Məlum olduğu kimi, Prezident Yanında KİV-lərin İnkişafına Dövlət Dəstəyi Fondunun qəzetlərə ayırdığı maliyyə vəsaiti hesabına layihələrin icrasını qənaətbəxş hesab edirsinizmi? Reket jurnalistləri ilə bağlı mətbuat şurasının əsasnaməsində müəyyən dəyişikliklər edilib. Yəni bir il müdətində nöqsanlara yol verməyən jurnalist peşə və etika qaydalarına riayət edən qəzetlərin üzərindən reketçiliyin götürülməsi mümkündür. Bu məsələ nə dərəcədə effektli ola bilər? Bu məsələ ilə bağlı olaraq, qəzetlərin baş redaktorlarına müraciət etdik.
Asəf Abbasov,
"Azad Azərbaycan" qəzetinin baş redaktoru:
- Əvvəla, onu qeyd etmək istəyirəm iki, Prezident yanında Azərbaycanda Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun yaradılması mətbuatımızın daha yaxşı inkişaf etməsinə yönəlib. Bu da öz effektini qısa bir müddətdə göstərdi. Təbii ki, KİV-lərin, ilk növbədə, maliyyə vəsaitinin tapılması, onun maddi-texniki bazasının yaradılması və daha yaxşı inkişaf etməsi üçün bu istiqamətdə kömək lazım idi. Biz də "Azad Azərbaycan" qəzeti olaraq bildiyiniz kimi, bu layihədə qalib olduq və sözügedən layihədən əldə etdiyimiz vəsaiti həmin layihəyə uyğun olaraq həyata keçirdik. Mən layihəmizin həyata keçirilməsini qənaətbəxş hesab edirəm və düşünürəm ki, iki aylıq fəaliyyət dövründə biz faydalı bir iş görə bildik.
Fikrimcə, Mətbuat Şurasının əsasnaməsində dəyişiliklər olmalıdır. Bu dəyişikliklər də ondan ibarət olmalıdır ki, biz KİV-lər MŞ-yə əlavə səlahiyyət verməliyik. Onu qeyd etmək istəyirəm ki, MŞ-nin reket jurnalistikası istiqamətində apardığı fəaliyyətini mən alqışlayıram. Çünki Azərbaycanda qeyri- peşəkarlığın bünövrəsi məhz həmin reket jurnalistikasının "fəaliyyətinin" nəticəsidir. Fikrimcə, ölkəmizdə peşəkar jurnalist kifayət qədər var. Mətbuatda bəzi axsamalar var və biz özümüz Mətbuat Şurası ilə birləşərək, bu mənfi tendesiyanı aradan qaldırmalıyıq. Bu, nələrdən ibarətdir? MŞ jurnalistikaya yaraşmayan hərəkətlərlə məşğul olan bəzi üzdəniraq mətbuat vasitələrini reket qəzetlər sırasına saldı. Həmin o qəzetlər Mətbuata Yardım Fondunun ayırdığı vəsaitdən məhrum edildi. Reket jurnalistikasının tamamilə aradan qaldırılması və digər problemləri həll etməyin yolunu MŞ-nın səlahiyyətlərinin artırılmasında görürəm.
Aydın Quliyev,
"Bakı Xəbər" qəzetinin baş redaktoru:
- Sözün doğrusu, bu layihələrin icrasının nə qədər qənaətbəxş olub-olmadığı barədə ən mötəbər sözü, fikri Mətbuat Fondunun özü və bu fondun rəhbərliyi deyə bilər. Çünki mənim əlimdə əllidən artıq layihənin hər birinin icra vəziyyəti barədə dəqiq məlumatlar yoxdur. Əlbəttə, mətbuat səhifələrindəki məlumatlara əsasən, deyə bilərəm ki, ən azı bir neçə qəzet və bir neçə təşkilat bu sözügedən layihə üzrə nəzərdə tutulmuş işləri yüksək səviyyədə həyata keçirilir. Amma başqa bir çox qəzetlərin və təşkilatların fəaliyyəti barədə qəzetlərdə məlumatlara rast gəlmirəm. Ancaq ümumən deyə bilərəm ki, layihə ilə bağlı fəaliyyəti barədə qəzetlərdə məlumat verən təşkilatların və kütləvi informasiya vəsitələrinin layihə sayəsində fəaliyyəti qənaətbəxş sayıla bilər.
Bunun effekti, sözsüz ki, olacaq. Çünki ümumiyyətlə, hüquqdan da bəllidi ki, yalnız cəza verməklə hər hansı bir neqativ prosesin qabağını almaq mümkün deyil. Fikrimcə, həmişə cəza ilə stimullaşdırmaq və mükafatlandırmaq paralel gedib. Yəni bir tərəfdən cəzalandırmaq, o biri tərəfdən isə mükafatlandırmaq islah etməyin, tərbiyələndirməyin və mütərəqqi məcraya yönəltməyin hər hansı bir prosesi ən mütərəqqi yoldur. Bu nöqteyi-nəzərdən, düşünürəm ki, əgər reket elan etmək bir cəza üsuludursa, reket siyahısından çıxartmaq da bir mükafatlandırma üsuludur. Əlbəttə mən indi deyə bilmərəm ki, hansısa reket siyahısına salınmış qəzet öz fəaliyyəti ilə islah olunacaq, bizi də buna inandıracaq. Reket komissiyasının üzvüləri olaraq biz hansısa qəzetin reket siyahısından çıxarılması məsələsini müsbət həll edəcəyik, ya yox, bunu indidən demək olmaz. Amma ola bilər ki, çoxlu sayda qəzetlər islah olunsunlar və onların adının reket qəzetlər siyahısından çıxarılması üçün bizə şans və imkan yaratsınlar. Bu, mümkündür. Əlbəttə, bu addım, yəni əsasnamədə dəyişikliklər edilməsi nəticəsində reket elan olunmuş qəzetlərə özlərini reablitasiya eləmək imkanı vermək üçün müsbət bir addımdır.