Gəncədə “Seçki prosesinə müdaxilənin yolverilməzliyi” mövzusunda sessiya keçirilib
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının, Mərkəzi Seçki Komissiyasının təşkilatçılığı və ATƏT-in Bakı ofisinin təşəbbüsü ilə Gəncədə "Seçki prosesinə müdaxilənin yolverilməzliyi" mövzusunda məlumat sessiyası keçirilib. Bölgənin 28 şəhər və rayon icra hakimiyyəti başçılarının, 40-dan artıq dairə seçki komissiyası sədrinin iştirakı ilə keçirilən sessiyanı ATƏT-in Bakı ofisinin rəhbəri Əli Bilge Cankorel açıb. O, tədbirin keçirilməsinin məqsəd və vəzifələrindən danışmış, əmin olduğunu bildirib ki, həmişə olduğu kimi, Azərbaycan bu dəfə də azad və ədalətli seçkilər keçirməklə öz beynəlxalq imicini daha da möhkəmləndirəcək. Sonra Azərbaycan Prezidenti Administrasiyası ictimai-siyasi məsələlər şöbəsi müdirinin müavini Ərəstun Mehdiyev məruzə edib. Ə.Mehdiyev demişdir ki, müstəqillik bərpa olunduqdan sonra ölkəmizdə çoxsaylı seçkilər keçirilib. İstər prezident və parlament, istərsə də bələdiyyə seçkilərində dövlətimizin başçısının siyasi iradəsi ondan ibarət olub ki, bu seçkilər qanunvericiliyə uyğun, demokratik prinsiplərə söykənərək azad, şəffaf və ədalətli keçirilsin, vətəndaşların iradəsini əks etdirsin. Azərbaycan Prezidentinin bu sahədəki tapşırıqları yerlərdə icra orqanları tərəfindən lazımi şəkildə həyata keçirilir. Lakin bu, elə bir prosesdir ki, burada müəyyən təcrübənin əldə olunmasına da ehtiyac vardır. Söz yox ki, həyat da, seçki prosesi də dinamik bir prosesdir və bu prosesdə yeniliklər ortaya çıxır. Hər günün, hər dövrün özünün tələbi olur. Bu baxımdan hər seçkidə yenidən müzakirələr aparmaq, yenidən nəyi isə araşdırmaq, öyrənmək, beynəlxalq təcrübəyə yiyələnmək, yerli təcrübədə rast gəlinən məsələləri araşdırıb, ondan nəticə çıxarmaq zərurəti yaranır. Elə buna görə də belə bir sessiyanın keçirilməsi böyük önəm daşıyır və söz yox ki, seçkiqabağı ərəfədə maarifləndirmə işinin aparılması üçün əhəmiyyətli rol oynamaqla yanaşı, bu sahədə müzakirələr aparmağa ehtiyac yaranır. İndiyədək bu sahədə irəliləyişə nail olmaq üçün beynəlxalq təşkilatlarla əməkdaşlıq edilmiş, onların təcrübəsindən bəhrələnərək ölkə daxilində keçirilən seçkilərin təhlili aparılmışdır. Elə bunun nəticəsidir ki, Azərbaycanda keçirilən bütün seçkilər beynəlxalq təşkilatlar tərəfindən müsbət qiymətləndirilib. Söz yox ki, dekabrın 23-də keçiriləcək bələdiyyə seçkiləri də öz demokratikliyi və şəffaflığı ilə yadda qalacaq. Seçkilərə hazırlıq, namizədlərin sayı onu göstərir ki, vətəndaşların bu seçkilərə böyük marağı vardır və onlar özünüidarəetmə orqanlarında təmsil olunmaq istəyirlər. Namizədlərin tərkibinə də baxanda hiss olunur ki, keyfiyyət məsələsində də dəyişiklik baş verir. Burada daha çox savadlı, yüksək intellektə malik insanların təmsil olunması üçün şərait yaradılıb. Bununla da onlar öz bacarıqlarını həmin orqanda göstərmək istəyirlər.
Məruzəçi dövlətimizin başçısı İlham Əliyevin seçki prosesi ilə bağlı dövlət orqanları qarşısında qoyduğu vəzifələrdən danışarkən qeyd edib ki, ümumiyyətlə, seçki ilə seçki orqanları məşğul olmalıdır. İcra orqanları isə dövlətin siyasətini həyata keçirməli, seçki orqanlarının öz səlahiyyətlərini yerinə yetirməsi üçün lazımi texniki-təşkilati işləri görməlidirlər ki, seçkilər vətəndaşların iradəsini ifadə etsin, bu orqanlara seçilənlər bilavasitə həmin prinsiplərə söykənərək vətəndaşların iradəsini ifadə etməklə həmin qurumlarda təmsil olunsunlar.
Sessiyada Mərkəzi Seçki Komissiyasının katibi Natiq Məmmədov çıxış edərək ölkəmizdə keçirilən bütün seçkilərdə belə tədbirlərin təşkil olunmasını müsbət hal kimi qiymətləndirib. Seçki prosesinə müdaxilələrin yolverilməzliyi barədə aparılan söhbətlər vətəndaşlar arasında razılıqla qarşılanır. Bu cür sessiyalar əvvəlki seçkilərdə də keçirilib və nəticə etibarilə müsbət hal kimi dəyərləndirilməlidir. Bunu ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları İdarəsinin hazırladığı yekun hesabatı da göstərir. Sənəddə əvvəlki seçkilərlə müqayisədə dövlət və yerli icra orqanlarının seçki prosesinə müdaxilə hallarının bir qədər azaldığı qeyd olunub. Bu da öz növbəsində belə sessiyaların səmərəsinə bariz sübutdur. MSK-nın katibi seçki prosesinə müdaxilələrin qarşısını almaq məqsədi ilə Respublika Prezidenti İlham Əliyevin imzaladığı sərəncamın əhəmiyyətindən danışıb. Onun sözlərinə görə, dünyada elə bir ölkə yoxdur ki, orada seçki prosesi ilə əlaqədar belə bir sərəncam imzalansın.
Sonra ATƏT-in Bakı ofisinin demokratikləşmə şöbəsinin müdiri Jaklin Karpenter seçki prosesinə müdaxilənin yolverilməzliyi ilə bağlı "Bu sahədə hansı beynəlxalq standartlar mövcuddur?", "Seçki komissiyalarının işinə müdaxilə nədir?", "Müdaxilə ilə hansı beynəlxalq mübarizə nümunələri mövcuddur?" və "Bir çox ölkələrdə seçkilərə müdaxilə olunması faktları" mövzularında çıxış edib.