2010-cu ilin dövlət büdcəsi təsdiq olundu
Dünən Milli Məclsidə "2010-cu ilin dövlət büdcəsi haqqında" qanun layihəsi və büdcə zərfinə daxil olan digər sənədlər təsdiq olunub. SİA-nın məlumatına görə, hökumətin yenidən parlamentə qaytardığı sənəddə müəyyən dəyişikliklər var. Xüsusən elm sahəsi və tarixi abidələrin bərpasına ayrılan xərclərə bəzi dəyişikliklər edilib. 2010-cu ilin dövlət büdcəsində neftin baza qiyməti 45 dollar səviyyəsində nəzərdə tutulub. 2010-cu il icmal büdcənin gəlirləri 11,885 milyard manat olacaq. 2009-cu ilə nisbətən gəlirlər 47,3 faiz azalacaq (10,7 milyard manat). Xərclər 12,616 milyard manat təşkil etməklə, 2009-cu illə müqayisədə 12,2 faiz azalacaq (1,761 milyard manat).
İcmal büdcəyə aid olan Naxçıvan Muxtar Respublikasının büdcəsinin gəlir və xərcləri bərabər olaraq 265,5 milyon manat nəzərdə tutulub. Bunun 13,8 faizi muxtar respublikanın öz gəlirləri, 86,2 faizi və ya 228,8 milyon manatı dövlət büdcəsindən ayrılan dotasiya hesabına formalaşacaq.
İcmal büdcənin digər tərkib hissəsi olan Sosial Müdafiə Fondunun xərcləri 1,757 milyard manat proqnozlaşdırılır (2009-cu ilə nisbətən 18,3 milyon manat və ya 1 faiz az). Xərclərin 534 milyon manatı dövlət büdcəsindən transfertlər hesabına təmin ediləcək. Dövlət Neft Fondunun büdcəsinin xərcləri isə 5,445 milyard manat nəzərdə tutulub. 2010-cu ildə icmal büdcə 731 milyon manat, Dövlət Neft Fondunun gəlirləri nəzərə alınmaqla 6,694 milyard manat və ya nəzərdə tutulan ÜDM-in 21 faizi həcmində kəsirlə proqnozlaşdırılır.
2010-cu ilin büdcə xərcləri 2009-cu illə müqayisədə 8,8% və ya 1,091 milyard azalıb. Büdcə xərclərində ən çox azalma sənaye, tikinti və faydalı qazıntılar bölməsində olub. 2010-cu ildə 3,564 milyard manat və büdcə xərclərinin 31,6%-i sənaye, tikinti və ya faydalı qazıntılara yönəldiləcək. 2009-cu illə müqayisədə bu xərclər 1,169 milyard manat və yaxud 25% azaldılıb. Sənaye, tikinti və faydalı qazıntılar bölməsinin büdcə xərclərində payı 38,3%-dən 31,6%-ə düşüb.
Ümumi dövlət xidməti xərcləri 1,042 milyard, məhkəmə hakimiyyəti, hüquq-mühafizə orqanları 0,707 milyard, müdafiə xərcləri 1,206 milyard manat proqnozlaşdırılıb. Bu xərc istiqamətləri üzrə artım müvafiq olaraq 65, 27,1 və 0,3 milyon manat olub. Əvvəlki illə müqayisədə ümumi dövlət xidməti xərcləri 6,7%, məhkəmə hakimiyyəti, hüquq-mühafizə orqanları ilə bağlı xərclər 4% artıb. Bununla da büdcə xərclərində ümumi dövlət xidməti xərclərinin payı 7,9%-dən 9,3%-ə, məhkəmə hakimiyyəti, hüquq-mühafizə orqanlarının payı 5,5%-dən 6,3%-ə, müdafiə xərclərinin payı isə 9,8%-dən 10,7%-ə qalxıb.
Təhsil xərcləri 1,277 milyard, səhiyyə xərcləri 0,479 milyard manat proqnozlaşdırılıb. Dövlət növbəti ildə 2009-cu illə müqayisədə təhsilə 76,3, səhiyyəyə isə 30,2 milyon manat az vəsait yönəldəcək. 2010-cu ildə təhsil xərcləri 5,6%, səhiyyə isə 6% azaldılıb. Təhsil və səhiyyə xərclərinin həcmi mütləq həcmcə azalsa da, ümumi büdcədə təhsilin payı 11%-dən 11,3%-ə, səhiyyənin isə 4,1%-dən 4,3%-ə artıb.
Sosial müdafiə xərcləri 57,9 milyon artırılaraq, 1,192 milyard manata çatdırılıb. Bu bölmənin büdcə xərclərində payı 9,2%-dən 10,6%-ə qaldırılıb. Sosial müdafiə və sosial təminat xərclərində artım 5% olub.
Mədəniyyət, incəsənət xərcləri 172,8 milyon (azalma 0,9 milyon AZN), mənzil və kommunal təsərrüfatı xərcləri 201,2 (azalma 9,7 milyon AZN), kənd təsərrüfatı, meşə təsərrüfatı, balıqçılıq və ovçuluq xərcləri 382,7 (azalma 26,2 milyon AZN), nəqliyyat və rabitə xərcləri 77 (azalma 2,1 milyon AZN), iqtisadi fəaliyyətlə bağlı xərclər isə 181,5 milyon (azalma 25,5 milyon AZN) manat proqnozlaşdırılıb.
Əsas bölməyə aid edilməyən xərclər 47,5 milyon artırılaraq, 780,6 milyon manata çatdırılıb. Bu xərc maddəsi üzrə artım 6,5% olub. 2010-cu ilin büdcə gəlirlərində əsas vergi mənbələri üzrə daxilolmalar azalıb. Bu azalma qlobal maliyyə böhranının ölkə iqtisadiyyatına təsiri ilə bağlıdır.
2010-cu ilin büdcə gəlirləri 10,015 milyard manat proqnozlaşdırılıb ki, bu da 2009-cu illə müqayisədə 18% və ya 2,162 milyard manat azdır.
Büdcə gəlirlərinin təxminən yarısı Neft Fondunun transfertləri hesabına formalaşacaq. Bunun üçün fonddan dövlət büdcəsinə 4,915 milyard manat yönəldiləcək ki, bu da büdcə gəlirlərinin 49,1%-i qədərdir. Gəlir mənbələri üzrə əsas azalma mənfəət vergisində olub. Belə ki, mənfəət vergisi üzrə daxilolmalar 2 dəfə azalaraq, 2009-cu ildəki 2,214 milyarddan 1,096 milyard manata düşüb. Bu vergi növünün gəlirlərin formalaşmasında xüsusi çəkisi 18,2%-dən 10,9%-ə kimi azalıb. Ekspertlər mənfəət vergisinin 2 dəfə azalmasını "Əsrin müqaviləsi" çərçivəsində xarici şirkətlərin ödədiyi mənfəət vergisindən daxilolmaların azalması ilə bağlayırlar.
Fiziki şəxslərin gəlir vergisi üzrə daxilolmalar 220 milyon manat və ya 25% azalıb. Bu vergi növü üzrə daxilolmalar 680 milyon manat olacaq. 2009-cu ildə bu vergi növü üzrə 900 milyon manat proqnozlaşdırılıb. ƏDV üzrə daxilolmalar isə 1,876 milyard manat olacaq. ƏDV üzrə azalma 419 milyon manat və ya 18,3% olub.
Hüquqi şəxslərdən əmlak vergisi 101 milyon, mədən vergisi 130 milyon, gömrük rüsumları 213,5 milyon manat proqnozlaşdırılıb. 2009-cu illə müqayisədə hüquqi şəxslərdən əmlak vergisi 34, mədən vergisi 7, gömrük rüsumları isə 89,2 milyon manat azalıb.
Bəzi vergi növləri üzrə daxilolmalar isə artıb. Belə ki, aksiz vergisi 552 milyon, sadələşdirilmiş vergi 90 milyon manat proqnozlaşdırılıb. Uyğun olaraq, aksiz vergisi 67, sadələşdirilmiş vergi isə 12 milyon manat artıb.
Gələn il müdafiə sektoruna dövlət büdcəsindən ayrılan vəsaitlərin böyük hissəsinin hərbçilərin sosial təminatının yaxşılaşdırılması, məvaciblərin artımı, eləcə də qarnizonlarda zabit və gizir heyəti üçün yaşayış binalarının tikintisinə xərclənməsi nəzərdə tutulur.
2010-cu ildə büdcədə hərbçilərin əmək haqqının artırılması və pensiyalarının verilməsi üçün əlavə olaraq 24 945 644 manat vəsait nəzərdə tutulub. Üstəlik 2009-cu ilin büdcəsində əməkhaqqının artırılması üçün nəzərdə tutulan vəsait toxunulmaz qalıb.
Qeyd edək ki, Azərbaycanın 2010-cu il üçün cəmi müdafiə xərcləri 1 205 827 744 manat təşkil edir. Bunun 1 120 991 187 manatı müdafiə qüvvələri, o cümlədən 856 586 973 manatı Müdafiə Nazirliyi, 89 306 570 manatı Dövlət Sərhəd Xidməti, 6 652 000 manatı maddi-texniki təminatın möhkəmləndirilməsi ilə bağlı xərclərə, 80 026 523 manatı Milli Təhlükəsizlik Nazirliyi, 2 425 271 manatı müdafiə və təhlükəsizlik sahəsində tətbiqi tədqiqatlar, 2 384 763 manatı isə digər kateqoriyalara aid edilməyən xərclər çərçivəsində Müdafiə Sənayesi Nazirliyinə nəzərdə tutulub.
Müdafiə xərclərindən əlavə, məhkəmə və hüquq mühafizə orqanları üçün nəzərdə tutulan xərclər çərçivəsində, silahlı qüvvələrin tərkib hissəsi sayılan Daxili Qoşunlara 62 942 886 manat, Xüsusi Dövlət Mühafizə Xidməti üçün 63 467 888 manat, Dövlət Feldyeger Xidməti üçün 2 173 431 manat vəsait ayrılması planlaşdırılır.
Beləliklə, Azərbaycanın 2010-cu il üçün dövlət büdcəsinin xərclərində azalma olsa da, müdafiə xərclərində bu baş verməyib. Əksinə, artım var. Azərbaycanın müdafiə xərcləri Ermənistanın müdafiə sektoruna yönəltdiyi vəsaitdən 4 dəfə çoxdur.