“Azərbaycanda uşaqların müdafiəsi islahatı” üzrə milli konfrans bəyannamənin qəbulu ilə başa çatıb
Dünən Bakıda keçirilən Azərbaycanda Uşaq ilinə və BMT-nin Uşaq Hüquqları haqqında Konvensiyasının 20 illiyinə həsr olunmuş "Azərbaycanda uşaqların müdafiəsi islahatı" üzrə milli konfrans başa çatıb.
Azərbaycan hökuməti, Heydər Əliyev Fondu, BMT-nin Uşaq Fondunun (YUNİSEF) və "Azercell Telekom" birgə müəssisəsinin təşkilatçılığı ilə keçirilən konfransın ikinci günündə dövlət qurumlarının nümayəndələri və beynəlxalq ekspertlər müzakirələri işçi qruplarında davam etdiriblər. "Yerli uşaqların müdafiəsi mexanizminin strukturu və səlahiyyətləri" məsələsi diqqət mərkəzində olan işçi qrupunda konfransda müzakirə olunan məsələlərə bir daha nəzər salınaraq, uşaqların müdafiəsi mexanizmi ilə bağlı təkliflər səslənib, ailələrə müxtəlif xidmətlərin göstərilməsinin, uşaqların dövlət müəssisəsinə təyin edilməzdən əvvəl ailənin vəziyyətinin qiymətləndirilməsinin zəruriliyi vurğulanıb. Qeyd edilib ki, sağlamlığı məhdud uşaqların internat məktəblərinə və uşaq evlərinə verilməsi proseduru daha təkmilləşmiş metodologiya əsasında aparılmalıdır. "Dövlət uşaq müəssisələrinin transformasiyası" mövzusuna həsr olunmuş işçi qrupunun iclasında isə diqqət bu məsələ ilə məşğul olan qurumların fəaliyyətinin əlaqələndirilməsi məsələsinə yönəldilib. Burada, həmçinin Azərbaycanda uşaqların müdafiəsi islahatı üzrə milli konfransın bəyannaməsi müzakirə olunub. Qeyd edilmişdir ki, uşaqların müdafiə olunmasına yönələn səylər beynəlxalq normalara və prinsiplərə, habelə milli prioritetlərə uyğun olmalıdır. Digər işçi qruplarında "Qanunvericilikdə uşaqların müdafiəsi və sosial iş" və "Ən aztəminatlı ailələrdən olan uşaqlar üçün icma əsaslı xidmətlər" mövzuları müzakirə olunub. Bildirilib ki, Azərbaycanda uşaqların müdafiəsi ilə bağlı bir sıra tədbirlər görülür, müəyyən olunmuş 34 müavinət növündən 6-sı uşaqlara yönəlib. İndi əsas məsələ uşaqların müdafiə sisteminin yaradılmasıdır. İşçi qruplarında səslənən təkliflərin ümumiləşdirilərək Heydər Əliyev Fondu və Azərbaycan hökumətinə təqdim olunacağı qeyd edilib.
Sonra Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində işçi qruplarında aparılan müzakirələrə yekun vurulub. Komitə sədri Hicran Hüseynovanın sədrliyi ilə keçirilən iclasda işçi qruplarının rəhbərləri müzakirəyə çıxarılan 4 mövzu ətrafında irəli sürülmüş rəy və təkliflər barədə məlumat veriblər. Bildiriblər ki, işçi qruplarında aparılan müzakirələr zamanı mövzu ilə bağlı qanunvericilik bazasının təkmilləşdirilməsi, sosial xidmət sahəsi üzrə kadrların hazırlanması məqsədi ilə xüsusi kursların təşkili, dövlət müəssisələrindən başqa icma daxilində uşaqlara qayğı mərkəzlərinin yaradılması, onların işinin əlaqələndirilməsi və digər məsələlər barədə təkliflər səslənib.
Qeyd olnmuşdur ki, işçi qruplarda konfransın müzakirəsinə təqdim olunan bəyannamə layihəsinin də müzakirəsi aparılmış, ona əlavə və dəyişikliklər təklif olunmuşdur. Bu əlavə və dəyişikliklər nəzərə alınmaqla bəyannamənin qəbul edilməsi barədə qərar qəbul olunub. Bununla da konfrans işini yekunlaşdırıb.