PDF Oxu

Sosial

  • 7

“Məişət zorakılığının qarşısının alınması: ictimaiyyəti məlumatlandırma və qanunvericilik təşəbbüslərinə dəstək”

“Məişət zorakılığının qarşısının alınması: ictimaiyyəti məlumatlandırma və qanunvericilik təşəbbüslərinə dəstək”
25 noyabr - Beynəlxalq Qadın Zorakılığına qarşı Mübarizə Günü münasibətilə ATƏT-in Bakı ofisi və Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Porblemləri üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə "Məişət zorakılığının qarşısının alınması: ictimaiyyəti məlumatlandırma və qanunvericilik təşəbbüslərinə dəstək" mövzusunda konfrans keçirildi. Tədbirdə Milli Məclisin deputatları, dövlət qurumları, QHT-lər və beynəlxalq təşkilatların nümayəndələri, habelə, nüfuzlu beynəlxalq ekspertlər iştirak etdi. Açılış mərasimində ATƏT-in Bakı ofisinin rəhbəri Əli Bilge Cankorel, Milli Məclisin sədr müavini Bahar Muradova, Ailə, Qadın və Uşaq Porblemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova, Milli Məclisin İnsan Hüquqları Komitəsinin sədri Rəbiyyət Aslanova konfransın məqsəd və məramı barədə iştirakçılara məlumat verdilər. Ombudsman E.Süleymanova konfrans iştirakçılarını qarşıdan gələn Qurban bayramı münasibətilə təbrik etdi, xoş arzularını bildirdi. O, müasir qloballaşan dünya ilə ayaqlaşmaq istəyən hər bir dövlətin öz əhalisinin mənafeyinə xidmət edən davamlı inkişaf strategiyalarını araşdıraraq həm cari dövr, həm də perspektiv üçün öz prioritetlərini müəyyənləşdirdiyini bildirdi. Bu zaman həm təbii sərvətlərdən, həm də insan potensialından optimal, ən səmərəli yolla istifadə olunmasının aparıcı faktor kimi üzə çıxdığı vurğulandı. Bunun isə ölkənin yurisdiksiyasında olan əhalinin bütün qruplarının maraqlarını və onların fundamental insan hüquqlarının təmin olunmasını zərurətə çevirir. Müvəkkil hələ 60 il əvvəl İnsan Hüquqları üzrə Ümumdünya Bəyannaməsini qəbul etməklə, BMT-nin ölkələri və xalqları hər bir kəsin hər hansı bir əlamətə, o cümlədən, cinsinə görə ayrı-seçkiliyə yol vermədən, əsas insan hüquqlarının təmin olunması üçün bərabərlik prinsiplərinin bərqərar olunmasına çağırdığını diqqətə çatdırdı. Daha sonralar bu prinsiplərin bir çox beynəlxalq konvensiyalarda, həmçinin, Azərbaycan Respublikasının Konstitusiyasında, milli qanunvericilikdə öz əksini tapdığını dedi. E.Süleymanova ailə zorakılığından, adətən, yalnız qadının ciddi ziyan çəkməsinin diqqəti cəlb etdiyini, halbuki bunun bir şəxsə yox, bütün ailə üzvlərinə təsir göstərdiyini, valideynlərdən birinin və ya hər ikisinin narkomaniyaya və alkoqolizmə aludə olduğu ailələrdə uşaqların daha çox əziyyət çəkdiyini söylədi. O, qadına qarşı zorakılıq problemində fərdi yanaşmanın, bu məsələnin səbəblərini araşdırmağın, aradan qaldırılması yollarını üzə çıxarmağın, yaş baxımından selektiv yanaşmanın, ana bətnində qadın cinsli dölü abortdan, habelə, ahıl qadınların övladları, gəlini, kürəkəni tərəfindən zorakılığa məruz qalmaqdan qorumağın vacibliyini, yeniyetmə qızların erkən və qeyri-rəsmi nigahlarının və erkən hamiləliyinin, cinsi zorakılığın, cinsi əlaqəyə, fahişəliyə təhrik etmənin, qız qaçırmanın yolverilməzliyinin, əxlaqsızlıq yuvalarının aradan qaldırılmasının, qadınların regionlarda fəallığının artırılmasının, habelə, onların idarəetmədə, qərar qəbuletmədə, seçkilərdə fəal iştirakının, vəzifələrə irəli çəkilməsinin, qadın sahibkarlığının genişləndirilməsinin, onlara güzəştli kreditlərin verilməsinin, qadın siyasətinə büdcə ayrılmalarının, qadın hüquqları ilə bağlı nəşrlərin hazırlanmasının, bu sahədə maarifləndirmə tədbirlərinin keçirilməsinin zəruriliyini önə çəkdi. Bütün bunların qadının asılılığının, nəticə etibarilə ona qarşı zorakılığın aradan qaldırılmasına gətirib çıxaracağını bildirdi. Məişət, ailə zorakılığının bəzən ağır nəticələr verdiyi, boşanma hallarının artdığı, davamlı zorakılığa məruz qalan qadınların özlərinə qəsd etdikləri, cinayət törədərək, həyat yoldaşlarını qətlə yetirdikləri qeyd olundu. Ombudsman zorakılığının ən ağır növlərinin müharibələr və hərbi münaqişələr dövrünə xas olduğunu, 20 ildən artıq davam edən erməni təcavüzü nəticəsində minlərlə soydaşımızın, dinc əhalinin, o cümlədən, yeniyetmə qızların və qadınların əsir və girov götürüldüyünü, işgəncələrə və zorlanmaya, məcburi hamiləliyə məruz qaldığını diqqətə çatdırdı. O, ölkəmizin doqquz milyonluq əhalisinin bir milyon nəfərinin qaçqın və məcburi köçkün həyatı yaşadığı, ailələrin dərin mənəvi və psixoloji stress keçirdiyini vurğuladı, əsir və girovluqdan qaytarılan, uzun müddət çadırlarda yaşamış qadınlara dövlət və cəmiyyət tərəfindən xüsusi diqqət yetirilməsinin zəruriliyini qeyd etdi. Bildirdi ki, hər bir ölkədə qadın və kişilərin bərabər hüquqlarını təmin etmək üçün bərabər imkanlar yaradılmalı, bunun üçün davamlı kompleks tədbirlər həyata keçirilməlidir. Belə fəaliyyətin cizgilərinin ölkə Prezidentinin müvafiq sərəncamı ilə qəbul olunmuş İnsan Hüquqlarının Müdafiəsi üzrə Milli Fəaliyyət Planının müddəalarında əks olunubdur.

Digər xəbərlər