PDF Oxu

Sosial

  • 14

Naxçıvanın yaxın-uzaq mədəni tarixindən...

Naxçıvanın yaxın-uzaq mədəni tarixindən...
Yaşı 5 min il olan Gəmiqaya rəsmlərindən başlayan Azərbaycan təsviri incəsənəti əsrlər boyu incəsənət aləmində çox böyük uğurlara imza atmış, dünya miqyaslı sənətkarları ilə bu sahədə özünəməxsus yer tutmuşdur.Dini adət-ənənələrimizə görə, rəsm çəkmək yasaq olsa da, rəssamlıq qabiliyyətinə malik ustadlar öz bacarıqlarını xalq yaradıcılığında-ağacoyma, gil əşyaların hazırlanması, dəmirdöymə, misgərlik işlərində, nənələrimizin toxuduğu xalçaların naxışlarında, intibah dövründən başlayaraq xalq və aşıq dastanlarına, dahi şairlərimiz Nizami, Xaqani, Nəsimi və digərlərinin poemalarına çəkdikləri miniatür sənət əsərlərində, Şərq memarlıq məktəbinin yaradıcılarından biri Əcəmi Əbubəkr oğlu Naxçıvani, memar Əhməd ibn Əyyub Əl-Hafiz Naxçıvani və başqalarının ucaltdıqları memarlıq abidələrində yaşatmış, rəsm sənətinin inkişafı və yeni üslubların yaranmasında mühüm rol oynamışlar.
Azərbaycan təsviri incəsənətinin qədim kökə və xalq yaradıcılığı ilə sıx bağlı olması rəssamlıq məktəbinin XIX əsrin sonlarından başlayaraq geniş inkişaf mərhələsinə qədəm qoymasına və qısa müddət ərzində klassik Azərbaycan rəssamlıq məktəbinin yaranmasına səbəb olmuşdur. Bu məktəbin yaradıcısı Bəhruz Kəngərli (1892-1922) öz yaradıcılığı ilə Azərbaycan klassik rəssamlıq məktəbinin təməlini qoymuş və Üzeyir Hacıbəyovun klassik Azərbaycan musiqisi sahəsində keçirdiyi islahatlarla paralel olaraq klassik rəssamlıq məktəbinin də təməlinin möhkəmləndirilməsi və rəssamlıq sənətinin geniş yayılması üçün fədakarcasına çalışmışdır.
Bəhruz Kəngərlinin yaradıcılığı istər sənət baxımından, istərsə də tarixi baxımdan, çox maraqlı və faydalı əhəmiyyət kəsb edir. Sənət sahəsində təkcə onu qeyd etmək kifayətdir ki, Bəhruz Kəngərlinin əsərləri Azərbaycanla yanaşı (Naxçıvan, Bakı), xarici dövlətlərin incəsənət muzeylərində, rəsm qalereyalarında (Tretyakov qalereyası, Moskva Dövlət Tarix Muzeyi) və müxtəlif şəxsi kolleksiyalarda qiymətli eksponatlar kimi bu gün də nümayiş etdirilməkdədir.
Rəssamın tarixi mövzuda çəkdiyi əsərlərə gəldikdə isə, qeyd etməliyik ki, əsərlər tarixi baxımdan öz aktuallığını bu günədək qoruyub saxlamışdır. Onun XX əsrin əvvəllərindən, 1905-ci ildən başlayaraq erməni təcavüzü nəticəsində öz doğma ocaqlarından didərgin düşmüş qaçqınlara həsr etdiyi silsilə (kişi, qadın, oğlan, qız) portretləri (1912, 1918-1920), erməni vandalizmini əks etdirən Naxçıvandakı Cümə məscidinin minarəsinin topla vurulub dağıdılması (1920) və ən nəhayət, böyük tarixi həqiqətdən xəbər verən, xalqımızın qədimliyini və bir çox qədim mənbələrin Naxçıvanla bağlı olmasını əks etdirən "Nuh Peyğəmbərin qəbri"nin dəfələrlə rəsmini (1916, 1919, 1920, 1921) naturadan çəkilməsini misal göstərmək olar.
Söz yox ki, ənənələr davam edir və nəsillər bir-birini əvəz etdikcə, yeni-yeni rəssamlar Bəhruz sənətinin davamçıları bu sirli aləmə qədəm qoyur, öz yaradıcılığı, ölməz sənət əsərləri ilə Bəhruz məktəbinin davamçılarına çevrilirlər. Belə naxçıvanlı sənət adamlarından ötən əsrin əvvəllərində bu torpaqda doğulub boya-başa çatmış rəssamlardan Əyyub Hüseynov (1916), Nadir Axundov (1925), Rəcəb Rəcəbov (1923) Şəmil Mustafayev (1929) və artıq onların davamçıları hesab edilən onlarla rəssamın adını saymaq olar ki, bunların da hər birinin Azərbaycan rəssamlıq məktəbinin inkişafında öz dəsti- xətti, öz yeri var...
Haqqında söz açacağım rəssam Abuzər Qardaşbəyov 9 aprel 1941-ci ildə Naxçıvan şəhərində sadə peşə adamı, mühasib Hacı kişinin ailəsində dünyaya göz açmışdır . Balaca Abuzər 3 yaşında ikən atasını itirmiş, lakin ağır müharibə illərinə baxmayaraq, anası Tükəzban xanım övladlarını layiqincə böyüdüb boya-başa çatdırmaq, onları bir sənət sahibi etmək üçün əlindən gələni əsirgəməmişdir. Mərhum qardaşı Azərbaycan Respublikasının xalq artisti Əkbər Qardaşbəyov (1923-2001) C.Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında səhnə fəaliyyətinə başlayanda Abuzərin 1 yaşı var idi, buna baxmayaraq, Abuzər yaşa dolduqca evlərindəki yaradıcılıq mühiti ona da öz təsirini göstərirdi. Buna səbəb bəlkə də evlərindəki mühitlə yanaşı, yaxınlıqda yerləşən və o dövr məktəblilərin sevimli məkanı sayılan pionerlər evində fəaliyyət göstərən rəsm dərnəyi idi. Gözəl əl qabiliyyətinə malik olan Abuzər tez-tez bura baş çəkib məktəblilərin əl işləri ilə yaxından tanış olsa da, dərnəyə üzv olmağa tələsmirdi, çünki daxilindəki gənclik "şıltaqlığı", cəsarət, mərdlik, qüdrət onu "döyüşə" səsləyirdi. O, bu hissi yaşamaq, duymaq üçün müvəqqəti olsa da, boks idman növü ilə məşğul olmağa başlayır. Bir müddət boksla məşğul olan Abuzər idmanın bu növünün sirlərinə dərindən yiyələnməyə çalışır. Yaxın dostu onunla birgə "Dinamo" boks cəmiyyətinin üzvü olan Aydın Babayev Abuzərin, həyatda olduğu kimi, idmanda da "təmkinlə" hərəkət etdiyini indi də yaxşı xatırlayır. Texniki cəhətdən digərlərindən üstün olan Abuzər rəqibləri üçün "arzuolunmaz" döyüşçü hesab edilirdi. Onun uzun boyu, uzun qolları rəqiblərini daima gərgin vəziyyətdə saxlayırdı. Məşqçi Kamil Salayev Abuzərin çalışqanlığını digərlərinə nümunə göstərərdi. Qeyd etmək lazımdır ki, Abuzərin əməksevərliyi özünü doğrultmuş və o dəfələrlə respublika birinciliklərinin, cəmiyyətlərarası keçirilən yarışların mükafatçısı, qalibi olmuşdur.
İnsanın şirin, sevincli xatirələrindən ən çox yadda qalan məktəb illəri ilə bağlıdır. Məktəb illəri yaşlaşıb saçlara dən düşsə də, insanın xəyalında kövrək xatirələri canlandıraraq, ona həyəcanlı duyğular yaşadır. Təəssüf ki, bu illərin, sözün əsil mənasında, necə "uçub" getməsini yalnız yaşa dolduqda hiss edirsən. Abuzər də təhsil aldığı Naxçıvan şəhər 1 saylı ümümtəhsil məktəbinin 10-cu sinfində olduğunu və bir neçə aydan sonra məktəbi bitirəcəyini heç hiss etmədi. 1958-ci il idi... O məktəbi bitirib əmək fəaliyyətinə başlayır. Harada işləməsindən asılı olmayaraq Abuzər daxili mədəniyyəti, əməksevərliyi və əl qabiliyyətinə görə kollektivin sevimlisinə çevrilirdi. Onun tərtibatı ilə hazırlanan divar qəzetləri, fotostendlər, müxtəlif guşələr müəssisənin otaqlarına, foyesinə xüsusi gözəllik verirdi. Hərbi xidmətdə olduğu müddətdə də (1963-1966) Abuzər rəssamlıqla bağlı bütün işləri öz üzərinə götürmüşdür. Üç il ərzində o, bir rəssam kimi, xeyli irəliləyiş əldə edir. Bu illəri onun rəssamlıq həyatında bəlkə də dönüş ili hesab etmək olar. Təsadüfi deyil ki, hərbi xidməti başa vurub Naxçıvana qayıdan Abuzər bir sıra müəssisələrdə işləməklə yanaşı, rəssamlıqla daha ciddi məşğul olmağa başlayır. Təbiətcə qaradinməz olan Abuzər bunu bir sirr kimi saxlayırdı. Yalnız yaxın ətrafı onun sənətə olan böyük tutqusunu görür və gənc rəssama sənətini davam etdirməyi tövsiyə edirdilər. Nəhayət, 1968-ci ilin yayında dostlarının təkidi ilə Abuzər Leninqrada yola düşür. Burada o, V. İ. Muxina adına Ali Bədii Sənaye Məktəbində fəaliyyət göstərən rəssamlıq kurslarına daxil olur. Qısa müddət ərzində Abuzərin rəssamlıq qabiliyyətini və Naxçıvanla bağlı cənub hərarətli, qızmar günəşli təbiət lövhələrini, ətirli bağları əks etdirən rəsm əsərlərini (notürmort, mənzərə) görən ixtisas müəllimi Mixail Qoldin ona yubanmadan bu təhsil ilində sənədlərini V.A.Serov adına Leninqrad Rəssamlıq Məktəbinə verməyi tövsiyə edir. Abuzər israr etsə də, sonda qəbul imtahanlarında iştirak etmək üçün sənədlərini rəssamlıq məktəbinə verir. Qəbul imtahanlarında ixtisas fənindən əla qiymət alan gənc rəssam çoxdan arzusunda olduğu tərtibatçı-rəssam ixtisasını seçir. Ölkənin (keçmiş SSRİ) regionlarında aparılan yenidənqurma, abadlaşdırma işləri bu sənətin böyük gələcəyindən xəbər verirdi.
Təhsil aldığı müddətdə Abuzər Qardaşbəyov tarixi abidələr diyarı olan Leninqradda qədim və müasir şəhərsalma ənənələrini, üslulalarını diqqətlə öyrənir və bu abidələrin şəhərsalma zamanı yeni tərtibatda yerinin qorunub saxlanılmasına, çoxmərtəbəli binaların əhatəsində onların əzəmətli görünüşünün ön plana çıxmasına xüsusi diqqət yetirirdi. Bu da səbəbsiz deyildi, çünki onun vətəni Azərbaycan, doğulub boya-başa çatdığı Naxçıvan da tarixi abidələr diyarıdır. 1973-cü ildə təhsilini başa vuran rəssam qurub-yaratmaq eşqilə doğma Naxçıvana qayıdır...
Keçmişə nəzər saldıqda, istər-istəməz yaşadığımız ömrün mərhələlərə: uğurlu və uğursuz, əlamətdar və ya ağrılı-acılı günlərə ayrıldığını görürük. Bu ayrıntılar Abuzərin də həyatından yan keçməmişdir. Belə ki, ötən əsrin 70-ci və 80-ci illərinin əvvəllərini Abuzərin yaşadığı qısa ömrün ən xoşbəxt və uğurlu illəri hesab etmək olar. 10-15 il ərzində Abuzər Qardaşbəyov tələbəlikdən yaradıcılığının ən yüksək zirvəsinə çatmış, ailə qurmuş, övlad sahibi olmuşdur. Həmin illərin xronologiyası bunu yaxşı əks etdirir: 1970-ci il SSRİ Rəssamlar İttifaqının üzvü, 1973-cü il V.A.Serov adına Leninqrad Rəssamlıq Məktəbinin məzunu, Azərbaycan Rəssamlar İttifaqı VIII-IX qrultaylarının, SSRİ Rəssamlar İttifaqı VI qrultayının nümayəndəsi, hər iki qurultayda Rəssamlar İttifaqı İdarə Heyyətinin üzvü, 1976-ci ildə Azərbaycan Rəssamlar İttifaqı Naxçıvan Təşkilatının sədri seçilməsi, 1982-ci ildə ailə həyatı qurması, 1983-ci ildə ilk övladının dünyaya gəlməsini rəssamın taleyinə düşən ən xoş günlər, aylar, illər hesab etmək olar.
Abuzərin yaradıcılıq və təşkilati işlərlə zəngin olan fəaliyyəti yada düşdükcə, onun necə gərgin iş rejimində çalışdığının şahidi olursan. Rəssamın qısa müddət ərzində yaratdığı tablolar təkcə say etibarı ilə deyil, məzmun etibarı ilə düşündürən ("Cavid düşünür", "Qədim Naxçıvan", "Avtoportret"), rəng çalarlarının zənginliyi, hər rəssamın görə bilmədiyi çalarların bu əsərlərdə öz əksini tapması ("Sarı Dağlar", "Günəbaxanlar", "Yaz etüdü") və onlarla başqa əsərləri ("Təbiətlə təkbətək", "İlk qar", "Gənc əsgərin portreti," "Natürmort" və s.) bir sənət əsəri kimi görənləri heyran edirdi.
Təsadüfi deyil ki, 1985-ci ildə SSRİ Rəssamlar İttifaqı, Azərbaycan Mədəniyyət Nazirliyi və Azərbaycan Rəssamlar İttifaqı tərəfindən birgə tərtib edilib işıq üzü görən Azərbaycan Respublikasının Naxçıvan, Gəncə, Şuşa, Şəki şəhərlərində yaşayan rəssamların əsərlərindən ibarət kataloqda A.Qardaşbəyovun 24 əsəri haqda sənətsevərlərə məlumat verilir. Abuzərin bir-birinin ardınca Bakı, Moskva, Daşkənd və Rostov şəhərlərində - Polşa, Çexoslovakiya və Bolqarıstanda keçirilən beynəlxalq rəssamlıq sərgilərində iştrakı onun bu dövrdəki gərgin əməyinin, böyük yaradıcılıq uğurlarının nəticəsi kimi qiymətləndirilməlidir.
1976-cı ildə Azərbaycan Rəssamlar İttifaqı Naxçıvan Təşkilatının sədri seçilən Abuzər Qardaşbəyovun üzərinə düşən məsuliyyət xeyli artır. Əvvəllər yalnız şəxsi yaradıcılıqla məşğul olan rəssam qarşısına bir neçə il öncə yaranmış təşkilatın fəaliyyətini respublika, ümumittifaq səviyyəsinə qaldırmaq məqsədi qoyur. Abuzər müəllim daxildə bu işin öhdəsindən gələcəyinə inanırdı. Yalnız təşkilatın üzvləri ilə bu məqsədi aydınlaşdırmaq, onları işə yaxından cəlb etmək lazım idi. İşi canlandırmaq üçün Abuzər müəllim, ilk növbədə, təşkilatın sərgi salonunda rəssamların fərdi sərgilərinin təşkilini önə çəkir və bununla da, yaradıcılıq abi-havasının, sağlam rəqabətin yaranmasına nail olur. Naxçıvanda yaşayıb yaradan rəssamlarla yanaşı, uzun müddət Bakıda yaşayan və ya orada doğulub boya-başa çatmış əslən naxçıvanlı olan rəssamların fərdi sərgilərinin açılmasını da nəzərdə tutan tədbirlər planı hazırlanmış və qısa müddət ərzində həyata keçirilməyə başlanmışdır.
Naxçıvanda yaşayıb yaradan rəssamların sərgisini təşkil etmək nə qədər asan olsa da Bakıda yaşayan rəssamların sərgisinin təşkili bir o qədər də çətin idi. Onların əsərlərini yenidən toplamaq, çərçivəyə salmaq, qutulara vurub Naxçıvana gətirmək böyük zəhmət hesabına başa gəlirdi. Rəssamlardan bəziləri naxçıvanlı kimi tanınmadığından unudulmuş və siyahıya salınmamışdır. Belə rəssamlardan biri də tanınmış rəssam, respublikamızdan çox-çox uzaqlarda ad-san qazanmış Nadir Axundov idi. Azərbaycan Rəssamlar İttifaqında N.Axundovun naxçıvanlı kimi tanımadıqlarından adını siyahıya salmamışdılar. Abuzər N.Axundov haqqında məlumat topladıqdan sonra 1978-ci il oktyabrın sonu, noyabrın əvvəlində rəssamın Naxçıvanda möhtəşəm şəkildə fərdi sərgisini təşkil edir. 40 il Naxçıvanda olmayan N.Axundov Naxçıvandakı böyük dəyişikliklərə heyran qalmışdır. Onunla Y.Məmmədəliyev adına Naxçıvan Dövlət Pedaqoji İnstitutunda, Ü.Hacıbəyov adına Naxçıvan Musiqi Texnikumunda, Heyran xanım adına Naxçıvan Tibb Məktəbində keçirilən görüşlər rəssamı uşaq kimi kövrəltmişdi.
Abuzər Qardaşbəyov Naxçıvan Rəssamlar Təşkilatının sədri kimi qarşıya qoyulan məsələlərin yerinə yetirilməsinə qismən də olsa nail ola bilmişdir. Bu baxımdan görkəmli Azərbaycan rəssamları Mikayıl Abdullayev, Maral Rəhmanzadə, Elmira Şaxtaxtinski, yerli rəssamlardan Rəcəb Rəcəbov, Şəmil Mustafayev, Yuran Məmmədov, Məmmədəli İsmayılov, Sabir Qədimov və başqalarının fərdi yaradıcılıq sərgilərinin Naxçıvanda keçirilməsi uğurlu başlanğıc kimi qiymətləndirilə bilər.
Təşkilati işlərlə yanaşı, Abuzər müəllim fərdi yaradıcılıq işlərini də davam etdirir. SSRİ Rİ "Mərkəzi Təhsil-Ekspremental studiyası "Senej"-in Azərbaycan Rİ ilə birgə 1 noyabr 1976-cı ildə Bakıda, 1978-ci ildə isə Volqodonsk şəhərində "Rəssamlar şəhərə təklif edirlər" başlığı altında keçirdiyi yaradıcılıq sərgisində muxtar respublikamızı A. Qardaşbəyov təmsil edirdi. Keçmiş SSRİ-nin müxtəlif respublikalarını təmsil edən tərtibatçı-rəssamlara ayrı-ayrı şəhərlərin, regionların bədii abadlaşdırma-quruculuq layihəsini hazırlamaq tapşırılırdı. Məsələn, Bakıda rəssamlara M.A.Konikinin rəhbərliyi altında Səttarxan adına maşınqayırma zavodunu, Xətai adına istehsal ərazisini, Azadlıq meydanını, Bakı prospektlərindən birini, Dənizkənarı bulvarı, Bakı buxtasını, Volqodonsk şəhərində isə bütövlükdə şəhərin bədii layihəsini işləmək tapşırılmışdı. Qrup bu vəzifənin öhdəsindən məharətlə gəldi. Qeyd etməliyəm ki, layihənin hazırlanmasında A. Qardaşbəyovun da əməyi az olmamışdır.
Yorulmaq bilməyən rəssam daima yenilik axtarır. Onun təşkilatçılığı ilə Naxçıvan Rəssamlar Təşkilatı nəzdində SSRİ-də analoqu olmayan uşaq rəsm studiyası yaradılır. Abuzər müəllim studiyaya rəhbərlik etməyi gənc rəssam, çox erkən dünyasını dəyişmiş Mir Mehdi Seyidova tapşırır. Bu da təsadüfi deyildi, çünki o, gənc rəssamlarla işləməkdən zövq alırdı. Abuzər Qardaşbəyov təşkilatın sədri kimi ətrafına yenicə Ə.Əzimzadə adına Bakı Rəssamlıq Məktəbini bitirmiş haliyyədə Naxçıvan Muxtar Respublikasının əməkdar rəssamı Əbülfəz Axundov, Əbülfəz Cabbarov, Mir Mehdi Seyidov, Rəsul Xəlilov və başqalarını toplayaraq Naxçıvanda "Senej" qrupuna bənzər qrup yaradır. Qarşıda Naxçıvan şəhərinin bədii layihəsini hazırlamaq kimi böyük yaradıcılıq işləri dururdu. Bəlkə də bu səbəbdən idi ki, A.Qardaşbəyov Naxçıvan şəhər sovetinə memarlıq şöbəsinə rəssam kimi işə getməyə razılıq verir. Lakin qəfil infarkt və vaxtsız gələn ölüm (09. 05. 1990) çox arzularını yarımçıq qoydu...
Bu gün bir vaxtlar onun təşəbbüsü ilə uşaq rəsm studiyasında yaradıcılıqla məşğul olan yeniyetmələr, onunla çiyin-çiyinə çalışan gənc rəssamlar, həmfikirləri onun yolunu uğurla davam etdirirlər. Yaxınları, dostları, həmyaşıdları isə Abuzər Qardaşbəyovu, həmişə olduğu kimi, bu gün də sevə-sevə xatırlayırlar. 2008-ci ilin noyabr ayında Daşkəntdə "İlxom" Teatrının sərgi salonunda fərdi yaradıcılıq sərgilərinnin birində rəssamın naturadan çəkilmiş portretinin nümayiş etdirilməsi bu sevginin bariz nümunəsidir.

Digər xəbərlər