“Ermənistan iqtisadi cəhətdən çöküb”
Məlum olduğu kimi, BMT-nin açıqladığı hesabata görə, Ermənistan əhalisi aclıq və səfalət içərisində yaşayır.
Mövcud fakt Sarksiyan hakimiyyətinin səhv siyasətinin məntiqi nəticəsi hesab etmək olarmı? KİV-lərdə yayılan məlumatlara görə, Türkiyə-Ermənistan arasında imzalanan protokol Türkiyə Böyük Millət Məclisində qəbul olunarsa, sərhədlər açılarsa, bu, işğalçı ölkə prezidentinin fiziki məhvi ilə nəticələnə bilərmi? Buna sizin münasibətiniz? Bu və ya digər suallarmız ilə politoloq Cümşüd Nuriyevə müraciət etdik.
- Bu tamamilə Sarkisyan hakimiyyətinin yox, ümumiyyətlə, son 12 ildə Dağlıq Qarabağ ermənilərinin, Ermənistan hakimiyyətinin ələ keçirmiş hissəsinin yürütdüyü siyasətinin nəticəsidir. Çünki həm Köçəryan, həm də Sarkisyan Dağlıq Qarabağın işğalı fonunda hakimiyyətə gəlmiş adamlardır. Bunların hər ikisi klon şəklində ancaq özlərinin maraqlarını təmin edən məsələlərə maraq göstərir. Fikrimcə, onları nə erməni xalqı, nə də Ermənistan bir dövlət kimi maraqlandırmır. Dağlıq Qarabağ siyasətinin girovuna çevrilmiş bütün Ermənistan, əslində, bir millət kimi məhv olmaq istiqamətində hərəkət edir. Bütün bunların başında Köçəryan və Sarkisyan durur. Ter-Petroseyanın müxalifətçilik mövqeyinə keçməsi işğalçı ölkənin məhvinin qarşısını almağa xidmət edir. Çünki Ermənistan iqtisadi cəhətdən o qədər çöküb ki, artıq əhalinin nəin ki sosial rifah vəziyyətindən danışmaq istəmirlər, əslində, əhalinin aclıqdan ölməsindən qorxurlar. İşğalçı ölkənin əhalisinin 80 faizi aclıq içərisindədir. Ona görə də, BMT-nin bu açıqlamasını düzgün hesab edirəm və Sarkisyan hakimiyyəti bundan nəticə çıxarmalıdır.
Artıq Ermənistan parlamentinin üzvü olan Şahnazaryan parlamentə müraciət edərək bildirib ki, Ermənistan bağlamış hər iki protokolu ratifkasiya etsin. Bunlar vaxtı ilə Kiprdə, yunan Kiprinin, türk Kiprinin həmin referendumla bağlı irəli sürdüyü təklifləri türk Kiprinin təbul etməsinə baxmayaraq, yunan Kiprinin qəbul etməməsi təhlükəsi ilə üz-üzə gəlməsinlər deyə, ermənilər protokolun ratifkasiya olunmasını birinci qəbul etmək istəyirlər. Əgər bunu birinci ermənilər, edəcəksə, deməli Ermənistan prezidentinə hər hansı təhlükə görünmür. Əslində, Ermənistan çox gözəl bir oyun qurub, bu oyun da ondan ibarətdir ki, bir hissəsi müxalifətə keçib, guya bunlar iqtidarın əleyhinədir. Amma əslinə qalsa, bunların hamısı Ermənistan dövlətinin maraqlarına xidmət edir, yəni daha doğrusu, Daşnaksütyun partiyası və onun tərəfdarları bu yolla özlərinin gələcək partiya maraqlarını qorumaq üçün və xaricdə yaşayan erməni lobbisinin maliyyə mənbələrini itirməmək məqsədi ilə bunlar guya müxalifətçilik edirlər. Amma əslində, bu məsələdə Ermənistan kifayət qədər ciddidir. Lakin Türkiyə üçün Qarabağla bağlı müəyyən problemlər yaranacaq. Əgər Türkiyə bu protokolu ratifkasiya eləsə, Ermənistan rəsmi şəkildə Türkiyəyə olan ərazi iddiasından əl çəkmiş olacaq və eyni zamanda, saxta soyqırım iddiasından əl çəkmiş olacaq. Təbii olaraq, bu da Ermənistanın bir dövlət kimi çökməsi ilə nəticələnəcək. Əgər Türkiyə bu üç istiqamətdə işi həyata keçirə bilsə, onda Azərbaycan üçün çox böyük xidmət etmiş olacaq. Bütün bunları zaman göstərəcək.