Demokratik cəmiyyətin ali prinsipi vətəndaş cəmiyyəti quruculuğuna nail olmaq, insan hüquq və azadlıqlarını ən yüksək formada təmin etməkdir. Demokratik dünyamızın ayrılmaz hissəsi olan Azərbaycanda bu prinsiplər demokratik qanunverici bazanın yaradılması, Prezidentin fərman və sərəncamları ilə öz əksini tapmaqdadır. Xüsusilə də, məhkəmə sistemində geniş və əhatəli təkmilləşdirmə aparılıb. Ümummilli liderimiz Heydər Əliyev daim məhkəmə sistemində təkmilləşdirmə aparılmasının xüsusi önəm daşıdığını və bunun demokratik, hüquqi dövlət quruculuğu prosesi ilə bərabər aparılmasının vacibliyini qeyd edib.
Təbii ki, məhkəmə sistemində islahatları daha keyfiyyətlə aparmaq üçün təcrübəli, peşəkar kadrların olması əsas şərtlərdəndir. Odur ki, hakim vəzifəsinə ən layiqlilərin seçilməsi üçün Azərbaycan Məhkəmə Hüquq Şurası ciddi tədbirlər həyata keçirib. Hakimlərin seçim prosesi şəffaflıqla həyata keçirilir. Bu da məhkəmə sisteminin möhkəmlənməsinə təkan verir. Söz yox ki, bu gün dövlətimizi narahat edən məsələ bəzən hakimlərin ədalətsiz qərar çıxarmasıdır. Ölkə Prezidenti cənab İlham Əliyevin məhkəmə sistemi qarşısında qoyduğu konkret vəzifə də bununla bağlıdır: verilən qərarlar ədalətli olmalıdır. Verilən ədalətsiz qərar insanların həyatına pis təsir edir. Əgər qəbul edilmiş qərar ədalətsizdirsə, insanlar çox böyük əziyyət çəkirlər... Biz buna yol verməməliyik... Hər bir cinayətin öz cəzası olmalıdır. Bununla bərabər, günahsız insanlar heç vaxt ədalətsiz qərarların qurbanı olmamalıdır. Bu, məhkəmə sisteminin əsas prinsipidir və əminəm ki, Azərbaycanda bu sahədə aparılan işlər və görülən tədbirlər qısa müddət ərzində öz nəticələrini verəcəkdir.
Təəssüf doğuran hal ondan ibarətdir ki, dövlətimizin məhkəmə sisteminin təkmilləşdirilməsinə xüsusi önəm verməsinə baxmayaraq, çatışmazlıqlar, problemlər tam həll edilməmiş qalır. Bu hal, xüsusilə də, hakimlərin təsadüfən məhkəmələrə seçilmələrində özünü göstərir. Düzdür, bu cür təsadüf hakimlərin sayı az olsa da, hər halda, mövcuddur. Belələrindən biri də Gədəbəy rayon məhkəməsinin hakimi Hüseyn Hüseynovdur. Bu üzdəniraq hakim barəsində dəfələrlə redaksiyamıza Gədəbəy rayon ictimaiyyəti tərəfindən şikayət məktubları ünvanlanıb. İnsanlar bu hakimin insan taleyinə biganə yanaşmasından, vətəndaşları süründürməklə onlara müəyyən mənada mənəvi əzab verməsindən şikayət ediblər. Gədəbəy şəhəri 20 Yanvar küçəsində yaşayan Əliyeva Vəfa Şükür qızı da redaksiyamıza ünvanladığı məktubunda Gədəbəy rayon məhkəməsinin hakimi H.Hüseynovun "hüquqşünas" adına xələl gətirən əməllərindən şikayət edir. Məktub müəllifi qeyd edir ki, Gədəbəy bələdiyyəsinin 10 mart 2003-cü il tarixli 05 saylı qərarı ilə fərdi yaşayış evi tikmək üçün ona Gədəbəy şəhəri 20 Yanvar küçəsindən 0,05 ha torpaq sahəsi verilmişdir: "Torpaq sahəsinin dəyərini ödəyib kassa mədaxil orderi almışıq. Həmin torpaq sahəsinə daş töküb, ev tikməyə başlamışdıq. Ancaq ev tikdiyimiz zaman polisin özbaşınalığı ilə üzləşdik. Rayonda zorakılıq əməlləri ilə ad çıxarmış GRPŞ-nin rəisi Şirzad Əsgərov başda olmaqla 20-25 nəfər polis əməkdaşı evimə basqın edib ailəmi qorxuzmağa, mənə isə hədə-qorxu gəlməyə başladı. O, bələdiyyə sədri Zirəddin Səfərovun istəyi ilə razılaşmayacağı təqdirdə, evinin tikilməsinə imkan verməyəcəyini söylədi. Doğrudan da, bir neçə dəfə evi tikməyə və bununla da, kirayədə yaşamaq problemindən qurtulmağa cəhd göstərsək də, polis rəisi Ş.Əsgərov bizə imkan vermədi".
Şikayətçi onu da qeyd edir ki, polis zorakılığı ilə bağlı mənə və ailəmə dəyən ziyanın ödənilməsi üçün Azərbaycan Respublikası MPM-nin 149-150-ci maddəsinə əsasən, Gədəbəy rayon məhkəməsinə müraciət edib. Bununla da, Azərbaycan Respublikası Konstitusiyasının 68-ci maddəsinə əsasən, GRPŞ-nin rəisi Ş.Əsgərovdan və Gədəbəy şəhər bələdiyyəsinin sədri Z.Səfərovdan mənə və ailəmə vurduqları maddi, mənəvi-psixoloji zərərə görə 10 min manat dəyərində təzminat ödənilməsi barədə qətnamə çıxarılması xahiş olunub. Ancaq sən saydığını say, gör rayonda xüsusi ad çıxarmış Gədəbəy rayon məhkəməsinin hakimi H.Hüseynov nə sayırmış. Hakim adına yaraşmayan mövqe ortaya qoyan H.Hüseynov polis rəisinin və bələdiyyə sədrinin çaldığı havanı oynamağa üstünlük verib. Vətəndaşın iddiasını rədd edərək, dövlət rüsumunun ödənilməsinə dair qəbz iddiasına əlavə olunmadığı üçün şikayət ərizəsinin iddiaçıya qaytarılması barədə qərar çıxarır.
V.Əliyevanın qara günləri məhz bundan sonra daha da gərginləşir. Polis rəisi və bələdiyyə sədri azğınlaşaraq, ailəyə təzyiqlərini bir qədər də artırırlar. Hətta vətəndaşa məxsus torpaq sahəsinin əlindən alınması üçün qondarma "sahib" də tapırlar. Polis rəisinin bələdiyyə sədrinin qondarma düzəltdiyi şəxs V.Əliyevanın torpaq sahəsini özününküləşdirməyə səy göstərib. Halbuki bu şəxs Bakı şəhərində pasport qeydiyyatındadır və qanunvericiliyə görə ərazidə yaşamayan və pasport qeydiyyatında olmayan şəxs başqasının mülkiyyətinə aid olan sahəni ala bilməz. Amma bu qanunverici tələblər polis rəisi, bələdiyyə sədri və məhkəmənin hakimi üçün yaddır. Çünki onlar üçün əsas amil pul və bunun müqabilində bir ailəni evsiz-eşiksiz qoymaqdır. Əgər belə olmasaydı, yenidən V.Əliyevaya mənəvi əzab vermək üçün əlinə fürsət düşən Gədəbəy rayon məhkəməsinin hakimi H.Hüseynov dörd aylıq məhkəmə iddiasını yubatmazdı. V.Əliyevanı və onun həyat yoldaşı Mehman Əliyevi get-gələ salmaqla, hakim andına xilaf çıxmağın onun üçün adi olduğunu nümayiş etdirməzdi.
Yenidən qayıdaq şikayət məktubunda maraq doğuran nüanslara. Şikayətçinin yazdığına görə, 2009-cu ilin avqustunda torpaq sahəsinə tanımadığı şəxsin iddia etməsinin əsassız olmasına dair məhkəməyə ərizə təqdim edib. Lakin hakim H.Hüseynov yenə də ailəni get-gələ salmaqdan bir növ zövq alıb. Nəhayət, uzun sürndürməçilikdən, get- gəldən sonra, H.Hüseynov ötən həftə ədliyyə sistemində anormal məsələ kimi qiymətləndirilən qərar çıxarıb. Yəni dörd aylıq süründürməçiliyin nəticəsiz qaldığını nümayiş etdirən qərar çıxarıb. Qərarda tərəflər məhkəməyə gəlmədiyi üçün iddia baxılmamış saxlanılıb. Halbuki V.Əliyeva və onun həyat yoldaşı M.Əliyev məhkəmənin keçirildiyi 12 noyabr tarixində saat 15-də məhkəmədə olublar. Hakim onları dindirib və qarşı tərəfin məhkəməyə gəlməməsinə baxmayaraq, qərar çıxarılacağını onların nəzərinə çatdırıb. Sonradan isə hakim hər iki tərəfin məhkəməyə gəlmədiyini iddia edib və dəfələrlə sınaqdan keçirdiyi ənənsinə sadiq qaldığını nümayiş etdirən qərar çıxarıb. Daha doğrusu, polis rəisinin və bələdiyyə sədrinin tapşırığını yerinə yetirib. Halbuki bu "hakim" başa düşmür ki, Azərbaycan Respublikasının Konstitusiysının 129-maddəsinə əsasən, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir.
P.S. Mövzu ilə bağlı araşdırmalarımız davam edir. Yazıda adları çəkilən şəxslərin də mövqeyini dərc etməyə hazırıq.