İslam dəyərlərinin uşaqlara düzgün aşılanması ilkin şərtlərdəndir
Səbail rayonu, Badamdar qəsəbəsindəki T.Məmmədov adına 239 saylı orta məktəbdə rayon icra hakimiyyətinin təşkilatçılığı ilə "Azərbaycanda qeyri-ənənəvi dinlər və təriqətlərin yayılmasının qarşısının alınması və islam dəyərlərinin uşaqlara düzgün aşılanması" mövzusunda tədbir keçirildi. Rayon icra hakimiyyətinin məsul işçilərinin, Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin, İçərişəhər "Cümə məscidi" dini icmasının Səbail rayon Gənclər və İdman İdarəsinin nümayəndələrinin və Badamdar qəsəbəsindəki 236 və 239 saylı orta məktəblərin şagirdlərinin iştirakı ilə keçirilən tədbiri 239 saylı orta məktəbin direktoru, əməkdar müəllim Sədaqət Əzimova açaraq mövzu ilə bağlı məlumat verərərək, tədbirə dəvət olunmuş qonaqları təqdim etdi.
Şagirdlər qarşısında çıxış edən İçərişəhər "Cümə məscidi" dini icmasının sədri hacı Surxay Məmmədli islami dəyərlər haqqında məlumat verərək, bu dini ən humanist din adlandırdı.
O, qeyd etdi ki, vətənə, valideynə sevgi imandandır, Vətəni sevmədən islam dinini sevmək olmaz. İslamda deyilir ki, hər bir şəxs ona bir hərf öyrədənə səcdə ilə yanaşmalıdır. Bizə tədris keçən müəllimlərimizin fədakar əməyi hər cür sitayişə layiqdir. Hacı Surxay Məmmədli müqəddəs "Qurani Kərim"də əxlaqla bağlı məsələlərə daha çox yer ayrıldığını bildirdi: "Əxlaqın başında duran ən böyük məziyyətlərdən biri elə islamın özüdür". İslam dinində gözəl və düzgün əxlaqı tərənnüm edən hadisələrdən nümunələr sadalayan natiq islamın xurafat, mövhumat dini olmadığını bildirdi, yeniyetmələrin təlim-tərbiyə işlərində islam dəyərlərinin uşaqlara düzgün aşılanması vacibliyini vurğuladı.
İslam dininin elmə əsaslandığını vurğulayan Hacı Kamran Əkbərov hələ qədimdən hər bir məscidin yanında elm ocaqlarının, mədrəsələrin olmasının vacibliyindən danışaraq, gənclərin qeyri-ənənəvi, mürtəce cərəyanla cəlb olunmasının qarşısının alınması kimi onlar arasında maarifləndirmə işlərinin aparılmasının əhəmiyyətini vurğuladı.
Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin əməkdaşı Cahangir Əlifzadə 90-cı ilin əvvəllərində ölkədəki qeyri-stabil vəziyyətdən istifadə edən qeyri-ənənəvi təriqət nümyəndələrinin müxtəlif din və cərəyanları yaymağa başladıqlarını bildirdi. Bunlar arasında vəhabilik, xaricilik, nurçuluq, süleymanlıq, nəqşibəndlik və s. islam yönümlü, həmçinin, xristian-protestant yönümlü adventizm, "Yehovanın şahidləri", müstəqil dinlər kimi fəaliyyət göstərən krişnaizm, sankretist dinlər olan vəhabilik, munçuluq, ibrahimlik vardır. C.Əlifzadə bu dinlərin mahiyyəti və zərərli xüsusiyyətləri barədə əraflı məlumat verdi.
Səbail rayon icra hakimiyyəti bşçısının birinci müavini Xalidə Bayramova orta məktəb şagirdləri arasında islam dininin düzgün aşılanmasının mühüm əhəmiyyət kəsb etdiyini, yeniyetmə və gənclərimizin qeyri-ənənəvi, radikal-mürtəce cərəyanlara cəlb olunmasının qarşısının alınması üçün izahetmə və təbliğat məsələlərinin vacibliyini qeyd etdi.
Tədbirdə çıxış edənlər mövzu ilə bağlı şagirdləri maraqlandıran çoxsaylı suallara cavab verdilər.