PDF Oxu

Sosial

  • 14

Azərbaycanın ordusu Dağlıq Qarabağı işğaldan azad etməyə hazırdır

Azərbaycanın ordusu Dağlıq Qarabağı işğaldan azad etməyə hazırdır

Məlum olduğu kimi, ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyev Dağlıq Qarabağla bağlı danışıqların uzun müddətə aparılmasının əleyhinə olduğunu və işğal altında olan torpaqların azad edilməsi üçün müharibə variantı üzərində düşünməli olacağını söyləyib. Bu bəyanatı necə şərh edərdiniz? Bu məsələyə aydınlıq gətirmək üçün müsahiblərimizə
müraciət etdik.

Elşad Mirbəşiroğlu, politoloq:

- Bildiyimiz kimi, cənab Prezident İlham Əliyev dəfələrlə qeyd edib ki, biz danışıqlar prosesini sonsuzluğa qədər davam etdirə bilmərik. Əgər bu barədə heç bir nəticə əldə olunmasa, bizim hərbi potensialımız imkan verir ki, işğal altında olan torpaqlarımızı silah gücü ilə azad edək. Bu, Azərbaycanın bugünkü hərtərəfli hərtərəfli inkişafı fonunda hərbi potensialının yüksək səviyyədə tərəqqisi ilə əlaqədardır. Əlbəttə ki, bu amil Azərbaycana öz ərazilərini silah gücü ilə azad etmək imkanı verir. Bu, Azərbaycan tərəfindən haqlı bir addım olacaq. Çünki Azərbaycan işğal olmuş ərazilərini azad etməyə çalışır. Amma bu gün sözügedən danışıqlara ümid tamamilə tükənməmişdir. Bildiyimiz kimi, prezidentlərin sonuncu görüşündə də hər iki ölkənin prezidentləri xarici işlər nazirlərinə sözügedən proseslə bağlı danışıqların davam etdirilməsi tapşırığını vermişdir. Ümumiyyətlə, sizin sualınıza gəlincə, qeyd etmək istərdim ki, cənab Prezidentin bu istiqamətdə bəyanatlar verməsi tam təbiidir. Çünki Ermənistan tərəfindən biz davamlı olaraq, qeyri-konstruktiv mövqe nümayişinin şahidi oluruq. Ölkə başçısı İlham Əliyev cənabları çox haqlı olaraq, bildirib ki, bu proses sonsuzluğa qədər davam edə bilməz və Azərbaycan özünün ərazi bütövlüyünü bərpa etməlidir.

Qabil Hüseynli, politoloq:

- Ölkə Prezidenti İlham Əliyev Dağlıq Qarabağ probleminin həlli və Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi üçün ciddi səy göstərir. Dağlıq Qarabağın azad edilməsi ilə bağlı müharibə məsələsi sadə məsələ deyil. Bu, təkcə Azərbaycanın hərbi potensialının yüksəldilməsi ilə də həll edilən məsələ deyil. Bu, mürəkkəb bir qlobal siyasətin tərkib hissəsidir. Dünya böyük güclərin nəzarəti altındadır və bilavasitə, onların siyasəti həyata keçirilir. Əlbəttə, Azərbaycanın vəziyyəti üçün əlavə çətinliyi yaradan məsələlərdən biri də odur ki, ölkəmiz iri sərmayənin qoyulduğu və bu səbəbdən də, çoxşaxəli infrastrukturun yaradıldığı bir bölgədir. Bu səbəbdən də, həmin sərmayəni qoyanlar, bu infrstrukturun yaradılmasında iştirak edən xarici dövlətlər, şirkətlər, sözsüz ki, müharibə tərəfdarı olmayacaqlar. Çünki ortada böyük risq var. Amma bütün bunlara baxmayaraq, mən güman edirəm ki, Azərbaycan ordusu təkminləşdirilməlidir, orduya ayrılan hər bir vəsait qənaətlə sərf edilməlidir. Bildiyimiz kimi, ölkəmiz hərbi potensialına görə, Ermənistanı üstələyir. Amma ortada bir rus amili var. Rusiyanın hərbi bazaları var, kollektiv təhlükəsizlik şurası deyilən qondarma qurumu var və bunların regionda, hələ ki, təsiri var. Mənim fikrimcə, danışıqlar prosesi davam etdirilməlidir. Əgər sözügedən danışıqlar prosesində ədalətli bir sülh sazişinə gəlmək mümkün olmayacaqsa, onda müharibə labüd olacaq. Qaldı ki, Azərbaycan nə zaman Ermənistanla müharibə edəcək, bu, Rusiyanın regionda təsirinin azalmasından asılıdır.

Digər xəbərlər