Bələdiyyə seçkiləri demokratik institutların formalaşmasına təkan verir
Dünən Yeni Azərbaycan Partiyasının Xızı rayon təşkilatı bələdiyyə seçkilərində namizədliyi qeydə alınmış partiya üzvləri ilə seçicilərin görüşü keçirildi. Xızı rayonun Yeni Yaşma və Stalçay kəndlərində, həmçinin, Şurabad qəsəbəsində keçirilən görüşdə YAP Xazı rayon təşkilatının sədri Fərrux Haqverdiyev çıxış edərək, "partiyamızın digər yerli strukturları kimi, YAP Xızı rayon təşkilatı da bələdiyyə seçkilərinə yüksək səviyyədə hazırlaşır" fikrini söylədi.
F.Haqverdiyev artıq bələdiyyə seçkiləri ilə əlaqədar rayon təşkilatının təbliğat-təşviqat kampaniyası ilə bağlı seçicilərlə görüşlər keçirdiyini vurğuladı: "Bu gün ayonun Yeni Yaşma və Stalçay kəndlərində, həmçinin, Şuraabad qəsəbəsində seçicilərlə görüşlərimiz keçirilir. Belə görüşlərimiz rayonun bütün kənd və qəsəbələrində davam etdiriləcək. Tədbirimizdə partiya fəalları, rayonun nüfuzlu şəxsləri və YAP Xızı rayon təşkilatının yaratdığı seçki qərargahının üzvləri iştirak edəcəklər".
F.Haqverdiyev bildirdi ki, partiya tərəfindən irəli sürülən namizədlərimiz seçki ərazilərinin seçiciləri ilə daha sıx əlaqə saxlamalı, onların problemlərilə maraqlanmalı və bütün işlərini düzgün qurmalıdır: "Əhali ilə keçirilən toplantılarda xalqın etimadını doğrultmaq üçün müəyyən işlər aparmalısınız ki, xalq sizə inansın. Onsuz da, biz işlərimizi bu istiqamətdə quracağıq. Amma sizin özünüz də müəyyən addımlar atmalısınız. Rayon üzrə bələdiyyələrə 88 nəfərin namizədliyi irəli sürülübdür. Partiyanın rayon təşkilatı irəli sürdüyü namizədlərin təbliğ edilməsi və qələbə qazanması üçün bütün imkanlardan istifadə edəcək. Əgər ötən 5 ilə nəzər salsaq, görərik ki, Xızı bələdiyyəsi tərəfindən şəhərimizin abadlaşdırılması istiqamətində xeyli işlər görübdür. Həyata keçirilən bu uğurlara nail olmaq üçün seçiləcək bələdiyyə üzvlərinin rayonumuzun inkişafı istiqamətində öz imkanlarından geniş şəkildə istifadə edəcəklərinə və seçicilərin, eyni zamanda, Yeni Azərbaycan Partiyasının etimadını doğruldacaqlarına tam əminik. Elə buna görə də, biz elə etməliyik ki, əhali verdiyimiz vədin nəticəsini görsün. Çünki partiyamızın Sədri, ölkə Prezidenti cənab İlham Əliyevin respublikamızda apardığı işlər bizim hər birimizi daha böyük əməllərə ruhlandırır".
Tədbirdə çıxış edən YAP-ın səlahiyyətli nümayəndəsi, millət vəkili Tahir Süleymanov yerli özünüidarə strukturunun inkişafına stimul verməyin vacibliyini və bu seçkilərdə YAP-ın namizədlərinə səs verməklə buna dəstək verəcəklərini seçicilərin diqqətinə çatdırdı: "Hər bir Azərbaycan vətəndaşı bələdiyyələrin inkişafına kömək etmək məqsədilə səsvermədə iştirak etməlidir. YAP-ın namizədləri isə layiqli və kifayət qədər nüfuzlu insanlardılar. Məhz ona görə də, mən sizi YAP-ın namizədlərinə səs verməyə çağırıram".
YAP İdarə Heyətinin üzvü, partiyanın səlahiyyətli nümayəndəsi, professor Şahlar Əsgərov çıxış edərək, bələdiyyə seçkilərinə böyük önəm verildiyini bildirdi. Bələdiyyələrin normal fəaliyyət göstərmələri üçün müvafiq qanun aktlarının qəbul olunduğunu deyən Ş.Əsgərov bu quruma yeni ruhun gətirilməsinin vacibliyini qeyd etdi: "Yeni ruh isə gəncliyin qüvvəsindən istifadə etməklə gətiriləcək".
Bələdiyyə seçkilərində qadınların da fəal iştirakını xüsusi vurğulayan Ş.Əsgərov bu faktorun cəmiyyətdə sosial ədalət prinsipləri baxımandan mühüm əhəmiyyət daşıdığını diqqətə çatdırdı: "Bələdiyyələrə məhz onun fəaliyyət göstərdiyi ərazidən üzvlərin seçilməsi Ümummilli Liderimiz Heydər Əliyev dühasının böyüklüyünün nəticəsidir. Məna isə, ondan ibarətdir ki, bələdiyyə üzvləri əhatə etdikləri ərazinin, əhalinin problemlərini, onların həlli yollarını dərindən bilsinlər".
"Səs" qəzetinin baş redaktoru və SİA-nın baş direktoru Bəhruz Quliyev çıxışında, bələdiyyələrin yaranmasından artıq 10 illik bir müddətin keçdiyini, bu illər ərzində uğurların, müəyyən nöqsanların olduğunu iştirakçıların nəzərinə çatdırdı. Bu seçkilərdə namizədliyini irəli sürmüş vətəndaşların 30-35 faizinin qadınlar və gənclər olmasını B.Quliyev sevindirici hal kimi dəyərləndirdi.
B.Quliyev Yeni Azərbaycan Partiyasının təbliğata qanunla müəyyənləşmiş gündən "Xalqa xidmət naminə" devizi altında start verdiyini xüsusi vurğuladı: "Partiyamız bu seçkilərdə qarşısına bir sıra məqsədlər də qoyub. YAP yerli özünüidarəetmədə demokratikləşmənin dərinləşməsi, bələdiyyələrin fəaliyyətinin daha keyfiyyətli təmin olunması məqsədilə hüquqi bazanın möhkəmləndirilməsi, "Regionların Sosial İqtisadi İnkişafına dair Dövlət Proqramı"nın icrasında bələdiyyələrin fəal iştirakının təmin edilməsi, yerli resursların daha səmərəli şəkildə istifadəsinin təşkili, bələdiyyə ərazilərində maddi mədəniyyət abidələrinin qorunması, turizm potensialının inkişafı, buna paralel olaraq, bölgələrdə turizmin inkişafının təmin olunması və digər mühüm məsələlərin həlli dekabrın 23-də keçiriləcək seçkilərdən sonra formalaşacaq bələdiyyələrin əsas diqqət ayırmalı olduğu başlıca vəzifələrdir".