicilərlə növbəti görüş keçirdi
Dünən Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatı H.Sarabski adına Mədəniyyət Evində dekabrın 23-də keçiriləcək bələdiyyə seçkilərinin təbliğat-təşviqat kampaniyası çərçivəsində seçicilərlə görüş keçirdi.
Tədbirdə çıxış edən YAP Nəsimi rayon təşkilatının sədri, millət vəkili Məlahət İbrahimqızı bildirdi ki, bələdiyyələr ölkəmizin ictimai-siyasi, sosial-iqtisadi həyatında mühüm rol oynayan institut kimi, mühüm əhəmiyyətə malik qurumdur. Onun sözlərinə görə, bələdiyyələr ölkəmizdə həyata keçirilən sosial, iqtisadi, mədəni, humanitar tədbirlərdə fəal iştirak edərək, vətəndaşların sosial-məişət qayğılarının həllində xüsusi rol oynayırlar: "Yerli özünüidarəetmə strukturlarının ölkə həyatının müxtəlif sahələrində aktiv iştirak etməsi və fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində mühüm addımlar atılıb. Bələdiyyələrin fəaliyyətinin təkmilləşdirilməsi onların qarşıdakı illərdə qeyd olunan hədəflərə nail olmasına imkan verəcək".
M.İbrahimqızı Nəsimi rayonunun sakinlərinin həmişə seçkilərdə fəal iştirak etdiklərini xatırladaraq, onların dekabrın 23-də yerli özünüidareətmə orqanlarına keçirilən seçkilərdə də fəal olacağına inandığını və ən layiqli namizədlərə səs verəcəklərinə əmin olduğunu qeyd etdi. Bildirdi ki, seçkiyə ciddi hazırlıq, onu deməyə əsas verir ki, Nəsimi seçiciləri bu prosesdə yüksək aktivlik nümayiş etdirməklə, YAP-ın namizədlərinin seçkilərdə qələbəsini təmin etmiş olacaqlar".
Nəsimi rayon bələdiyyəsi üzvlüyünə namizəd, H.Sarabski adına Mədəniyyət Evinin direktoru Natiq Abbasov çıxış edərək, ötən 10 ildə əldə olunmuş təcrübəyə nəzər saldı. Bildirdi ki, bu təcrübə imkan verir ki, daha yüksək səviyyədə fəaliyyət göstərmək mümkün olsun. O, bələdiyyə seçkilərində ona göstərilən bu etimada layiq olmağa çalışacağını vurğuladı.
Nəsimi rayon bələdiyyəsi üzvlüyünə namizəd YAP Nəsimi rayon Gənclər Birliyinin sədri Zəfər Qurbanov çıxış edərək, dekabrın 23-də keçiriləcək bələdiyyə seçkiləri ilə əlaqədar görülmüş işlərdən danışdı. O, YAP-ın qeydə alınmış namizədlərinin seçkilərdə qələbə qazanmaq şanslarının böyük olduğunu bildirdi: "2004-cü ildə keçirilən bələdiyyə seçkilərində 60 faizdən çox yerə sahib olan YAP üzvləri dekabrın 23-də daha çox yer əldə edə biləcək. Son 5 ildə partiyamız daha da güclənib. YAP ümumxalq partiyası olduğundan, xalqın gücü ilə qələbəsini təmin edə bilib. Partiyamız ötən 17 ildə 4 prezident, 3 parlament və 2 bələdiyyə seçkilərində iştirak edərək, ən yüksək nəticələrlə qələbə qazanıb. Həmişə xalqın dəstəyinə güvənən partiyamız dekabrın 23-də növbəti dəfə bu inamı təsdiq edəcək".
Z.Qurbanov onu da bildirdi ki, Prezident İlham Əliyevin həyata keçirdiyi sosial-iqtisadi siyasət nəticəsində, respublikamızın inkişafı sürətlənib və hər bir vətəndaş bunu öz sosial həyatında hiss edir.
Tədbirdə çıxış edən seçicilər YAP-ın namizədlərinin bələdiyyə seçkilərində inamlı qələbə qazanacağına əminliklərini ifadə ediblər. Onlar əvvəlki seçkilərdə olduğu kimi, dekabrın 23-də də yüksək seçici fəallığı nümayiş etdirəcəklərini bildirdilər.