Dünya şöhrətli alimin həyatı və elmi fəaliyyəti hamıya örnəkdir
Noyabrın 17-də YUNESKO-da "Azərbaycan günü" çərçivəsində dünya şöhrətli alim, ölkəmizdə geologiya elminin inkişafına xüsusi xidmətləri olmuş, Azərbaycan Milli Elmlər Akademiyasının ilk prezidentlərindən biri Musa Əliyevin anadan olmasının 100 illiyinə həsr edilmiş simpozium keçirilib. Baş nazirin müavini Elçin Əfəndiyev simpoziumda çıxış edərək Musa Əliyev kimi görkəmli alimin 100 illiyinin YUNESKO-da qeyd edilməsinin ölkəmiz üçün mühüm əhəmiyyət daşıdığını diqqətə çatdırıb. O, Azərbaycan elminin inkişafına xüsusi töhfə vermiş Musa Əliyevin Şərqin ən qədim şəhərlərindən biri olan, şairlər və alimlər vətəni, böyük elmi və mədəni ənənələrə malik Şamaxıda anadan olduğunu xatırladıb. Musa Əliyevi bu ənənələri dünya səviyyəsinə gətirib çıxaran alim kimi xarakterizə edən Elçin Əfəndiyev onun vətəndaş fəaliyyətinin ictimai və dövlət xadimi kimi fəaliyyəti ilə sıx vəhdət təşkil etdiyini xatırladıb, 1940-cı ildə Moskvaya dəvət edilmiş alimin həmin dövrdə yüksək vəzifə tutduğunu, sovet ordusunun yanacaqla təmin edilməsində çox böyük rolu olduğunu, müharibədən sonra Bakıya qayıdaraq Azərbaycanda sənayenin inkişafına rəhbərlik etdiyini, akademiyaya prezidentliyi dövründə Azərbaycanda elmin inkişafı naminə bütün varlığı ilə çalışdığını qeyd edib. Baş nazirin müavini Azərbaycan Prezidenti İlham Əliyevin elmə göstərdiyi böyük qayğı, Heydər Əliyev Fondunun rəhbəri, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın qurumla Azərbaycan arasında yaratdığı sıx əməkdaşlıq sayəsində görkəmli Azərbaycan aliminin ildönümünün nüfuzlu beynəlxalq təşkilatda qeyd edildiyini vurğulayıb. YUNESKO-nun baş direktorunun təbii və dəqiq elmlər üzrə müavini M.Erdelen belə bir tədbirdə iştirakın onun üçün böyük şərəf olduğunu qeyd edib, Musa Əliyevin həm görkəmli alim, həm də ictimai xadim kimi fəaliyyətini yüksək qiymətləndirib, azərbaycanlı alimin nəinki öz ölkəsində tanındığını, onun elmi əsərlərinin bütün dünyada geniş yayıldığını bildirib.
Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti Akif Əlizadə YUNESKO-da "Azərbaycan günü"nün təşkil edilməsindən hər bir azərbaycanlının böyük iftixar hissi keçirdiyini qeyd edib, akademik Musa Əliyevin yubileyinin belə bir qurumda təşkilinin ölkə rəhbərliyinin elmə göstərdiyi qayğının təzahürü olduğunu xüsusi vurğulayaraq onun gözəl insani keyfiyyətləri ilə hamıya örnək olduğunu xatırladıb. Musa Əliyev harada çalışmasından asılı olmayaraq, hər yerdə böyük təşkilatçılıq bacarığı nümayiş etdirir və gələcək nəslə də bunu öyrədirdi. Paleontologiya elminin gözəl bilicisi olan Musa Əliyev, neft sahəsinin inkişafında özünün böyük mütəxəssis olduğunu nümayiş etdirdi. 1949-cu ildə akademik Musa Əliyev ölkənin Plan Komitəsində çalışarkən yeni neft strategiyasının təməlini qoyanlarından biri idi. 60 il bundan əvvəl Xəzər dənizində salınmış nəhəng Neft daşları bu strategiyanın təzahürüdür. Bir sözlə, dünya şöhrətli alim istedadı və gərgin axtarışları ilə Azərbaycan elminin inkişafına töhfəsini verib. Azərbaycan Milli Elmlər Akademiyası Seysmologiya Mərkəzinin direktoru İkram Kərimov Musa Əliyevin Əlcəzairdəki fəaliyyətinə toxunmuş, bu ölkədə yeni neft yataqlarının axtarışında və istismarında azərbaycanlı alimin gərgin səylər göstərdiyini, 1970-ci ildə onun fəaliyyətinin Əlcəzair Prezidenti tərəfindən yüksək mükafata layiq görüldüyünü, Saxarada çalışdığı illərdə böyük etibar və hörmət qazandığını, elə buna görə də hər il Əlcəzairdə neft sənayesi ilə bağlı keçirilən beynəlxalq konfranslara dəvət aldığını bildirib. Fransanın nəhəng Total şirkətinin təmsilçisi Katrin Qrasse neft sənayesinin inkişafında xüsusi xidmətləri olmuş Musa Əliyevin ənənələrinin bu gün də yaşadığını qeyd etmiş və Total şirkətinin Azərbaycandakı fəaliyyəti barədə məlumat verib. Akademik Musa Əliyevin nəvəsi Cəmilə Paşayeva babaları - Mir Cəlal Paşayevin və Musa Əliyevin yubileylərinin YUNESKO-da qeyd edilməsindən məmnunluq hissi keçirdiyini söyləyib, buna görə Prezident İlham Əliyevə və Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri Mehriban Əliyevaya ailələri adından minnətdarlığını bildirib.
Simpoziumda akademik Musa Əliyevin həyat və yaradıcılığından bəhs edən sənədli film nümayiş etdirilib.