PDF Oxu

Sosial

  • 13

Şərur rayonunda yeni sosial obyektlər istifadəyə verilib

Şərur rayonunda yeni sosial obyektlər istifadəyə verilib
Şərur rayonunun Aşağı Daşarx kəndində yeni məktəb binası, kənd mərkəzi, məişət evi, artezian quyusu, asfalt örtük salınmış Yengicə-Kərimbəyli, Yengicə-Muğanlı yolu, Alışar, Kərimbəyli və Muğanlı kəndlərində modul tipli sutəmizləyici qurğular, Qorçulu kəndində isə nasos stansiyası istifadəyə verilib.
Yeni sosial obyektlərin istifadəyə verilməsi münasibətilə təşkil olunan mərasimdə çıxış edən Şərur Rayon İcra Hakimiyyətinin başçısı İbrahim Məmmədov deyib ki, ötən il Aşağı Yaycı kəndində 224, bu il isə Tumaslı kəndində 360 şagird yerlik məktəb binaları istifadəyə verilib. 1 nömrəli Şərur şəhər orta məktəbində yenidənqurma işləri davam etdirilir. Bütün bunlar isə rayonda təhsilin inkişafına müsbət təsir göstərir. 2008-2009-cu tədris ilində Şərur rayonunun ümumtəhsil məktəblərini bitirən məzunlardan 201 nəfəri ali təhsil ocaqlarına qəbul olunub. Bu da əvvəlki tədris ili ilə müqayisədə 25 nəfər çoxdur. Məktəbin müəllimi Ruqiyyə Xəlilova çıxış edərək bildirib ki, bu məktəb tədrisin daha yüksək səviyyədə təşkil olunması imkanı yaratmaqla üzərimizə düşən məsuliyyəti daha da artırır. Ruqiyyə Xəlilova onlara göstərilən diqqət və qayğıya görə məktəbin pedaqoji kollektivi və kəndin sakinləri adından minnətdarlıq edib.
Naxçıvan MR Ali Məclisinin sədri Vasif Talıbov məktəb binasının açılışını əlamətdar hadisə kimi qiymətləndirib, 158 şagirdi, 24 müəllimi olan məktəb üçün yeni təhsil ocağının istifadəyə verilməsi münasibətilə kollektivi təbrik edərək deyib ki, həyata keçirilən tədbirlərin nəticəsi olaraq bütün sahələr inkişaf etməkdədir. Bunu bir kəndin timsalında görülən işlərdə görə bilərik. Bu gün Aşağı Daşarx kəndində məktəb binası, kənd mərkəzi, həmin mərkəzdə yerləşdirilmiş feldşer-mama məntəqəsi, kənd əhalisinin gündəlik tələbatını ödəmək üçün digər sosial obyektlər istifadəyə verilir. Bir kənd üçün bunlar mühüm işlərdir. Əhalinin, demək olar ki, bütün problemləri həll edilib. Kənd tamamilə qazlaşdırılmış, telefonlaşdırılmış və fasiləsiz elektrik enerjisi ilə təmin olunub. Torpaqlar özəlləşdirilərək kənd camaatının istifadəsinə verilib. Onlardan səmərəli istifadə etmək üçün dövlətimiz tədbirlər görür. Kənd zəhmətkeşlərinə dövlət qayğısı davam etdirilir, kreditlər verilir və göstərilən diqqət və qayğı ilbəil artırılır.
Xatırladaq ki, 2008-2009-cu dərs ilində məktəbi bitirən 8 məzundan 3-ü ali məktəblərə, 2-si isə orta ixtisas məktəblərinə qəbul olunub.
Ali Məclisin sədri əldə etdiyi nəticələrə görə məktəbin kollektivinə təşəkkürünü bildirib. Rəmzi açılışı bildirən lent kəsildikdən sonra yeni məktəb binasına baxış keçirilib. Sonra digər sosial obyektlərin də açılışı olub.

Digər xəbərlər