PDF Oxu

Sosial

  • 8

Şahtaxtı gömrük idarəsinin sərhəd-keçid kompleksi istifadəyə verilib

Şahtaxtı gömrük idarəsinin sərhəd-keçid kompleksi istifadəyə verilib
Şahtaxtı Gömrük İdarəsinin yeni sərhəd-keçid kompleksinin açılışı olmuşdur. Tədbiri Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin sədri açıb. İran İslam Respublikasının Qərbi Azərbaycan Vilayəti ostandarının müavini Cəmşid Məhəmmədzadə, Azərbaycan Dövlət Sərhəd Xidmətinin rəisi, general-leytenant Elçin Quliyev, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyev mərasimdə çıxış ediblər.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov tədbirdə çıxış edərək deyib ki, bu gün Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə İranın Qərbi Azərbaycan Vilayəti arasında, bütövlükdə iki qonşu ölkənin xalqları arasında əlaqələrin daha da inkişaf etdirilməsi sahəsində çox əlamətdar hadisə baş verir.
Şahtaxtı-Poldəşt körpüsünün açılışından sonra burada ikinci mühüm obyektin - yeni sərhəd-keçid kompleksinin istifadəyə verilməsi Azərbaycan-İran əlaqələrinə layiqli töhfədir. İran və Azərbaycan qonşu dövlətlərdir. Xalqlarımızı müvəqqəti, yaxud uzunmüddətli maraqlar yox, uzun əsrlər boyu formalaşmış tarixi köklər və müştərək mədəni dəyərlər birləşdirir. Məhz bu sağlam təməl üzərində əlaqələrimizin inkişafı ümummilli lider Heydər Əliyevin tarixi xidmətidir. Onun siyasi fəaliyyətinin Naxçıvan dövründə əsası qoyulan əlaqələr 1993-cü ildən sonra daha da inkişaf edərək genişlənib. Bu gün Azərbaycan Prezidenti İlham Əliyevin səyi nəticəsində İran-Azərbaycan dostluq və əməkdaşlıq münasibətləri gündən-günə inkişaf etməkdədir. Azərbaycan rəhbərinin İrana səfəri, İran Prezidentinin Azərbaycana, o cümlədən Naxçıvan Muxtar Respublikasına səfərləri dostluq və qardaşlıq əlaqələrimizin möhkəmlənməsinə səbəb olub. Təsadüfi deyil ki, bu gün Azərbaycan və İran, eləcə də hər iki ölkənin yaxın bölgələri arasındakı əlaqələr bir nümunə səviyyəsindədir. Şahtaxtı-Poldəşt körpüsünün tikilməsi ümummilli lider Heydər Əliyevin ən böyük arzularından biri idi. O, bu məsələni ilk dəfə 1992-ci ilin mayında Naxçıvana rəsmi səfərə gəlmiş İranın Qərbi Azərbaycan Vilayətinin nümayəndə heyəti qarşısında qaldırmış, 1992-ci ilin avqustunda İrana etdiyi rəsmi səfəri zamanı imzalanan əməkdaşlıq protokolunda Şahtaxtı-Poldəşt müvəqqəti körpüsünün tikilməsi ayrıca bənd kimi öz əksini tapmışdır. Həmin protokolun icrası istiqamətində konkret tədbirlər görülmüş, 1992-ci il dekbrın 3-də Şahtaxtı-Poldəşt müvəqqəti körpüsünün açılışı olub. Körpünün açılış mərasimində çıxış edən Heydər Əliyev deyib: "Bu keçid məntəqəsinin açılması İran-Azərbaycan əlaqələrinin genişlənməsinə xidmət edir. Mən arzu edirəm ki, daimi körpünün tikintisi də tezliklə başa çatdırılsın və beləliklə, bizim əlaqələrimiz daha da möhkəmlənsin".
Azərbaycan Prezidenti İlham Əliyevin 2005-ci il yanvarın 24-də İrana rəsmi səfəri zamanı Şahtaxtı-Poldəşt körpüsünün tikintisi barədə razılıq əldə olunmuş, həmin körpü 2007-ci ildə Azərbaycan Respublikası Prezidentinin və İran İslam Respublikasının Baş nazirinin iştirakı ilə istifadəyə verilib. 2007-ci ilin avqustunda Azərbaycan Respublikası hökuməti ilə İran İslam Respublikası hökuməti arasında "Şahtaxtı və Poldəşt sərhəd-keçid məntəqələrinə beynəlxalq statusun verilməsi haqqında Memorandum" imzalanıb.
Sərhəd-keçid məntəqəsinə beynəlxalq statusun verilməsi, eyni zamanda yeni, müasir körpünün işə salınması məntəqənin buraxılış imkanlarını artırmış, nəqliyyat vasitələrinin hərəkətinə lazımi şərait yaradıb. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov, İranın Qərbi Azərbaycan Vilayəti ostandarının müavini Cəmşid Məhəmmədzadə, Azərbaycan Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyev və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev sərhəd-keçid kompleksinin açılışını bildirən lenti kəsiblər. Sonra sərhəd-keçid kompleksinə baxış keçirilmişdir.
5,7 hektar ərazini əhatə edən Şahtaxtı sərhəd-keçid kompleksinin tikintisinə 2008-ci ilin martında başlanılıb. Qısa müddətdə inzibati bina, yük xətti və köməkçi infrastrukturlardan ibarət mükəmməl bir kompleks formalaşdırılıb. Müasir tələblər səviyyəsində inşa olunmuş inzibati bina üç mərtəbədən ibarətdir. Tədbirdə Azərbaycan Respublikasının Təbrizdəki baş konsulu Ayxan Süleymanov və İran İslam Respublikasının Naxçıvandakı baş konsulu Seyyid Məhəmməd Təbatəbayi iştirak ediblər.

Digər xəbərlər