PDF Oxu

Sosial

  • 12

Bələdiyyə seçkiləri demokratik institutların formalaşmasına təkan verəcək

Bələdiyyə seçkiləri demokratik institutların formalaşmasına təkan verəcək
Məlum olduğu kimi, dekabrın 23-də ölkəmizdə növbəti - üçüncü bələdiyyə seçkiləri keçiriləcək. Seçkilərə həmişə ciddi hazırlaşan Yeni Azərbaycan Partiyası bu kampaniyada da qələbə qazanmaq üçün bütün seçki təbliğatını həyata keçirməkdədir.
Artıq Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülən namizədlər üçün treyninqlərin keçirilməsi də yüksək səviyyədə davam edir. YAP Qusar rayon təşkilatının bələdiyyə üzvlüyünə namizədlərlə keçirilən treyninqdə çıxış edən rayon təşkilatının sədri David İbrahimxəlilov, ilk olaraq, bələdiyyə seçkilərinə hazırlıqla bağlı görülən işlərdən danışdı. O bildirdi ki, Milli Məclisdə bələdiyyələrin sayının azaldılması və birləşdirilməsi ilə bağlı qəbul olunmuş Qanunun icrası məqsədilə Qusar rayonunda da bir neçə bələdiyyələr birləşdirilib: "Dekabrın 23-də keçiriləcək seçkilər zamanı 29 bələdiyyəyə 261 nəfər namizəd irəli sürülüb. YAP Qusar rayon təşkilatı bütün yerlərə öz namizədlərini irəli sürüb. İrəli sürülən namizədlərin 53 nəfəri gənc, 55 nəfəri isə qadınlardır".
D.İbrahimxəlilov, həmçinin, onu da vurğuladı ki, YAP-ın seçkilərlə bağlı qəbul etdiyi proqram və tövsiyələrə uyğun olaraq, rayon təşkilatı namizədləri müəyyənləşdirərkən, gənclərin və qadınların da potensialından yararlanıb. Belə ki, partiyanın rayon təşkilatı tərəfindən namizədliyi irəli sürülmüş 261 nəfərin 35,8 faizini qadınlar, 31,7 faizini isə gənclər təşkil edir. Onların da 82 faizi ali təhsillidir".
Bütün namizədlərin müvafiq seçki dairələri tərəfindən qeydə alındığını söyləyən rayon təşkilatının sədri D.İbrahimxəlilovun sözlərinə görə, hazırda təbliğat və təşviqat kampaniyasına ciddi hazırlıq görülür. Qusar ictimaiyyətinin ölkənin bütün siyasi aksiyalarında və taleyüklü məsələlərdə böyük fəallıq göstərdiyini diqqətə çatdıran D.İbrahimxəlilov əmin olduğunun vurğulayaraq, bildirdi ki, əvvəlki seçkilərdə olduğu kimi, bələdiyyə seçkilərində də YAP Qusar rayon təşkilatının üzvləri və ümumiyyətlə, bütün Qusar sakinləri yüksək fəallıq nümayiş etdirəcək, dövlətçiliyimizin, inkişafın keşiyində dayandıqlarını bir daha sübuta yetirəcəklər.
Tədbirdə çıxış edən YAP-ın bələdiyyə seçkilərində səlahiyyətli nümayəndəsi, partiyanın İdarə Heyətinin üzvü, millət vəkili, professor Nizami Xudiyev keçirilən tədbirin çox əlamətdar bir zamana - YAP-ın yaradılmasının 17-ci ildönümünə təsadüf etməsini sevindirici hal kimi qiymətləndirdi. Bildirdi ki, bütün ölkə ictimaiyyətinin, o cümlədən, YAP üzvlərinin və təəssübkeşləri bu bayram gününə həmişə ciddi hazırlaşır. N.Xudiyev YAP-ın yaranmasının tarixi zərurətdən irəli gəldiyini vurğulayaraq, qeyd etdi ki, 1991-ci ildə SSRİ-nin dağılmasından sonra Azərbaycan öz müstəqilliyini elan etsə də, cəmi bir il sonra müstəqilliyimizi itirmək təhlükəsi ilə üz-üzə qaldı: "Ölkədə hakimiyyət uğrunda gedən mübarizə, həm daxildə baş verən böhran, həm də təcavüzkar Ermənistanın torpaqlarımızı işğal etməsi ölkəni iflic vəziyyətinə gətirib çıxarmışdı. Belə bir şəraitdə Azərbaycan xalqının vahid bir qüvvə kimi birləşməsinə, təşkilatlanmasına ehtiyac var idi. YAP-ın yaradılması da məhz bu amala xidmət edirdi".
N.Xudiyev onu da bildirdi ki, Yeni Azərbaycan Partiyasının, bütün seçkilərdə olduğu kimi, bu seçkilərdə də qələbəsi labüddür: "Təsadüfi deyildir ki, Yeni Azərbaycan Partiyası bu seçkilərə "Xalqa xidmət naminə" proqramı ilə gedir. Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülən hər bir partiya üzvü bu proqramın tələblərinin həyata keçirilməsinə çalışmalıdır. Bir məsələni də vurğulamaq istərdim ki, bu seçkinin digər ölkələrdə keçirilən seçkilərdən fərqli cəhəti var. Belə ki, yerli özünüidarəetmə orqanlarına namizədliyini verən şəxs əhali ilə yerlərdə görüşərək, onların problemləri ilə yaxından tanış olur. İnanırıq ki, Yeni Azərbaycan Partiyasının irəli sürdüyü namizədlər seçicilər tərəfindən dəstəklənəcək və seçilən namizədlər də əhaliyə yüksək xidmət nümayiş etdirəcək".
YAP-ın səlahiyyətli nümayəndəsi, millət vəkili Tahir Süleymanov görüşdə çıxış edərək, əvvəlki seçkilər kimi bu seçkilərin də şəffaf və demokratik şəraitdə baş tutacağını dedi: "Bu gün müasir və güclü Azərbaycan dövlətinin əsas qayəsi olan vətəndaşların hüquq və azadlıqlarının geniş aspektdə təbliği ilə bağlı yetərli addımlar atılıb. Bu istiqamətdə, Seçki Məcəlləsi ölkəmizdə daha geniş anlamda təbliğ olunmaqdadır. Məhz bunun nəticəsidir ki, ötən prezident, parlament seçkilərinin uğurla başa vuran Yeni Azərbaycan Partiyasının əldə etdiyi qələbələr qurumun ictimaiyyət arasında nüfuzunu, çoxsaylı sosial bazasının olduğunu göstərdi. Xalqın yüksək inamını və etimadını qazanan Yeni Azərbaycan Partiyasının irəli sürdüyü namizədlərin seçicilər tərəfindən dəstəklənəcəyinə inanırıq".
Görüşdə çıxış edən YAP-ın bələdiyyə seçkilərində səlahiyyətli nümayəndəsi, "Səs" qəzetinin baş redaktoru, SİA-nın baş direktoru Bəhruz Quliyev isə, ilk olaraq, partiyanın yaranmasının ildönümü münasibətilə təbriklərini çatdırdı. "YAP-ı qələbələr partiyası adlandıran" B.Quliyev qarşıdakı bələdiyyə seçkilərində də böyük qələbəyə imza atacağına əminliyini bildirdi. Bələdiyyələrin fəaliyyəti haqqında məlumat verən səlahiyyətli nümayəndə bildirdi ki, özünüidarəetmə orqanları bir struktur kimi Azərbaycanda 1999-cu ildə yaradılıb. Ötən müddət ərzində, onların fəaliyyətinin hüquqi tənzimlənməsi üçün qəbul olunmuş qərarlar və qanunlar, eyni zamanda, əldə olunmuş təcrübə, yerli özünüidarə orqanlarının fəaliyyətinin daha effektiv şəkildə qurulmasına şərait yaradıb.
"Bələdiyyələrin əsas vəzifəsinin vətəndaşlara xidmət etmək" olduğunu söyləyən B.Quliyev məhz bu səbəbdən də, sosial problemlərin həllində onların üzərinə böyük məsuliyyətin düşdüyünü vurğuladı. YAP-ın bələdiyyə seçkilərinə "Xalqa xidmət naminə" şüarı ilə getdiyini söyləyən səlahiyyətli nümayəndə bildirdi ki, partiyamız bu seçkilərdə yerli özünüidarəetmənin demokratikləşməsinin dərinləşməsi, bələdiyyələrin fəaliyyətinin keyfiyyətli təmin olunması məqsədilə hüquqi bazanın möhkəmləndirilməsi, "Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasında bələdiyyələrin fəal iştirakının təmin edilməsi, yerli resursların daha səmərəli şəkildə istifadəsinin təşkili, bələdiyyə ərazilərində maddi mədəniyyət abidələrinin qorunması, turizm potensialının inkişafı, bələdiyyə büdcələrinin şəffaflığının təmin olunması, yerli özünüidarə strukturlarının səlahiyyətlərinin genişləndirilməsi və digər mühüm vəzifələri qarşısına məqsəd kimi qoyub.
Görüşdə YAP Qusar rayon təşkilatının qadınlar şurasının sədri Kəmalə Qılıcova, YAP Qusar rayon təşkilatının gənclər birliyinin sədri Kamran Əmirov, rayon təşkilatının bələdiyyə üzvlüyünə irəli sürülən namizədlərdən Bünyam Zalov və Zalikə Qayıbxanova çıxış edərək, bildirdilər ki, YAP-ın seçkilərlə bağlı qəbul etdiyi proqram və tövsiyələrə uyğun olaraq, öz təbliğatlarını aparacaqlar.
Sonda YAP-ın səlahiyyətli nümayəndələri namizədlərə vətəndaşlarla təmasların qurulması və təşviqat kampaniyasının daha keyfiyyətli təşkil olunması haqqında tövsiyələrini çatdırdılar.

Digər xəbərlər